“Əlbəttə, tədricən doğma evlərinə qayıdan soydaşlarımızın məşğulluq probleminə fərqli, ayrı müstəvidə yanaşmaq düzgün olmaz. Dövlətimiz keçmiş məcburi köçkünləri yaşayış yerləri ilə yanaşı, işlə də təmin edəcək. Düşünürəm ki, milli iqtisadiyyatın bu hədəf üçün resursları kifayət qədərdir”. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Elnur Allahverdiyev bildirib.Onun sözlərinə görə, hazırda yaşayış yerlərinin tikintisi ilə yanaşı iş yerləri də yaradılır: “Bu proses paralel gedir. Bu tikinti-quruculuq prosesi özü ilə yeni iş yerlərinin açılışını da stimullaşdırır. Bu proses hələ bir neçə ili əhatə edəcəyindən əhalimizin bir qismi bu sferada məşğulluqla təmin olunacaq. Paralel olaraq zəngin potensialı olan Qarabağ və Şərqi Zəngəzurda istehsal sahələri, kənd təsərrüfatı, turizm obyektləri işə düşür. Bu sahələr də geniş imkanlar açır. İki mühüm məqamı qeyd etməliyik: artıq Ağdamda və Cəbrayılda azad iqtisadi zonalar fəaliyyətə başlayıb, burada rezident şirkətlər qeydiyyatdan keçib fəaliyyət göstərirlər. Cənab Prezident son müsahibəsində bir məqama toxundu, bərpa və tikinti işlərində, xüsusilə də yaşayış məkanlarının inşasında özəl sektorun aktiv fəaliyyətinin vacibliyini qeyd etdi. Yəni özəl sektor məşğulluq baxımından geniş üfüqlər deməkdir!”.Millət vəkili sonda qeyd edib ki, bu problemin tam həlli şəhər və kəndlərimizin tam bərpası tədqirində mümkün olacaq: “Ticarət, nəqliyyat, təhsil, səhiyyə və s. sferalar yaşayış məntəqələri hazır olduqca və əhali bura köçdükcə açılacaq. Bu yolla da əhalinin daha geniş kütlələri işlə təmin olunacaqlar”.
Müəllif: Rəşid Qarayev