PDF Oxu

Siyasət

  • 1 993

Son 20 il: tarix sübut edir... -TƏHLİL

Son 20 il: tarix sübut edir... -TƏHLİL

Bu, bir tarixi reallıqdır ki, son 20 il Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir. Ötən illərin hər biri hər anı ilə sübut edir ki, 2003-cü il Prezident seçkilərində Heydər Əliyev kursu davam olunmasaydı, cənab İlham Əliyev seçkilərdə qalib gəlməsəydi, xalqın taleyi zamanın ümidinə buraxılacaqdı. 1991-ci ildə sovet imperiyasından yenicə xilas olmuş və müstəqilliyini çoxsaylı şəhidi, axıdılan qanla bərpa etmiş Azərbaycanın çökmüş iqtisadiyyatı üzərində Ümummilli Liderimiz Heydər Əliyev ölkəyə 10 illik rəhbərliyi dövründə yeni bir Azərbaycan yaratsa da, dövlətçilik prinsipləri bərqərar olunsa da, ölkədə vətəndaş cəmiyyətinə, xalq-iqtidar birliyinə nail olunsa da, lakin ömür ölkənin çiçəklənməsini görməyi Ulu Öndərimizə nəsib etmədi. Bu səbəbdən də böyük şəxsiyyətin Azərbaycanda görmək istədiyi, lakin görə bilmədiyi işlər həmin siyasətlə də davam etdirilməli idi ki, təməli qoyulan vaxt düşünülmüş nəticə əldə oluna bilsin.

Ötən 20 illik tarixin səhifələrini çevirdikcə qürur hissi ilə görmək olur ki, bu illər xalqın xoş taleyi, rifah halı, ölkənin inkişafı, beynəlxalq aləmə inteqrasiyası, ən əsası isə ərazi bütövlüyümüzün bərpası naminə əldə edilən uğurlar toplusudur. Bu illər Azərbaycanın bütün sahələrdə inkişafı ilə yanaşı, Ulu Öndərin arzularının reallaşması, həm də xalqın haqq səsinin dünyaya çatdırılması illəri kimi də xarakterizə edilir. Bütün bunlara təbii ki, təməli 1993-cü ildə qoyulan və sonrakı illərdə uğurla həyata keçirən siyasətlə nail olunub.

Əgər tarix başqa istiqamətdə getsəydi...

Dövlətimizin başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə son 20 illik fəaliyyəti ilə bağlı ona ünvanlanmış sualı belə cavablandırır: Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar.

Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

Ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən...

Xalq söz yox ki, 1990-cı illərdə gördüyü Azərbaycanla 1993-2003-cü illərdəki Azərbaycanın fərqini yaxşı analiz edə bilir. Eləcə də 2003-cü ildən 2024-cü ilədək olan 20 ili əhatə edən dövrün ondan əvvəlki 10 ilin uğurlu davamı olduğunu da yaxşı görür.

Elə 2020-ci ildə İkinci Vətən müharibəsində əldə olunan tarixi Zəfər, 2023-cü ildə Xankəndidə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkə suverenliyinin bərpa olunması, 30 illik Qarabağ proleminin təməlli şəkildə həll edilməsi ötən 20 ili xarakterizə edən başlıca amillərdir.

Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibə verərkən jurnalistin Xankəndi ilə bağlı verdiyi suala cavabında da həmin vaxt keçirdiyi hisslərlə yanaşı, bu məsələlərə necə nail olunması əks olunur: Bilirsiniz, yəqin ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bu kadrları görəndə hamımız eyni hissləri keçirmişik, o cümlədən mən də. Mənim hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi, qürur və sevinc hissi əlbəttə ki. Eyni zamanda, fikirləşirdim ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik.

Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir

Məlum olduğu kimi, dövlətimizin başçısı müharibə dövründə həm Ali Baş Komandan kimi müharibəni idarə edir, həm də dünyanın müxtəlif tanınmış televiziya kanallarının jurnalistlərinin çoxsaylı suallarına, hətta bəzi qərəzli suallara aydın və obyektiv cavab verməklə iki böyük missiyanı eyni zamanda həyata keçirirdi. Bu, ön və arxa cəbhədə gücün və sözün qələbəsi idi. Və həm də xalqın gözündə əməli kimi, sözünə sadiq dövlət rəhbərinin bir daha ucalması idi.

Artıq 4-cü ildir ki, dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı verdiyi sözün də reallaşması uçun həyata keçirdiyi tədbirlərin şahidiyik. Baxmayaraq ki, Ermənistan üçtərəfli bəyanatda öhdəliyinə düşən məsələlərdən boyun qaçırır, lakin Prezident İlham Əliyevin yaxın gələcəkdə bəyanatdakı bütün müddəaları bir-bir həyata keçirməsinə heç bir şübhə yoxdur.

Yerli televiziya kanallarına müsahibəsində də verilən sualla bu məsələyə bir daha qayıdan dövlət başçısı regionda Azərbaycanın razılığı olmadan hər hansı, eləcə də Ermənistanın “sülhün kəsişməsi” layihəsinin həyata keçirilməsinin qəti şəkildə mümkün olmayacağını vurğuladı: Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil.

Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir... Ermənistan tərəfinə məsləhətim odur ki, burada manipulyasiyalarla məşğul olmasın. Onların Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən təklif etdiyi marşrut tamamilə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.

Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır

Beləliklə, ötən 20 ildə tarix də sübut etdi və etməkdədir ki, düzgün və gələcəyə hesablanmış doğru siyasət həmişə qələbə qazanır. Hələ o siyasət Ulu Öndər Heydər Əliyevi siyasətinin davamıdırsa, bunu qələbəsiz təsəvvür etmək mümkün deyil. Odur ki, cənab İlham Əliyevin gücü də bu siyasəti uğurla davam etdirməsində və Azərbaycanın həm də hər zaman haqlı tərəf olmasındadır. Bu barədə Prezident deyir: Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Onda gəlin, müstəqil ölkə olmayaq. Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur. Belə cəhdlər olub. Son vaxtlar daha yoxdur. Çünki artıq görüblər. Amma olub. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, heç vaxt qarışmamışıq. Hətta Ermənistanın daxili işlərinə də heç vaxt qarışmırdıq. Hətta işğal dövründə onların daxili proseslərinə də heç vaxt qarışmırdıq. Halbuki bizim kifayət qədər imkanlarımız var idi. Bu gün də var, bu gün də qarışmırıq. Baxın, bizim daxili işlərimizə nə qədər qarışma cəhdləri olub. Nə qədər məkrli planlar qurulub bizə qarşı. Siz bunların hamısını yaxşı xatırlayırsınız. Hələ 1990-cı illərin əvvəllərində bizə qarşı əsassız 907-ci düzəliş qəbul edilmişdi. Nəyə görə? Guya ki, biz Ermənistanı blokadada saxlayırıq. Axı, bizim torpaqlarımız işğala məruz qalıb, biz necə blokadada saxlaya bilərik? O vaxt hələ Heydər Əliyev hakimiyyətə gəlməmişdi, o vaxt Qərbin təqdir etdiyi dırnaqarası demokratik hakimiyyət Azərbaycanda var idi. Görün o vaxt anti-Azərbaycan hisslər nə qədər geniş vüsət almışdı və ondan sonra biz nə qədər belə əsassız ittihamlara məruz qalmışdıq. Tamamilə əsassız.

Gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Birmənalı sizə deyirəm. Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən. Ölümə gedirdilər, siz yaxşı bilirsiniz.

Beləliklə, ötən 20 ilin fonunda ölkədəki xalq-dövlət birliyi, hakimiyyətin xalqın arxasında olması, insan faktorunun ön planda dayanması, həyata keçirilən işlərin hər birinin insan amilinə əsaslanması və Azərbaycan vətəndaşının rifahına hesablanması, torpaqlarımızın işğaldan azad edilməsi, bununla xalqın şərəf və namusunun xilası cənab İlham Əliyevi xalqın əbədi Prezidentinə çevirdi. Gələn ay-fevralın 7-də xalq öz düzgün seçimini bir daha göstərəcək. Bunu xalqa zaman diktə edib. Son 20 ilki zaman.

Mətanət Məmmədova

Digər xəbərlər