“Fuad Qəhrəmanlının fikirlərindən belə çıxır ki, Azərbaycanın müstəqil siyasətindən imtina edərək, dünyadakı güc mərkəzlərindən birinə sığınmaq, onun vassalı olmaq, beynəlxalq birlikdə müstəqil siyasətimizdən əl çəkərək, dəyişən situasiyada futbol topu kimi gah bu, gah da digər qapıya sovrulmağımızı istəyir. Ümumiyyətlə Fuad Qəhrəmanlının daxili siyasətdə də nə istədiyi bəlli deyil. O, bulanıq suda balıq tutmağın asan olacağını düşünür. Əgər Fuad Qəhrəmanlının dedikləri bir həqiqətdirsə, o zaman niyə təmsil etdiyi partiyanın cəmiyyətdə nüfuzu yoxdur? Eyni zamanda onlar biabırcasına uduzacaqlarını, xalqın onlara etimad göstərməyəcəyini bildikləri üçün də prezidentliyə namizədliklərini irəli sürmədilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Fuad Qəhrəmanlı və onun kimilərin istəyi zəif Azərbaycandır: “Lakin onlar bunu görməyəcəklər. Azərbaycan cəmiyyəti öz iqtidarını sevir. Belə ki, iqtidar milli maraqlara cavab verən, düzgün daxili-xarici siyasət yeridir, beynəlxalq nüfuzumuz var, Azərbaycan iqtisadiyyatı inkişaf edir.Azərbaycan bu gün ikinci bir tarixi missiyanı, işğaldan azad edilmiş ərazilərə həyatın qayıtması üçün layihələri həyata keçirir və ölkəmiz günümüzdə ciddi və nüfuzlu bir dövlət kimi tanınır. Bütün bunlar Ulu Öndərin yolu, Prezident İlham Əliyevin siyasəti ilə mümkün olub. Bu gün iqtidarımıza müxalif olan insanlar məhz anti-iqtidar siyasətlərinə görə cəmiyyətdə nüfuzdan düşüblər, özlərinə dayaq tapa bilmirlər. Biz demokratik dövlətdə yaşayırıq. Fuad Qəhrəmanlının da iqtidarı tənqid etmək, fərqli fikirlər söyləməsi üçün hər zaman mühit olacaq. Gücümüz xalqın istəyinin dövlət siyasətində həyata keçməsində, dövlət müstəqilliyinin daim möhkəmlənməsindədir. Bütün bunları isə Fuad Qəhrəmanlı görə bilmir”.