PDF Oxu

Siyasət

  • 6 193

Naxçıvan Muxtar Respublikası-100 Heydər Əliyev və blokada Naxçıvanı -TƏHLİL

Naxçıvan Muxtar Respublikası-100 Heydər Əliyev və blokada Naxçıvanı -TƏHLİL

(II YAZI)

Ümummilli Lider Heydər Əliyev : “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.

Tarix və zaman göstərdi, həm də sübut etdi ki, həyatını Azərbaycana və azərbaycançılığa həsr edən, müstəqilliyimizin daimiliyi adı ilə bağlı olan Ümummilli Liderimiz Heydər Əliyev olmasaydı, Naxçıvan Muxtar Respublikası da 1990-cı illərdə işğal olunan əzəli torpaqlarımızdan biri olacaqdı.

Naxçıvanı böyük bəlalardan qurtardı

1988-ci ildən etibarən sovet imperiyasının laxlaması nəticəsində ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə, imperiya hərislərinin xalqın başına açdığı bəlalara qarşı çıxan Ulu Öndərin haqq səsini bəyan edərək Vətənə qayıtmağı qərarlaşdırması çoxlarının yuxusuna haram qatmışdı. Bu qayıdışın onlara heç bir cəhətdən sərf etməyəcəyini düşünən imperiyanın sadiq qulları qruplaşaraq Ulu Öndərin Azərbaycana -Vətənə gəlməsinə əngəl törətmək istəyirdilər. Bu həmin qruplaşma idi ki, onların xəyalları yaranan boşluqdan istifadə edib bu xalqı yenidən əsarət zəncirlərinə bənd etmək, bunun da sayəsində ölkədə yüksək kürsülərdə əyləşmək, xalqın sərvətini mənimsəmək idi. Böyük Heydər Əliyev təbii ki, belələrinə göz yuma bilməyəcəkdi. Bu xalqın çəkdiyi bəlalar qarşısında onları yerlərində oturdacaqdı. Elə bütün bu düşüncələrlə də Ulu Öndərin Bakıya gəlməsini özləri üçün böyük təhlükə hesab edərək bunun qarşısını almağa çalışırdılar. Bu, tariximizin qara bir səhifəsidir və Azərbaycan xalqının həmin qruplaşmaya heç vaxt bağışlamayacağı bir günahdır.

Prezident cənab İlham Əliyev həmin günləri belə xarakterizə edir: Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.

Ulu Öndər Vətənə qayıtdı. 20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi xalq böyük coşqu ilə qarşıladı. Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən iqtisadiyyat dağılaraq tamamilə iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu son dərəcə çətinləşmişdi, siyasi burulğanlar, hərc-mərclik burada da baş alıb gedirdi. Digər tərəfdən isə xain ermənilərin aramsız hücumları bölgədəki ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. Ozamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlatsaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gələr. Belə bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmiş, hamı onun timsalında böyük xilaskarını tapmışdı.

Naxçıvanlıların xilası tarixi

22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı, eyni zamanda naxçıvanlıların xilası tarixi kimi daxil olmuşdur. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, Ulu Öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın sonsuz məhəbbət və inamının təntənəsi idi. Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı.

“Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq ... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”, – deyən dahi rəhbər xalqın imdadına çatdı. Naxçıvana gəlişindən az sonra, 1990-cı ilin avqustunda gənclərlə görüşdə Ulu Öndərin dediyi aşağıdakı sözlər onun əsas amalını konkret şəkildə ifadə edirdi: “Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.

Tək Naxçıvan üçün deyil, ümumilikdə Azərbaycan üçün...

30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə Ulu Öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başladı. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumilikdə Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olundu. Belə ki, sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət də qaldırmışdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında müzakirə edilən ən mühüm məsələlər sırasında 1990-cı il 20 Yanvar faciəsi və “Dağlıq Qarabağ” münaqişəsi də var idi. 1990-cı ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” tarixi qərar qəbul etdi. Ümumiyyətlə, həmin vaxt Ulu Öndər Naxçıvanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, xalqımızın demokratiya və müstəqillik uğrunda mübarizəsinə böyük xidmətlər göstərmişdir.

Muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız Ümummilli Liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci ilin 3 sentyabrında Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçildi. Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi iki ilə yaxın müddətdə elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyətinə görə neçə-neçə onilliyə nümunədir. Ümummilli Liderimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarı xaricdəki mənfur havadarlarına arxalanan bədnam ermənilərin işğal etməsinə imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirdi.

Naxçıvan fəaliyyətinin bəzi məqamları

Böyük Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi möhtəşəm fəaliyyətinin hər anı bir kitab təşkil edən bəzi məqamları: 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, “hakimiyyət xalq üçündür” prinsipinə dönmədən əməl edilməsi, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağıryüklü təyyarələrin qəbulu üçün aeroportun yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması... sadalamadığımız yüzlərlə belə böyük tədbirlər məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşmişdi.

Ölkəmizin ən kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir.

Həmin illərdə muxtar respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində əsaslı yüksəlişin baş verməsi istiqamətində həyata keçirilən möhtəşəm tədbirlər sistemliliyi və kompleksliyi ilə səciyyələnir. Heydər Əliyev Naxçıvanı düşdüyü blokada vəziyyətinin çoxşaxəli çətinliklərindən xilas etmək məqsədilə yerli imkanlardan maksimum dərəcədə yararlanmaq üçün ardıcıl tədbirlər işləyib hazırlayır, onları uğurla reallaşdırırdı. Məsələn, ölkədə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi 6 aprel 1992-ci il tarixdə “Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında” Qərar qəbul etmiş, qısa müddət ərzində muxtar respublikada aqrar islahatlar yüksək səviyyədə aparılmış, yeni mülkiyyət münasibətləri formalaşdırılmışdı. Azərbaycanın əsas hissəsi ilə əlaqələrin bərpası üçün də müxtəlif vasitələrdən istifadə edilirdi. Hava limanının yenidən qurulması və digər analoji tədbirlər məhz bu məqsədə yönəldilmişdi. Həmçinin qonşu Türkiyə və İran dövlətləri ilə yaradılmış qarşılıqlı əlaqələr, təşkil olunan gömrük-keçid məntəqələri, tikilən körpülər də bu baxımdan özünəməxsus əhəmiyyət daşıyırdı.

Naxçıvanda “Real” informasiya agentliyinin, Bakıda “Naxçıvan” qəzetinin fəaliyyətə başlaması, bölgədə baş verən proseslər, bədnam ermənilərin törətdiyi vəhşiliklər barədə dünyanın mötəbər beynəlxalq təşkilatlarına müntəzəm və təsirli məlumatların çatdırılması da bu qədim diyarın qorunmasına yönələn müdrik və qətiyyətli addımlar idi.

Naxçıvanın muxtariyyəti beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur

“Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz”, – deyən Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə bu statusun işığında ciddi tədbirlər həyata keçirmiş, bölgəni işğaldan qorumuşdur. Ali Məclisin Sədri seçilməsindən cəmi bir neçə gün sonra, 7 sentyabr 1991-ci il tarixdə Ümummilli Liderimizin imzaladığı Qərarla Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili də bu baxımdan çox mühüm tədbir idi.

Bütün digər sahələrlə yanaşı, humanitar məsələlər də görkəmli dövlət xadimi Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Naxçıvanlı gənclərin Türkiyənin müxtəlif universitetlərində ali təhsil almaq üçün göndərilməsi, səhiyyənin, ədəbi-mədəni mühitin inkişafına böyük qayğı göstərilməsi və sair tədbirlər bu qəbildəndir.

Beləliklə, Ümummilli Liderimizin 22 iyul 1990-cı ildə Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdir.

Görkəmli siyasi xadim Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində 1993-cü ilin iyununadək çalışmışdır. Ölkənin ağır durumunda xalq təkidlə Heydər Əliyevi Bakıya, Azərbaycan rəhbərliyinə dəvət etmişdir. 1993-cü ilin 9 iyununda Bakıya gələn Ulu Öndərin 15 iyunda Milli Məclisin Sədri seçilməsi Vətənin və xalqın tarixində əsl Qurtuluş gününə çevrilmişdir. Həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən dahi şəxsiyyət on il ərzində neçə-neçə qərinəyə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə də Naxçıvana xüsusi diqqət və qayğı göstərmiş, blokadanın çətinliklərinin aradan qaldırılması, muxtar respublikanın inkişafı üçün mühüm tədbirlər həyata keçirmişdir.

Ümummilli Liderimizin Naxçıvana hər səfəri tarixi hadisəyə çevrilmiş, regionun gələcəyi üçün tarixi qərarların qəbul edilməsi ilə yadda qalmışdır.

Mətanət Məmmədova

Digər xəbərlər