PREZİDENT İLHAM ƏLİYEV: «Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib»
Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Hər bir dəyərləndirmə, hadisələrə düzgün qiymət bu günün fonunda keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Məhz bu gün Qalib Sərkərdə Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Və bu gün Azərbaycanın qalib Lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır dünyada getdikcə nüfuzu artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 20 il müddətdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil, yenilikçi siyasətinin nəticəsində Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq münasibətlər sistemində qazandığı uğurların yol açdığı tarixi Zəfərimiz, məhz Qalib Liderimiz İlham Əliyevin «Dəmir Yumruq» siyasəti ilə güclü ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadətilə ərazi bütövlüyümüz bərpa oldu, haqq, ədalət qalib gəldi. Və bu gün Azərbaycana olan beynəlxalq baxış, daxildə xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı bir daha Heydər Əliyev siyasətinin alternativsizliyinin təsdiqidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev xalqa etimadın növbəti ünvanını göstərərkən İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi. Qazanılmış uğurların davamlılığını, Azərbaycanın xoşbəxt gələcəyini şərtləndirən əsas amillərdən biri kimi Prezident İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olmasını xüsusi vurğuladı. Hər birimiz sonsuz sevinc və iftixar hissi keçiririk ki, bugünkü qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin təqdimatıdır.
Elə yanvarın 10-da Prezident İlham Əliyevin üç saata yaxın davam edən yerli televiziya kanallarına müsahibəsində də Azərbaycanın beynəlxalq diplomatiyada atdığı önəmli addımlardan danışaraq bildirdi ki, qlobal tədbirlərə ev sahibliyi edilməsi ölkəmizin beynəlxalq nüfuzunu və bizim uğurlu siyasətimizi göstərir. Xüsusilə də…
SON 20 İLDƏ AZƏRBAYCANDA HƏYATA KEÇİRİLƏN MÜHÜM TƏDBİRLƏR BEYNƏLXALQ BİRLİYİN AZƏRBAYCANA İNAMININ, ETİMADININ TƏZAHÜRÜ, AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARININ QLOBAL MİQYASDA NÜFUZUNUN GÖSTƏRİCİSİDİR
Bəli, bugünkü Qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin təqdimatıdır. Son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qlobal miqyasda nüfuzunun göstəricisidir. Və bu gün Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır.
Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Belə ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki…
«AZƏRBAYCANIN YEKDİLLİKLƏ SEÇİLMƏSİ VƏ YEKDİL QƏRARLA SƏDRLİK MÜDDƏTİNİN UZADILMASI BU SİYASƏTİ İNAMLA APARMAĞA İMKAN VERDİ»
Prezident İlham Əliyev müsahibəsində onu da bildirdi ki, əlbəttə, Azərbaycanın yekdilliklə seçilməsi və yekdil qərarla sədrlik müddətinin uzadılması bu siyasəti inamla aparmağa imkan verdi, çünki biz 120 ölkədən 119-nun mandatına malik idik: «Təbii ki, əsas diqqəti ərazi bütövlüyü, suverenlik məsələsinə yönəltdik. Bu mövzu bizim üçün çox vacib idi, amma təkcə onunla kifayətlənmədik. Bütün milli nümayəndə heyətləri ilə apardığımız mütəmadi iş nəticəsində yeni platforma yarada bildik. Əlbəttə, başa düşürdük ki, funksional dinamika da lazımdır. Həmçinin bilirdik ki, təşkilata üzv ölkələrin bəziləri arasında barışmaz ziddiyyətlər mövcuddur və bu, Hərəkata təşkilat qismində transformasiya etməyə imkan vermirdi. Ona görə də platformaları yaradacaq strukturların təsis olunması yolu ilə getməyə qərar verdik. Bütün bunları dərhal etmək mümkün deyildi. Belə ki, biz Hərəkatın cəmi 10 il üzvü olduqdan sonra onun sədri seçildik».
«Bu səbəbdən bir neçə təşəbbüs irəli sürdük və onlar dəstəkləndi. Parlament, gənclər, qadın platformaları da belə yarandı»,-deyən dövlətimizin başçısı bütün bunların Hərəkata yeni nəfəs verdiyini, bir neçə sammit və nazirlər səviyyəsində tədbirlərin keçirdiyini söylədi: «Xüsusən COVID-lə üst-üstə düşdüyü zaman bizim vaksin milliyyətçiliyi ilə mübarizə sahəsində aktiv fəaliyyətimizə və Hərəkata yeni impuls verdi. Deməliyəm ki, bunlar, sadəcə, siyasi bəyanatlar deyildi, həm də əməli baxımdan Ümumdünya Səhiyyə Təşkilatı vaksinasiya aparılması üçün bizim məlumat bazamızdan istifadə edirdi».
«BİZİM XARİCİ SİYASƏTİMİZİ UĞURLU EDƏN AMİLLƏRDƏN BİRİ MÜRACİƏT EDİLDİKDƏ VƏ İMKANIMIZ OLDUQDA HƏMİŞƏ YARDIM ETMƏKDİR»
Dövlət başçısı müsahibəsində xüsusi olaraq vurğuladı ki, biz özünün əsl simasını göstərən ölkələrə qarşı fəal və çox aşkar çıxış edirdik və bu ölkələrdən biri uzun müddət dünyada mənəvi liderliyə iddia edirdi, ancaq buna heç bir əsası yox idi: «Mən Kanadanı nəzərdə tuturam. Amma onun dırnaqarası mənəvi liderliyi özünü onda göstərdi ki, bu ölkə lazım olduğundan beş dəfə artıq vaksin aldı. Sonra onların istifadə müddəti qurtardı və hamısını tulladılar. Bu vaksinlərə ehtiyacı olan bir çox ölkələr, sadəcə, özünün minlərlə, on minlərlə vətəndaşını itirirdi». «Bütün bunlar bizi demokratiyaya, bərabərliyə, ədalətə, insan haqlarına öyrətməyə çalışanların əsl simasını bir daha aşkara çıxarır»,-deyən dövlət başçısı onu da vurğuladı ki, 80-dən çox dövlətə maliyyə yardımı göstərildi: «Biz hamıdan çox yardım etdik. Bunu tamamilə düzgün hesab edirdik, çünki hər zaman yardım əlini uzatmaq lazımdır. Düşünürəm ki, bizim xarici siyasətimizi uğurlu edən amillərdən biri müraciət edildikdə və imkanımız olduqda həmişə yardım etməkdir. Hesab edirəm ki, həyatda da belədir, imkanın varsa kömək etmək lazımdır, yoxdursa bunu başa düşmək olar. Bu gün, sədrliyimizin başa çatdığı bu ayda onu Uqandaya təhvil veririk. Biz artıq tamamilə başqa struktur təhvil veririk və hələ Uqanda ilə üçlükdə yer alacağıq. Uqandadan sonra Özbəkistan rəhbərlik edəcək. Beləliklə, biz neokolonializm ilə mübarizə də daxil olmaqla, fəaliyyətimizi davam etdirəcəyik. Əlbəttə, dediyim və sizin də qeyd etdiyiniz kimi, Bakı Təşəbbüs Qrupu artıq həyata vəsiqə alıb, onu heç kim heç vaxt yerindən tərpədə bilməz».
Bir sözlə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur. Və növbəti böyük tədbirin - COP 29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirib ki…
«AZƏRBAYCAN COP29-UN PREZİDENTİ KİMİ XÜSUSİ ROLA MALİK OLACAQ»
Bəli, bu gün Azərbaycan müxtəlif istiqamətlər üzrə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndiriləsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq aləmin hər bir üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Əlbəttə ki, bu səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı böyük dərəcədə bizim mövqeyimizdən asılı olacaq.
Artıq bir neçə ölkədən əməkdaşlıq təklifi aldığımızı deyən dövlətimizin başçısı qeyd edib: “Biz bütün ölkələrlə əməkdaşlığa hazırıq və bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki yenə də hesab edirəm ki, bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həmçinin dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən BMT Baş Assambleyasından da daha mötəbərdir».
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Beləliklə bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycan Liderinin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevrilib.
RƏFİQƏ KAMALQIZI