PDF Oxu

Siyasət

  • 3 233

Erməni cəmiyyətində fərqli fikirlər - ŞƏRH+ANALİTİKA

Erməni cəmiyyətində fərqli fikirlər - ŞƏRH+ANALİTİKA

Ermənistandakı daxili siyasi təzadlar və bir-birini vuran şərhlər, açıqlamalar tam sürəti ilə davam edir. “Rəsmi Bakı Qarabağ ermənilərinin geri qayıdacağı təqdirdə vaxtilə burada yaşamış azərbaycanlıların da Ermənistana yerləşməli olduğu şərtini irəli sürüb”.

Bunu erməni hüquq müdafiəçisi, publisist Vardan Arutyunyan mediaya açıqlamasında deyib.

Vardan Arutyunyan: "Azərbaycanın qonşuları ilə heç bir problemi olmasa da, Ermənistan öz qonşularına başağrısı gətirir”

Onun sözlərinə görə, Azərbaycan tərəfi Qarabağ erməniləri ilə ümumi dil tapa biləcəyini iddia edir. Onlar hesab edir ki, ermənilər bu halda Qarabağda rahat yaşamağa davam edəcəklər: "Rəsmi Bakı Qarabağ məsələsini köklü şəkildə həll etmək niyyətindədir ki (Əslində, bu məsələ köklü şəkildə həll olunub - A.T.), illər sonra bir daha problem yaşanmasın. Bəzi dövlətlər bizi müharibəni qızışdıran ölkə kimi tanıyır. Hətta bəziləri bir qədər irəli gedərək bəyan edirlər ki, Ermənistan olmasaydı, bölgədə daim sülh hökm sürərdi. Diqqət yetirin, Azərbaycanın qonşuları ilə heç bir problemi olmasa da, Ermənistan öz qonşularına başağrısı gətirir”.

Erməni hüquq müdafiəçisi: "Ermənistanın problemi hələ 1988-ci ildən başlayıb"

Erməni hüquq müdafiəçisi onu da deyib ki, artıq bundan əl çəkməyin vaxtı çatıb: “Qonşularımız bizim haqqımızda fərqli düşünməlidirlər. Ermənistanın problemi hələ 1988-ci ildən başlayıb. Həmin dövrdə bizim siyasətimizi əksər böyük dövlətlər dəstəkləyirdi. Amma 1990-cı illərin əvvəlində biz daha da dərinə getdik. Məsələ burasındadır ki, keçmiş hakimiyyətlər heç vaxt öz səhvlərini etiraf etməyiblər. Onlar etiraf etməlidirlər ki, müharibəni onlar həmin illərdə uduzmuşdular. Onlar müharibə meydanında deyil, diplomatiyada məğlub olmuşdular”.

Separatçı Hayk Xanumyan: "2024-cü ildə Ermənistana qarşı hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir"

Vardan Arutyunyandan fərqli olaraq, Qarabağdan qaçan separatçı Hayk Xanumyan isə Azərbaycanı ittiham edib və öz açıqlaması ilə əsl erməni həyasızlığı nümayiş etdirib. Onun iddiasına görə, guya Azərbaycan kifayət qədər aqressiv ritorikadan istifadə edir. Maraqlıdır ki, o, rəsmi Bakının hərbi potensialını gücləndirməsini də önə çəkməklə burnunu lazım olmayan yerə müdaxilə etdirməyə cəhd göstərib.

Bununla yanaşı, Xanumyan deyib ki, o, xarici cəbhədə Bakının 2020-ci ilin sentyabrına qədər həyata keçirdiyi diplomatik və digər hazırlıqların bu gün də həyata keçirildiyini görür. "Ona görə də rahatlıqla deyə bilərəm ki, 2024-cü ildə Ermənistana qarşı hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir”, - deyə separatçı bildirib.

Beləliklə, sülh müqaviləsi ətrafında müzakirələrin aparıldığı bir zamanda belə fikirlərin önə sürülməsi, əslində, rəsmi İrəvanın gücsüzlüyü reallığını bir daha ortaya qoyur. Belə davam edəcəyi halda isə, əslində, Xanumyanın proqnozları gerçəkləşə bilər....

Afət Tahirqızı

Digər xəbərlər