PDF Oxu

Siyasət

  • 2 351

Erməni baş nazirindən növbəti SAYIQLAMA - TƏHLİL

Erməni baş nazirindən növbəti SAYIQLAMA - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın mütəmadi olaraq, əsassız və məsuliyyətsiz bəyanatlar səsləndirməsi, yalanlar söyləməsi, ardınca da dediiklərini utanmadan təkzib etməsi onun üçün sanki adi hal alıb. Dövlət başçısının bir fikri səsləndirdikdən sonra da onun ardınca əksini bəyan etməsi onun üçün adi hal hesab olunsa da, olduqca gülünc və utancvericidir. Görünür elə erməni cəmiyyəti də buna görə öz rəhbərini tənqid atəşinə tutmaqda davam edir və onun hakimiyyətdə qalmasını ümumiyyətlə, Ermənistan üçün rüsvayçılıq hesab edir.

“Qarabağ Ermənistandır və nöqtə”, deyə sayıqlayan erməni baş nazirin öz dediklərini necə təkzib etdiyini təkcə biz, yaxud da erməni cəmiyyəti müşahidə etmədi. Bunu bütün dünya ölkələri, ələlxüsus da indi erməniləri, Paşinyanın özünü himayə edən Qərb də gördü. Fransanın timsalında ermənipərəst Avropa ölkələri də Nikol Vovayeviçin hansı şəkildə öz sözünü təkzib etdiyinin, dandığının, dediklərinin tam əksini bəyan etdiyinin şahidi oldu. Rusiya da onun hansı şəkildə sözünü dəyişdiyini, maniulyasiya etdiyini seyr etdi. Bütün dünya ölkələri, dünya ictimaiyyəti gördü ki, Qarabağla bağlı cəfəngiyyat səsləndirən Nikol Vovayeviç, qısa bir zaman kəsiyindən sonra Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını hər addımbaşı bəyan etdi və sanki həmin o sayıqlamanı, o cəfəngiyyatı özü səsləndirməmişdi. Yəni, bir ölkənin rəhbəri heç də utanmadan öz sözünün, öz ifadələrinin əksini bəyan etdi və dərk etsə də, etməsə də bundan əvvəl dediyinin yalan, özünün də yalançı olduğunu göstərdi.

Doğrudur, Nikol Paşinyana reallıqlar bir qədər gec çatır və hadisələrin gedişi də göstərdi ki, onun başı daşdan-daşa dəydikdən sonra “ağıla gəlir”, təbii ki, o da müvəqqəti və müəyyən zaman müddətində belə təzahür edir. Məsələn, diplomatik görüşlərdə Qarabağla bağlı fikirlər səsləndirən, Azərbaycana məxsus əraziləri Ermənistan ərazisi kimi göstərməyə çalışan, hətta bunu sübut etmək üçün dondan-dona girən, sifətdən-sifətə düşən Nikol sonra məğlubiyyət fonunda deyirsə ki, Qarabağ Azərbaycandır, deməli, bu adam istədiyi zaman yalan danışıb, sonra da onu təkzib etməyə, yalançılıq etməyə, bundan sonra da yalançı olduğunu qəbul etməyə alışqandır və bunu özünə heç də ar bilmir. Şuşada sərxoş vəziyyətdə qol qaldırıb oynayan, daya doğrusu, oynaqlayan və atılıb-düşən Paşinyandan soruşmaq lazımdı ki, əgər Qarabağın Azərbaycan ərazisi olduğunu bilirdisə, həmin ərazilərdə nə gəzirdi? Həm də onu da soruşmaq yerinə düşərdi ki, əgər öz əraziləri bilirdisə, niyə bunu sona qədər israrla demədi. Erməni baş nazirə xatırlatmaq istərdik ki, cəmi 44 gün deyil, 30 il keçməsinə baxmayaraq, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti Qarabağı unutmadı, həmin ərazilərin bizə məxsus olduğu israrla bəyan edildi və sona qədər də mübarizə aparılaraq, torpaqlarına, dəyərlərinə sahib çıxdı. Çünki ermənilərdən, onların rəhbərlərindən fərqli olaraq, yalana, sonra da təkzibə əl atılmadı və sona qədər qətiyyət nümayiş etdirildi.

Baş nazir yox, deputat olduğu zamanlarda Qarabağın heç də Ermənistan ərazisi olmadığını, Azərbaycana məxsus olduğunu, bu ərazilərlə əlaqədar yaranan məsələlərin müzakirəsinin İrəvan üçün lazımsız olduğunu dəfələrlə səsləndirən Nikol hakimiyyət kürsüsünü ələ keçirdikdən sonra tamamilə tərsinə fikirlər səsləndirməli oldu. Bir zamanlar Ermənistan parlamentində Qarabağın heç də Ermənistan ərazisi olmadığı barədə gurultulu çıxışlar edən Paşinyanın mövqeyi də, fikirləri də hakimiyyətə gəldikdən sonra tamamilə dəyişdi. O, daxili auditoriyaya hesablanan çıxışlarında tamamilə fərqli mövqedən çıxış etməyə başladı və sanki bundan əvvəl guruldayan həmin o deputat deyildi. Təbii ki, rəhbərlik etdiyi ölkədə kütlənin qəzəbindən qorxaraq, birmənalı şəkildə öz-özünü təkzib etməyə başladı. Sonra da müharibənin Ermənistan üçün acı nəticələri ilə qarşılaşdığı zaman yenə də elə deputat olduğu dövrdəki kimi, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etdi. Vovayeviç necə dəfə fikrini dəyişməli oldu? Hər dəfə də dediklərinin biri digərini təkzib etdi. Maraqlıdır, Ermənistan adlı bir ölkənin rəhbərinin, bir dövlətin başçısının utanmaq kimi bir niyyəti yoxdurmu?

Həqiqətən də, erməni baş nazirin utanmaq kimi bir niyyəti olsa idi, son günlər yenə də sayıqlamazdı. Ermənistanın baş nazirinin son günlər bir sıra həqiqətən də heyrət doğuran açıqlamalar verməsi onun əsl simasını, daha doğrusu, ənənəvi yalançı simasını yenidən ortaya qoydu. O, 2020-ci il noyabrın 10-na keçən gecə Üçtərəfli Bəyanatla bağlı sayıqlamağı, sənədlə bağlı məsələləri təhrif etməyi, bir sözlə, yalan danışmağı yenə də özünə rəva bildi. Bu dəfə də Ermənistan lideri daş atıb başını tutur ki, sənəddə Zəngəzur dəhlizi məsələsi olmayıb və üzərinə də hansısa öhdəlik götürməyib. “Üçtərəfli bəyanatda Ermənistan tərəfi Zəngəzur dəhlizini, Rusiya Federasiyası isə bu yolların təhlükəsizliyini təmin etməyi öhdəsinə götürməyib. 9 noyabr bəyanatında bu məqamlar yoxdur. Heç yerdə yazılmayıb ki, Rusiya Federasiyası Ermənistan ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir”, - deyə bu dəfə də Nikol Paşinyan olmayan üzünə üz bağlayaraq reallıqları danmağı doğru yol hesab edib. Düzdür, kütlənin qəzəbindən qorxması fonunda daxili auditoriyaya hesablanan bəyanat kimi də onun bu sayıqlamasını başa düşmək olar, amma hər halda, cidanı çüvalda gizlətmək mümkün olmadığı kimi, bu boyda yalanı da dövriyyəyə buraxmaq mümkün deyil. Mümkün olsa belə, ardınca yenə də Vovayeviçin təkzibi gəlməlidir. Çünki reallıq tamamilə başqadır və sözügedən sənədə imza atarkən o boynuna almadığı öhdəliyi üzərinə götürüb.

Qeyd etdiyimiz kimi, kütlənin qəzəbindən yaxa qurtarmaq, hakimiyyətini qorumaq üçün daxili auditoriyaya hesablanan sayıqlamalar edən Nikol, bəlkə də manipulyasiya etdiyini düşünür, amma bir tərəfdən də erməni cəmiyyətini axmaq yerinə qoyur. Çünki sənəd də göz önündədir, orada Zəngəzur dəhlizi ilə bağlı qeydlər də, üstəlik Nikol Paşinyanın imzası da. Yəqin ki, onun erməniləri düşündüyü qədər axmaq sayması da nəticəsiz qala bilməz və hansısa bir Ermənistan vətəndaşı istədiyi vaxt Üçtərəfli Bəyanatın 9-cu bəndində yazılanları öz gözləri ilə oxuya bilər. Həm də əmin olar ki, ölkə başçıları onları avam və axmaq yerinə qoyub. “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılacaq. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTB-nun Sərhəd Xidməti həyata keçirir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin ediləcək”, deyə Üçtərəfli Bəyanatda qeyd olunur. Deməli, hər şey göz önündədir və bu mətni oxuyan hər kəs anlaya bilər ki, Ermənistanın baş naziri sadəcə olaraq yalan danışır. Anlaya bilər ki, yenə də öz-özünü, öz dediklərini təkzib edir, reallığı inkar edir və utanmadan, qızarmadan növbəti dəfə yalana əl atır.

Maraqlıdır ki, hələ bu vaxta qədər Paşinyan daha bir sayıqlamaya yol verərək, Üçtərəfli Bəyanatı belə imzalamadığını deməyib. Axı, həmin gecə ümumiyyətlə imzalanma ilə bağlı kadrda da o yox idi. Amma görünür buna cəsarət edə bilmir və hələlik bu yalanı danıışmağı bacarmır, çünki bilir ki, onun həmin vaxt erməni cəmiyyətinin əhval-ruhiyyəsini bilə-bilə kamera qarşısına keçməyə cəsarət etməməsi ilə bağlı hər kəs məlumatlıdır. Hər kəs məlumatlıdır ki, 44 günlük müharibədə qarşılaşdırları məğlubiyyətə, özü də rüsvayçı məğlubiyyətə görə onunla hesablaşmaq üçün ermənilər Nikol Vovaeviçi yaman axtarırdılar. Bunu bilməyənlər də gördülər və ən azından mətbuat vasitəsi ilə şahidi oldular ki, Paşinyanı axtaranlar Ermənistan parlamentinin binasının necə dağıtdılar, o zaman Ermənistan Respublikası Milli Məclisinin sədri olmuş Ararat Mirzoyanı necə döydülər. Bir sözlə, əllərinə Nikol yox Ararat keçdi və əgər erməni baş naziri ələ keçirsəydilər aqibəti daha acınacaqlı olacaqdı, çünki onun özünü axtarırdılar, Mirzoyanı yox.

Sülh gündəliyinin ortada olduğu bir dönəmdə tərəflərdən birinin, Ermənistan rəhbərinin məsuliyyətsiz şəkildə bəyanat verməsi, yalana əl atması, reallığı təkzib etməsi ümumiyyətlə, qəbuledilən deyil. Üçtərəfli Bəyanatı erməni baş nazir xəlvəti şəkildə, özü də gizləndiyi yerdə imzalasa da, öz üzərinə gözə görünmədən öhdəlik götürsə də, bütün bunlar dünya ictimaiyyətinin gözü önündə baş verdi. Eyni zamanda, onun imzaladığı və Zəngəzur dəhlizi ilə bağlı üzərinə öhdəlik götürdüyü sənəd də hər kəs üçün əlçatandır və bunu təkzib etməyə sayıqlama deyilməsin, başqa nə deyilsin? Axı üç ölkə rəhbərinin imzaladığı sənədi həmin ölkələrin vətəndaşları da, dünyanın istənilən ölkəsinin vətəndaşları da açıb oxuduqda görürlər ki, Ermənistanın baş naziri Nikol Paşinyan həyasızcasına, utanmadan, qızarmadan yalan danışır. Yalanlarının nə vaxta qədər ayaq tutub yeriyəcəyinə ümid edir? İndi də məlum sənədi, orada Zəngəzurla bağlı məsələləri təkzib etməklə danışıqları hara qədər uzadacağını düşünür? Özü hamıdan yaxşı bilmirmi ki, nəyə imza atıb? Bilmirmi ki, sözügedən dəhlizlə bağlı qeyd olunanlara imza atdıqdan sonra bunu dandığı zaman yalan danışır və müvafiq olaraq, sonuncu bəyanatı ilə sadəcə, erməni cəmiyyətini ələ salır və axmaq yerinə qoyur? Bilir. Çox yaxşı bilir. Onu da bilir ki, sənəd onun özünə bir daha göstərildiyi və yalan danışdığı sübut edildiyi anda çarəsiz qalıb bir də dediklərinin əksinə bəyanat verəcək. Necə deyərlər, öyrəncəlidir və bilir ki, dedikləri növbəti sayıqlama kimi qəbul ediləcək və özü də utanmadan, qızarmadan dediklərini təkzib edəcək, özü də yaxın zamanda...

Digər xəbərlər