ABŞ-ın məşhur “Stratfor” agentliyi Azərbaycan və Ermənistan arasında münasibətlərə dair növbəti proqnozunu işıqlandırıb. Proqnozda ən maraqlısı və diqqətçəkən məqam isə budur ki, hər iki ölkə arasında 2024-cü ilin ilk 6 ayına qədər yekun sülh müqaviləsi imzalanmazsa, Qərbi Zəngəzur istiqamətində yenidən qısamüddətli müharibənin baş verə biləcəyi iddia olunur.
Nikol Paşinyanın yenidən gah nala, gah da mıxa döyəcləməsi...
"Stratfor"un proqnozunda əsas olaraq Azərbaycan və Ermənistan arasında hələ də həllini tapmayan sərhəd delimitasiyası, anklavların taleyi və Naxçıvanla quru yolunun açılmaması kimi önəmli məsələlər vurğulanıb.
Bütün bu kimi amillər isə, ilk növbədə, Ermənistanda son günlər müşahidə edilən təlaşları daha da artırıb. Daha dəqiq desək, ölkənin baş naziri Nikol Paşinyanın yenidən gah nala, gah da mıxa döyəcləməsi, guya "dəhliz" sözünün üçtərəfli bəyannamədə qeyd olunmadığını iddia etməsi, hətta klounluq sərgiləyərək "dəhliz sözünü tapana pul mükafatı verəcəyəm" kimi siyasi xal toplamağa cəhd etməsi, əslində, vəziyyətin həqiqətən də gərginləşməsinə səbəblər yaradır. Halbuki, bəyannamədə "dəhliz" ifadəsi daha rentabelli ifadə ilə əvəzlənib və tələb edilən reallığı əks etdirir -Azərbaycanın Naxçıvanla kommunikasiya əlaqələrinin vacibliyini ehtiva edir.
Ədalət Verdiyev: "Stratfor"un proqnozu mümkün reallığı əks etdirir"
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev mətbuata açıqlamasında "Stratfor"un proqnozunun mümkün reallığını istisna etməyib.
“Düşünürəm ki, bu proqnozun doğruluq ehtimalı çox böyükdür. Çünki Ermənistan üzərinə götürdüyü öhdəliyi 3 ildən çoxdur ki, yerinə yetirmir. Həmin öhdəliklərin əksər hissəsini Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatları ilə təmin etdi. Lakin yenə də birgə bəyanatda qeyd olunan, Azərbaycanın Naxçıvanla ikitərəfli və maneəsiz hərəkətini təmin edən yolun açılmasına dair bənd belə desək, ölü nöqtədən tərpənməyib", - tanınmış hərbi ekspert vurğulayıb.
Hərbi ekspert: "Biz ölkə başçısının son çıxışlarında da bu mesajların səsləndiyinin şahidi olduq”
Ədalət Verdiyev digər məqamı da xatırladıb və bildirib ki, digər tərəfdən, Azərbaycanın 8 kəndi hələ də Ermənistan işğalı altındadır. Belə olan halda Azərbaycan təbii ki, sonsuza qədər Ermənistan tərəfinin prosesləri ləngitməsinə səssiz qala bilməyəcək: "Sülh sazişi imzalanmasa, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, proseslərə məğlub tərəf kimi öz töhfəsini verməsə təbii olaraq Azərbaycanın səbr kasasını daşıracaq. Bu daha əvvəllər də belə olub. Biz ölkə başçısının son çıxışlarında da bu mesajların yumşaq bir şəkildə səsləndiyinin şahidi olduq”.
Proqnoz: "Ya Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, ya da bu öhdəlikləri Azərbaycan öz imkanları hesabına və birtərəfli qaydada həyata keçirəcək"
Hərbi ekspert Azərbaycan və Ermənistan arasında həll olunmayan bir çox məsələnin bu ilin sonuna qədər tam həllini tapmalıdır olduğunu deyib və əks halda Ermənistanın öz başına daha böyük bəla aça biləcəyini proqnozlaşdırıb: "Ya Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, ya da bu öhdəlikləri Azərbaycan öz imkanları hesabına və birtərəfli qaydada həyata keçirəcək. Amma heç bir halda bu proeseslər 2025-ci ilə qalmayacaq. Düşünürəm ki, sərhəddə delimitasiya məsələsi uzun prosesdir və davam edən fazada olacaq. Digərləri üzrə isə real faliyyətlər və razılıqlar həyata keçiriləcək”.
Afət Tahirqızı