Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Ölkəmizdə son 20 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən çox yüksək qarşılanır. Dövlət tərəfindən həyata keçirilən sosialyönlü tədbirlər nəticəsində, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbat və ehtiyacları yüksək səviyyədə ödənilib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Bu və ya digər amillər planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir.
Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir. Dövlət başçısının minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamları və s. insan amilinə ayrılan diqqətin bariz nümunəsidir. Sosial sahə istiqamətindəki sərəncamlar dövlət siyasətinin sosialyönümlülüyünü, xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyini göstərir. Hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Son 20 ildə pensiyaçıların, təqaüdçülərin, əlillərin, şəhid ailələrinin və digər sosial kateqoriyaların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olmuş oldu. Həmçinin əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib.
YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Yola saldığımız ildə sosial sahədə islahatlar və uğurlu il olaraq yadda qaldı. Ötən ilin ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı dövlətin yeni sosial paketinin işə başladığını təsdiqləmiş oldu. İmzalanan Sənəd bir daha təsdiq etmiş oldu ki, ölkədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir.
Sözügedən Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin etmiş oldu. Sərəncama əsasən, minimum əməkhaqqı 345 manata çatdırıldı və Vahid Tarif Cədvəli üzrə əməkhaqları artırıldı.
Pensiya ödənişləri ötən il 781 mln. manat və ya 16 faiz artaraq 5 mlrd. 726 mln. manat təşkil edib. Ötən il pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 467 manata çatıb. 32 min şəxsə elektron qaydada pensiya təyin olunub. 2019-cu ilin əvvəlindən başlayan elektonlaşma nəticəsində isə bu günə qədər ümumilikdə 102 min vətəndaşa proaktiv qaydada pensiya təyin olunub. Ötən il müavinət və təqaüd təminatı, ünvanlı sosial yardım proqramının icrasının da uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, həmçinin sosial ödəniş alan vətəndaşlara sosial dəstək məqsədilə ötən il "Sosial tərəfdaş" layihəsinin icrasına da başlanılıb. Cosial ödəniş alan vətəndaşlar bu layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunur. Ölkəmiz 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gəlir.
Bu gün ölkəmiz güclü iqtisadi imkanlara malik dövlətdir və Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır və qeyri-neft sektoru inkişaf edir. Ölkəmizin təşəbbüsü ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə, hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu cür sosial qərarlar davamlı xarakter alıb və bütün bunlar insanların güzəranı daha da yaxşılaşdırır. İmzalanan bu və ya digər sərəncamlar bir daha təsdiqləyir ki, Azərbaycan sosialyönümlü dövlətdir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən islahatlar davamlı olaraq reallaşır.
Aparılan islahatlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq gerçəkləşir.
BÖYÜK QAYIDIŞ PROQRAMINA UYĞUN OLARAQ 1138 NƏFƏRİN MƏŞĞULLUĞU TƏMİN EDİLİB
Bütün bunlarla yanaşı, qeyd edək ki, 2023-cü ildə 118 398 şəxs münasib işlə təmin edilib. Ötən il 17 362 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Proqramın əhatə dairəsi daha da genişləndirilərək 13 yeni zərf yaradılıb,18 zərfin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib.
Özünüməşğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla "Məşğulluğa dəstək layihəsi", "Özünüməşğulluğa dəstək", "Səyyar kofe evləri", "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması", "Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı", "Potensial ABAD-çılara dəstək" və digər layihələr icra edilib. Dövlət-özəl tərəfdaşlığı əsasında peşə hazırlığı kurslarının əhatəsi də genişləndirilib, əməkdaşlıq olunan müəssisələrin sayı 130-a çatıb. Ötən il həmçinin illik 960 nəfərin peşə kursu keçməsinə imkan verən Qarabağ Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Bununla da Peşə Hazırlığı Mərkəzlərinin sayı 4-ə çatıb. Ötən il Bakı və bölgələrdə ümumilikdə 129 əmək yarmarkası keçirilib və 1809 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 22 mindən çox vakansiya təqdim olunub. İl ərzində 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib, ikinci dəfə Peşələr Festivalı baş tutub, Naxçıvan və Azərbaycan Karyera İnkişaf Forumu və İnsan Resursları Zirvəsi keçirilib.
Əməkhaqqının birgə maliyyələşməsi proqramı çərçivəsində artıq 315 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanaraq 1198 şəxs işlə təmin olunub.
20 596 ŞƏXS AKTİV MƏŞĞULLUQ PROQRAMLARINA CƏLB EDİLİB
Böyük Qayıdış proqramına uyğun olaraq, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərə köçürülməsi nəzərdə tutulan 129,3 min nəfər şəxsin adlı siyahısı üzrə təhlillər aparılıb. Artıq köç etmiş şəxslərdən 1138 nəfərin məşğulluğu təmin edilib.
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 20 596 şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 10 354 şəxsin özünüməşğulluq proqramına cəlb edilib.
Həqiqətən də, bu sosial addımlar əhali tərəfindən böyük məmnunluqla qarşılanır. Bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Müasir, modern dövlət olaraq tanınan ölkəmiz Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi islahatları reallaşdırır, innovativ inkişafa yol açan dövlətə çevrilib. Əlbəttə ki, həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Prezident İlham Əliyev, çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir.
Zümrüd BAYRAMOVA