PDF Oxu

Siyasət

  • 1 903

Tibbin ən son nailiyyətləri: yenidən qurulan hərbi hospitallarımız TƏHLİL

Tibbin ən son nailiyyətləri: yenidən qurulan hərbi hospitallarımız TƏHLİL

Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Son illər inkişaf etməkdə olan tibbi sahələrdə baş verən yeniliklər, hərbi tibbi hospitallardan da yan keçməyib. Bu gün dünyanın ən inkişaf etmiş, yeni müayinə və müalicə aparatları, əməliyyat ləvazimatlarının tibbi sahələrdə tətbiqi, bu sahədə həm tibb müəssisələrinin, həm də tibb personalının inkişaf etməsi deməkdir. Bu gün ölkəmizdə hərbi hospitallar da yenidən qurulur.

"BİZİM ORDUDA DA, BİZİM ÖLKƏDƏ DƏ BU CÜR ƏZƏMƏTLİ HƏRBİ TİBB MÜƏSSİSƏSİ OLACAQDIR"

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərkən tezliklə ölkəmizdə qabaqcıl hərbi təbabətin yaranacağını qətiyyətlə bildirmişdi. Bu gün Azərbaycan xalqının Ümummilli Liderinin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, Ulu Öndərin vaxtilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi "Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır" - fikiri öz ifadəsini tapıb. Müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş hərbi hospitallar hərbi qulluqçulara yüksək səviyyədə xidmət göstərməyə imkan verir.
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib. Hospitalda quraşdırılan avadanlıq tibbin ən son nailiyyətlərinə əsaslanır. Müasir texniki baza ilə təchiz olunan hərbi hospitalın istifadəyə verilməsi müasir şərait bütün növ ağır cərrahi əməliyyatları aparmağa, müayinə və müalicə işlərinin aparılmasına imkan verir. Qeyd edək ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək. Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək. İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.

AZƏRBAYCAN ƏSGƏRİNİN, HƏRBÇİSİNİN SAĞLAMLIĞINI QORUMAQ ÜÇÜN YARADILAN ŞƏRAİT

Hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok yerləşir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı (barokamera) quraşdırılıb. Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. DSX-də qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi də yaradılıb.
Hərbi hospitalın laboratoriya şöbəsində ən yeni müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin laborator avadanlığı quraşdırılıb. Müalicə ocağı dövrün tələblərinə uyğun çağrı və nəzarət sistemləri ilə təmin olunub. Hərbi hospitalda klinik fəaliyyətin, yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması şəraiti yaradılıb.
Belə hospitalların açılması bütövlükdə Azərbaycan Ordu¬sunun fəaliyyətinin davamlılıq və sağlamlıq təminatı baxımından olduqca mühüm addım idi.
Şübhəsiz ki, yaradılan şərait Azərbaycan əsgərinin, hərbçisinin sağlamlığını qorumaq üçün hər cür imkan yaradır. Bu kimi hərbi-tibbi mərkəzlərin istifadəyə verilməsi həm də Azərbaycanın qüdrətinin əyani təzahürüdür.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər