Azərbaycan Prezidenti İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir sıra önəmli məqamlara toxunub. Prezident vurğulayıb ki, biz sərhəddə nə 2021-ci ilin may ayında, nə də 2022-ci ilin sentyabr ayında əldə olunan mövqelərdən bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir: “Bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək”.
Bu müsahibədə verilən suallar da, cənab Preizdentin cavabları da cəmiyyəti düşündürən bir sıra məsələlərə aydınlıq gətirilməsi baxımından olduqca əhəmiyyətlidir. Ona görə ki 20 illik bir dövrdə Zəfərlə sonuclanmış siyasətin yekunu kimi, həm də yeni hədəflərin istiqamətinin haraya yönəldiyi bir daha aydın oldu. Qeyd edək ki, əldə etdiyimiz Qələbə, qazandığımız tarixi nailiyyətlər gələcək inkişafımız üçün böyük zəmindir. Eyni zamanda 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana verilməsi BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi önəmli təcrübə verib. Bu da bizim doğru yolda olduğumuza dair daha böyük özünəinam yaradıb. Lakin Azərbaycana qarşı ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum... Biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq... Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”.
Dövlətimizin başçısı verilən suallara cavablarında konkretlik bir daha bu siyasi xadimin qətiyyətli mövqeyini göstərmişdir. Cənab Prezident demişdir: “Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar.” Prezident Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunaraq bu hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb, burada bir oxşarlığın olduğunu qeyd edib: “Ona görə də indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik. Belə ki, fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur”.
Prezident İlham Əliyevin bu müsahibəsi bir daha Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca qiymətlidir və ermənilərin və onların anti-Azərbaycan təbliğatına qarşı ən tutarlı cavabdır. Həmçinin bu gün Azərbaycan ictimaiyyətini düşündürən, maraqlandıran sualların cavabını verən ölkə başçısı yeni hədəflərin istiqamətini də göstərmiş oldu. Bu hədəflər isə güclü Azərbaycan, müstəqil xarici siyasət və sosial rifahdır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini