Prezident İlham Əliyev Qalib Sərkərdə, bənzərsiz dövlət başçısı və ata vəsiyyətini yerinə yetirməyi bacaran liderdir
Mövcud faktlara və reallıqlara əsaslanaraq demək olar ki, Azərbaycan çoxəsrlik dövlətçilik tarixində heç zaman indiki qədər güclü və qüdrətli olmayıb. Torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artdı, mövqeləri bir qədər də möhkəmləndi. Üçrəngli bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanması Azərbaycanı qalib ölkə, xalqımızı isə qalib xalq kimi dillər əzbərinə, tarixdə heç zaman unudulmayacaq salnaməyə çevirirdi. Bu Qələbənin baş memarı isə heç şübhəsiz Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Məhz Prezident İlham Əliyevin apardığı müdrik siyasəti və böyük sərkərdəlik məharəti nəticəsində Qarabağın işğaldan azad edilməsi ilə tarixi zəfərə imza atıldı. Bununla da Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı.
Əsrə bərabər 20 il
Ölkəmizin 20 il ərzində keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 20 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin, "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. Fundamental layihələr, geniş miqyaslı quruculuq, abadlıq işləri işğaldan azad edilən Qarabağımızda da davam etməkdədir.
Qarabağın azadlığına gedən yol
Əldə olunan uğurlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı 2003-cü il prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirilməsi üçün Cənab İlham Əliyevin Prezident seçilməsinə səs verməklə müdrik qərar verib. Bunu Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində geniş və əhatəli şəkildə qeyd edir: "2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi".
Prezident İlham Əliyev müshibədə onu da vurğuladı ki, son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır: "Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır".
Böyük siyasi uğur
Yenilməz Sərkərdə, Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsindən sonra yaranan mövcud vəziyyət barədə qeyd edib ki, biz 10 noyabr üçtərəfli Bəyanatı imzalanandan sonra, əlbəttə ki, gələcək addımlarımızla bağlı ciddi düşünməli idik: "Çünki 10 noyabr hadisəsi də bir dövr idi və müharibə nə ilə nəticələnəcək, noyabrın 8-də mən tam deyə bilməzdim, yəni, tam əminliklə deyə bilməzdim. Əlbəttə, mən bilirdim ki, bizim Zəfərimizlə nəticələnəcək, amma necə və nə vaxt, noyabrın 8-də demək mümkün deyildi. Çünki noyabrın 8-də təbii ki, çox böyük hadisə baş verdi - Şuşa işğaldan azad edildi və faktiki olaraq separatçıların müqaviməti, belə deyək, strateji nöqteyi-nəzərdən mənasız olmuşdu. Əlbəttə, əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Biz hamımız bunu yaxşı bilirdik, çünki indi də oralara gedən, o bölgələrə gedən hər bir insan görür ki, nə dərəcədə çətin relyefdə yerləşən bir ərazidir. Ancaq əgər Ermənistan kapitulyasiya aktına imza atmasaydı biz, əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər. Ona görə 8 noyabrdan sonra - ertəsi gün bütövlükdə səhərdən axşama qədər, gecəyə qədər Rusiya Prezidenti vasitəsilə Azərbaycan, Ermənistan danışıqlarına həsr edilmişdir. Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur. Əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı. Ancaq hər halda 10 noyabrdan sonra müəyyən bir vakuum yarandı. Heç kim bilmirdi bundan sonra nə olacaq? O vaxt hələ meydanda olan Minsk qrupunun həmsədrləri də demək olar ki, özləri də bilmirdilər nə ilə məşğul olacaqlar və bəzi səfərlər də oldu. Ermənistandakı vəziyyət təbii ki, birmənalı idi. Azərbaycanda xalq sevinc içində idi. Ancaq mən bilirdim ki, bu, işin sonu deyil. Çünki bir çox tamamlanmamış məsələ var və o məsələlərə aydınlıq gətirilməlidir, ilk növbədə, ovaxtkı Laçın dəhlizi ilə bağlı olan məsələ".
Prezident onu da vurğuladı ki, müəyyən müddətdən sonra, xüsusilə görəndə ki, bu yol vasitəsilə Ermənistan Qarabağa silah-sursat, minalar göndərir, hərbi birləşmələrin rotasiyası həyata keçirilir, biz məsələ qaldırmağa başlamışdıq ki, artıq biz bu yola nəzarət etməliyik: "Əfsuslar olsun ki, o vaxt Rusiya tərəfi buna müsbət yanaşmadı. Ancaq biz yenə də öz səylərimizi davam etdirirdik, mən dəqiq deyə bilərəm ki, uzun müddət ərzində - beş dəfə Rusiya tərəfinə ən yüksək səviyyədə müraciət edilmişdir ki, gəlin, bu yola birlikdə nəzarət edək. Çünki belə çıxır ki, siz buna tam nəzarət edə bilmirsiniz, hətta yəqin yadınızdadır, orada aşkarlanmış minaların da istehsal müddəti çox böyük suallar yaratdı. 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar oraya necə gətirildi? Yəni, təbii ki, bu minalar həmin o Laçın-Xankəndi yolu vasitəsilə gətirilmişdi. Ona görə biz məsələ qaldırdıq ki, gəlin, birgə postda biz də dayanaq və nəzarəti gücləndirək, eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinə də olan tənqidi yanaşma da səngiyər. Çünki biz məsuliyyəti sizinlə bir növ bölüşdürmüş olacağıq. Ancaq əfsuslar olsun ki, buna razılıq verilmədi. Nəhayət, aprelin 23-də bizim başqa çarəmiz qalmamışdı, biz daha gözləmək fikrində deyildik. Biz bir neçə saat ərzində həmin o Həkəri çayının üzərindəki körpüdə yerləşdik. Təbii ki, buna hazırlıq aparılmışdır və bəzi səylərə baxmayaraq, oradan artıq heç yerə getmədik.Beləliklə, Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüz olmuşdu. Ancaq buna baxmayaraq, biz humanitar gediş-gəlişə də heç bir əngəl törətməmişdik. Hamımız yaxşı xatırlayırıq ki, o vaxt Qırmızı Xaç xətti ilə xəstələr təxliyə edilirdi, aparılırdı, gətirilirdi. Bir müddətdən sonra Qarabağda yaşayan ermənilər o yoldan istifadə etməyə başlamışdılar və heç bir problem onlar üçün yaradılmırdı. Sadəcə olaraq, onların maşınları yoxlanılırdı, öz maşınları ilə gedib-gəlirdilər. Azərbaycan sərhədçiləri maksimum dərəcədə diqqətli idilər və belə də tapşırıq almışdılar ki, mülki şəxslərə qarşı hər hansı bir hörmətsizlik edilməsin. Ancaq ondan sonra hərbi təxribat törədildi. Bizim postumuz atəşə tutulmuşdur və biz təbii olaraq istintaqı aparmaq üçün o yolu müvəqqəti olaraq bağladıq, amma sonra yenə də açdıq. Ondan sonrakı hadisələri siz yaxşı xatırlayırsınız, bu barədə çox danışmaq istəmirəm. Ermənistan dövlətinin tör-töküntüləri və bəzi yerli separatçılar faktiki olaraq özləri-özlərini humanitar yardımdan məhrum etmişdir. Yəni, 23 aprel hadisələri çox önəmli bir tarixdir. O vaxt və ondan sonra mən demişdim ki, 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik. Biz 23 aprelə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara nümayiş etdirmişdik ki, bu, bizim torpağımızdır, həm "Fərrux" əməliyyatı, "Sarıbaba-Qırxqız" əməliyyatı, "Qisas" əməliyyatı, bütün bunlar tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar idi. Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi. Çünki müharibədə xüsusilə bizim relyefi nəzərə alsaq, əsas məsələ təpələrin kimin əlində olmasıdır və 19-20 sentyabr əməliyyatının qısa müddət ərzində aparılmasının əsas səbəbi də məhz dediyim o vaxta qədər keçirilmiş əməliyyatlardır və təbii ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinin nəzarətdə olması. Çünki separatçılar artıq silah-sursata malik olmaq üçün bu imkanlardan da məhrum edilmişdi".
Bütün vəzifələr yerinə yetirildi
Prezident İlham Əliyev Qarabağda keçirilən aniterror əməliyyatları barədə danışarkən qeyd edib ki, antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər: "Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar. Başqa variant ola bilməzdi. Bizdə olan məlumata görə, oradakı hərbi birləşmələrdə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha tez təslim oldular. Ondan sonra, sadəcə olaraq, danışıqlar gedirdi və daha doğrusu danışıqlar yox, bizim şərtlərimizi onlar sanki müzakirə edirdilər. Ancaq biz hansı şərt qoymuşduqsa, o şərt də təmin edildi, o cümlədən separatist qurumun buraxılması və bütün digər şərtlər. Biz dedik ki, təslim olursunuzsa əməliyyatı dayandıracağıq. Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi və biz bu müraciəti dəfələrlə etmişdik. Bizdən xahiş olundu ki, əgər onlar silahları yerə qoysalar, onların təhlükəsizliyi təmin olunacaq-olunmayacaq? Təbii ki, günahı olmayan hərbçilərə qarşı biz hər hansı bir sanksiya tətbiq etmək fikrində deyilik. Halbuki separatçıların başçıları ilə bağlı bizim mövqeyimiz birmənalı idi – onların tutulması. Bəziləri artıq Laçın yolunda oradan qaçmağa cəhd edəndə, bəziləri Xankəndidə, bəzilərini də başqa yerlərdə biz tapıb tutmuşduq. Biz onların yerlərini bilirdik. Biz, ümumiyyətlə, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ tam nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik. Həm Ermənistan rəhbərliyinə, həm beynəlxalq aktorlara deyirdim ki, bir dəqiqə ərzində mən düyməyə basıb bu əməliyyatı keçirəcəyəm, heç nə də edə bilməyəcəksiniz. Açıq deyirdim onlara. Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil.Yenə də deyirəm, əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni, bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu".
İLHAM ƏLİYEV