"20 Yanvar hadisəsi xalqımızın tarixinə qanlı 20 Yanvar qırğını kimi yazılmışdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.Onun sözlərinə görə, biz hər il 20 Yanvar zamanı şəhid olmuş, xalqımızın azadlığı, milli maraqları uğrunda ayağa durub mübarizə aparmış şəhidləri yad edirik: "Bu, bizim qəhrəmanlıq tariximizdir. Eyni zamanda qanlı yaddaşımızdakı mühüm hadisələri təhlil etmək, xatırlamaq baxımından önəmli hadisədir. 20 Yanvar hadisəsinə keçmiş zamanda baş vermiş hadisə kimi yanaşaraq təhlil etmək lazımdır. Daha çox şəhidlərimizi yad edirik, Sovet tanklarına qarşı yalın əllə çıxmış insanlarımızın şücaətini qeyd edirik. Onların şəhid olmasının bizi müstəqilliyə aparan yolda nə qədər önəmli hadisə olmasını qeyd edirik. Azərbaycanın başı üzərində əsən qara buludlar xalqımıza qarşı Sovet tanklarının Bakıda qırğınlar törətməsi xalqımızın əzmini qıra bilmədi.2024-cü ilin yanvar ayında 1990-cı il yanvar hadisələrini xatırlayaraq tarixə ekskursiya etməyimizdən görürük ki, xalqımızın əliyalın tanklar qarşısına çıxması, azadlığının bünövrəsini qoymasından şərəf hissi keçiririk. Sonradan torpaqlarımızın işğal olması, Sovet rəhbərliyinin erməni tərəfdarları ilə birlikdə Azərbaycana qarşı ədalətsiz mövqeyi baş verdi".Deputat bildirib ki, 20 Yanvarda tankların qarşısına çıxan mərd kişilər, qadınlar, 1991-1993-cü illər arasında 1-ci Qarabağ müharibəsi zamanı, eyni zamanda 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı və 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatında şəhid olmuş insanlarla bərabər adları tarixə qızıl hərflərlə düşəcək insanlardır: "Bunlar hamısı zəncirvari şəkildə təhlil olunur, xalqımızın yaxın keçmiş tarixidir, heç vaxt unutmuruq. Şəhidlərimizi heç vaxt unutmuruq. 20 Yanvar şəhidləri bizi azadlıq uğrunda mübarizəyə aparan yolda özlərini qurban verən ilk insanlar idilər. Şükürlər olsun, bu gün biz yeni, bütöv Qarabağda - Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə torpaqları işğaldan təmizlənmiş, suverenliyini tam bərpa olunmuş ölkə olaraq bu şərəfli tarixi yaşayırıq. Biz 20 Yanvar hadisələrinə də qəhrəmanlıq, nikbinlik tarixi kimi baxmalıyıq. Bədbinliyə qapılmaq olmaz. 20 Yanvar hadisəsini xalqımızın qəhrəmanlıq tarixi k imi qiymətləndirməliyik".
Müəllif: Söylü Ağazadə