Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faiz üzərindədir
"DOST" mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində inqilab yaradıb. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə DOST layihəsi, artıq bu sahədə də öz sözünü demiş oldu. Ötən il DOST mərkəzlərində 700 mindən çox, ümumilikdə ötən dövrdə 2 milyona yaxın vətəndaşa xidmət göstərilib və vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faiz üzərindədir
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət "bir pəncərə"dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Təbii ki, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi də qarşıya qoyulan məqsədlər sırasında yer alıb. Bu gün ölkəmizdə "ASAN xidmət" mərkəzləri kimi DOST mərkəzlərinin də sayı artır. Ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri hər bir vətəndaşda məmnunluq yaradır. Vətəndaşların böyük etibarını qazanıb.
120 MİNƏ YAXIN VƏTƏNDAŞA 159 ADDA XİDMƏT
Məlumdur ki, 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 1 saylı Bakı DOST Mərkəzinin açılışı olmuşdur. 2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub. Mərkəz gün ərzində təxminən 650-700 vətəndaş qəbul etmək potensialına malikdir. Bu prosesi 123 nəfərdən ibarət işçi heyəti və 50 nəfərədək könüllü həyata keçirir. Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xankəndi və Xocavənd rayon sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120 minə yaxın vətəndaşa 159 adda xidmət göstərilməsi nəzərdə tutulub. Buraya məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət və sosial-pedaqoji xidmətlər daxildir. Bundan əlavə, Qarabağ Regional DOST Mərkəzinin nəzdində Qarabağ Peşə Hazırlığı Mərkəzi fəaliyyət göstərir. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də "Peşəyönümü və Karyera Mərkəzi", inzibati və texniki otaqlardan ibarət olan Qarabağ Peşə hazırlığı Mərkəzində 20 nəfərə yaxın əməkdaş çalışır.
DOST MƏRKƏZLƏRİNİN SAYI ARTIQ 7-YƏ ÇATIB
Beləliklə, DOST mərkəzlərinin sayı artıq 7-yə çatıb. Hazırda DOST xidmətləri şəbəkəsinin Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı və Şuşanı da əhatə etməsi üçün layihə, təmir-tikinti işləri aparılır.
Bu il 5 yaşını qeyd edən DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. 2023-cü ildə də bir sıra beynəlxalq müsabiqələrdə qalib gələn DOST Agentliyinin təltif edildiyi mükafatların sayı artıq 20-yə çatıb. Bir çox ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər və həmin ölkələrdə Azərbaycanın DOST modelinin tətbiqi məqsədilə ölkəmizin təcrübəsinin bölüşülməsi üçün işlər aparılır.
Həmçinin Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində keçirilən "DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma" adlı beynəlxalq konfrans böyük maraqla qarşılanıb. "DOSTTALKS" layihəsi çərçivəsində "Heydər Əliyev Xatirələrdə", eləcə də bir çox tədbir və layihələr də həyata keçirilib.
"DOST Çağrı Mərkəzi" 142 tərəfindən 2023-ci ildə 1,8 milyon, ümumən ötən dövrdə 5,1 milyondan çox vətəndaş müraciəti cavablandırılıb.
Göründüyü kimi, davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilib, həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə olunub.
Fəaliyyət göstərən DOST mərkəzləri vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir.
Zümrüd BAYRAMOVA