"Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən həmin bölgənin türk dövlətləri ilə yüksək səviyyəli münasibətlərin qurulmasında maraqlıdır və bunun üçün çox vacib əməli addımlar atır". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. Onun sözlərinə görə, ölkəmizlə Qazaxıstan respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb: "1993-cü yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın Qazaxıstanda səfirliyi fəaliyyətə başlayıb. 2008-ci ildə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində Baş konsulluğu açılıb. O vaxtdan bu yana iki ölkə arasında çox yaxşı münasibətlər formalaşıb.Ümummilli Lider Heydər Əliyev Qazaxıstanla olan münasibətlərin yüksək səviyyəyə qalxmasında çox vacib addımlar atıb. Cənab Prezident İlham Əliyev də Qazaxıstana, Qazaxıstan rəhbərləri də dəfələrlə Azərbaycana səfərlər edib. Cənab Prezidentin səfərlərində bir çox vacib müqavilələr, sənədlər imzalanıb. Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev də ölkəmizdə rəsmi səfərdə olub. İki ölkə arasında yüksək səviyyəli əlaqələrin qurulması, sıx münasibətlərin formalaşması hər iki ölkə prezidentlərinin prioritet kimi baxdığı bir məsələdir. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər yüksək səviyyəli qarşılıqlı səfərlər etməsi ikitərəfli münasibətlərin tempinə çox müsbət təsir göstərib".Deputat qeyd edib ki, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub: "Bu həm də qazax xalqının Ulu Öndərimizə verdiyi böyük dəyərin göstəricisidir. Azərbaycan da Qazaxıstana kifayət qədər diqqətlə yanaşan bir ölkədir. İndiyədək Azərbaycan və Qazaxıstan arasında 134 sənəd imzalanıb. Bunların ən əsası Azərbaycan və Qazaxıstan respublikaları arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlıq haqqında bəyannamədir. Bu bəyannamə 2004-cü il martın 1-də Astanada imzalanıb. Strateji tərəfdaşlıq münasibətləri haqqında müqavilə 2005-ci ildə imzalanıb. Bu müqavilələrə baxdıqda iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğu aydın olur".V.İskəndərov bildirib ki, Qazaxıstanda 100 minə yaxın azərbaycanlı yaşayır: "Onların böyük əksəriyyəti Türküstan vilayətində yaşayır. Qeyd etmək lazımdır ki, onlar Qazaxıstanın iqtisadiyyatına, mədəni həyatına çox gözəl, dərin töhfələr verirlər. Qazaxıstanda Azərbaycanın elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə, ictimai-siyasi həyatında yaxından iştirak edən tanınmış azərbaycanlılar var. Eyni Azərbaycanda qazax şirkətləri yüksək səviyyədə fəaliyyət göstərirlər. Rəsmi Bakı onların burada fəaliyyət göstərməsi üçün bütün şəraiti yaradıb. Astana Azərbaycana 102,2 milyon, Azərbaycan isə Qazaxıstana 205,2 milyon dollar investisiya qoyub. Bizi ortaq dəyərlər, dil, din, soykök, tarixi mədəni əlaqələr birləşdirir. Hər iki dövlətin maraqlarına uyğun siyasətin həyata keçirilməsi türk dövlətləri birliyi çərçivəsindəki fəaliyyətləri onu deməyə əsas verir ki, Azərbaycan həm də Qazaxıstanla birlikdə dost, qardaş, müttəfiq olaraq gələcəkdə çox böyük uğurlara imza atacaqlar".
Müəllif: Rəşid Qarayev