"Dünyanın gələcək taleyi Bakıda müəyyənləşəcək". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, bugünkü dünya qaydasında dövlətlərin gücü və imkanları onların iqtisadi potensialı ilə adekvatdır: "Bu baxımdan, regional liderlik statusunda olan Azərbaycan iqtisadi inkişafa və qlobal iqtisadi sistemdə yer almağa xüsusi önəm verir. Bu gün ölkəmiz nəhəng iqtisadi layihələrin baş tutduğu ideal bir məkan olaraq özünün siyasi qüdrətini təsdiq etməkdədir. Ölkə başçısının uğurlu siyasətinin nəticəsi olaraq bütün qlobal əhəmiyyətli regional tədbirlərin ünvanı məhz Azərbaycandır. Ötən müddətə nəzər saldıqda aydın şəkildə görünür ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycanda əlverişli biznes mühitinin olması və qeyd etdiyim kimi iqtisadi yüksəliş, götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməsi ölkəmizə beynəlxalq aləmdə müsbət imic qazandırıb. Məhz bu və digər amillər Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Butün bunların fonunda bu faydalı əməkdaşlıq qlobal əhəmiyyətli layihələrin ölkəmizdə baş tutmasına imkan verir"."Şübhəsiz ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Birincisi, belə mötəbər tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi, Azərbaycanın xarici siyasətinin uğurudur. İkincisi, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı mübarizədə hər zaman fəallıq nümayiş etdirib və bu tədbir aparılmış fəaliyyətin məntiqi nəticəsi kimi qəbul olunmalıdır. Neft ölkəsi olaraq ekologiya problemlərini hər zaman gözləməsi dövlətimizi bu sahədə nüfuzlu mövqedə saxlayıb" - deyə o, əlavə edib.R.Mahmudov bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə düşmən həm də təbiətimizə qəddar münasibət göstərib, təbii sərvətlərimizi qanunsuz istismar edərək ekoloji fəlakət yaradıb, çaylarımız məqsədli şəkildə çirkləndirilib: "Ölkəmiz işğaldan azad olunmuş ərazilərimizdə apardığı abadlıq quruculuq işlərində ekoloji məsələləri xüsusi olaraq diqqətdə saxlayır. Düşünürəm ki, COP29 iştirakçılarının ölkəmizə səfəri zamanı bu prosesi əyani şəkildə görməsi dövlətimizin insanlığın gələcəyi üçün əvəzedilməz rolu olan təbiətə münasibətinin real sübutu olacaq. Bütün bunların yekunu olaraq belə mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycan Lideri İlham Əliyevin iqtisadi potensialı siyasi uğura çevirmək konsepsiyasının təsdiqidir. Dünyanın gələcək taleyini müəyyənləşdirən ən mühüm toplantıya ev sahibliyi etməyimiz ölkəmizin dünya arenasında iqtisadi və siyasi təbliği üçün müstəsna əhəmiyyətə malik olacaq. Nəzərə alsaq ki, super güclərdən tutmuş, kiçik ölkələrə qədər dünyanın bütün aktorlarının diqqət mərkəzində olan bu tədbir Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi bir zamana təsadüf edir, demək, COP29-un həm də dünyaya qüdrətimizin təsdiq imkanı yaratdığını düşünməliyik".
Müəllif: Söylü Ağazadə