Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir çox mühüm məsələlərə toxunub. Ölkə başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla bərabər, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmçinin müsahibə zamanı vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu. Qeyd edilən ilk məsələ böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yarımçıq qalan məsələlərin tədricən yoluna qoyulması ilə bağlıdır. Cənab Prezident İlham Əliyevdə xüsusi vurğuladı ki, “Müharibə bitsə də, mübarizəmiz başa çatmayıb və savaşdan sonra görülən işlər, atılan addımlar bu ali məqsədimizə çatmağa hesablanıb. Söhbət, təxminən, 20-25 minə yaxın erməni vətəndaşlarımızın toplum yaşadığı və Rusiya sülhməramlılarının yerləşdiyi Xankəndi və ona bitişik bir çox kənd və şəhərlərdə dövlət nəzarətimizin bərpa olunması, ərazilərimizin ermənilərin qanunsuz silahlı birləşmələri və revanş xülyası ilə yatıb-duran separatçılardan tamamilə təmizlənməsindən gedir. Ancaq görünən odur ki, post müharibə dövründə bir çox güc mərkəzlərinin, dövlətlərin Azərbaycanla bağlı oynadıqları ikili oyunlardan həvəsə düşən ermənilər imza atdıqları kapitulyasiya aktı ilə götürdükləri öhdəlikləri yerinə yetirmək istəmirlər”. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan III Qarabağ müharibəsinin olmasını istəmir. Biz müharibə ilə işimizi tam bitmiş hesab edirik, bundan sonrakı məsələlər siyasi yolla həll olunmalıdır.Ölkə başçısı cənab İlham Əliyevin müsahibəsində işğaldan azad edilən ərazilərdəki quruculuq işləri, tam yeni infrastrukturun yaradılması, məcburi köçkünlərin öz döğma yurdlarına qayıdışı məsələlərinə geniş yer verilib. Çıxışı zamanı ölkə başçısı qeyd edib ki; “Bu günə qədər burada xeyli iş görülüb. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı artıq bir neçə dəfə müzakirədən keçib və yaxın vaxtlarda təsdiq ediləcəkdir. Əldə edilən əsas nailiyyətlərdən biri odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Eyni zamanda ötən il keçirilən lokal antiterror əməliyyatına toxunan ölkə başçısı cənab İlham Əliyev bildirib ki, bu əməliyyat çox uğurla, peşəkarlıqla keçirilib və hərbçilərimiz böyük qəhrəmanlıq göstəriblər. Dövlətimizin başçısı qeyd edib: “Biz nəzərdə tutduğumuz bütün mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi”.Qarabağ ərazisində və Şərqi Zəngəzurda icra olunan infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdsın və onların bu il qaytarılacaqları şəhərlər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaqdır. Eyni zamanda keçmiş məcburi köçkünlərin Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə 2025-ci ildə qayıtması da nəzərdə tutulub. Bu ərazilərdə həyata keçirilən işlər çərçivəsində yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarı istismara veriləcək. Zabuxçay Su Anbarının inşası bu il tamamlanması gözlənilir və bu da böyük ərazinin suvarma suyu ilə təmin etməyə imkan verəcəkdir. Həmçinin özəl sektor tərəfindən artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə icra edilir.Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Qafqazda birinci və dünya miqyasında güclü ölkələr sırasındadır. Televiziya kanallarına müsahibəsi zamanı bu gün ölkə qarşısında duran yeni vəzifələrin yeni dövrün vəzifələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz”.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmasıyla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda anti-Azərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır. Çıxışı zamanı cənab Prezident qeyd edərək bildirmişdir ki, “İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə və xalq kimi başlayırıq.
Rauf Əliyev
Milli Məclisin deputatı