PDF Oxu

Siyasət

  • 1 525

Azərbaycan sülh siyasətinə sadiqdir TƏHLİL

Azərbaycan sülh siyasətinə sadiqdir TƏHLİL

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, işğala son qoydu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində öz sözünü demiş oldu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir".

"İŞĞAL EDİLMİŞ TORPAQLARDA QANUNSUZ MƏSKUNLAŞMA APARMAQ HƏRBİ CİNAYƏTDİR"

Bildiyimiz kimi, sülhsevər siyasət yürüdən Azərbaycan münaqişənin sülh, danışıqlar yolu ilə uzun müddət həllinə nail olmağa çalışsa da mümkün olmadı. Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışlarına hərbi təxribatlarla cavab verdi. "İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik", – deyə Prezident bildirmişdir. BMT Təhlükəsizlik Şurasının qətnamələri 1993-cü ildə qəbul olunsa da bu qətnamələr 27 il ərzində icra edilmədi. "Beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib". Məlumdur ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmiş, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar. Azərbaycanın 44 gün ərzində apardığı əks-hücum əməliyyatları Ermənistan üçün acı sonluqla yekunlaşdı. XXI əsrin müharibəsini aparan Azərbaycan düşmən üzərində tarixi qələbəsini qazandı, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı. Bu gün də qalib xalq olaraq ölkəmizə maraq sonsuzdur. Müharibədən sonrakı durum, Azərbaycanın mövqeyi diqqətdə saxlanılır. Bu Azərbaycanın dünya miqyasında olan yüksək imicindən qaynaqlanır. Əlbəttə ki, dövlət başçısı bütün çıxışlarında, müsahibələrində ölkəmizin haqq mövqeyini sərgiləyir və sülhsevər siyasəti dünya ictimaiyyətinə mesaj olaraq çatdırılır. Tarixi ədalət bərpa edilib. "Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik", – deyə Azərbaycan Prezidenti bildirib. Bu gün artıq müharibənin başa çatmasından üç ildən artıq bir zaman keçib.

"CANİLƏR BU GÜN HƏBS OLUNUB, SAXLANILIB VƏ ƏDALƏT QARŞISINDA CAVAB VERƏCƏKLƏR"

Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı Azərbaycan öz suverənliyin bərpa etmiş oldu. "Bizim tarixi Qələbəmiz o qədər parlaq idi və cəmi bir neçə saat ərzində davam edən əməliyyat nəticəsində suverenliyimiz bütün ərazidə bərpa olunanda bunu bəziləri belə qavraya da bilmədilər… Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri var", – deyə Prezident bildirib.
Sülh müqaviləsinə gəldikdə isə, Cənab Prezidentin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi başa çatanda bir vakuum yaradılmışdı və heç kim bilmirdi ki, bundan sonra nə olacaq. "Çünki doğrudan da çox unikal bir situasiyadır və o zaman məhz Azərbaycan tərəfi bu boşluğu doldurmaq üçün təklif elədi ki, yəqin sülh müqaviləsi olmalıdır. Hər halda danışıqlar başlanmalıdır, hətta o vaxt hələ fəaliyyətdə olan Minsk qrupunun nümayəndələri də gələndə məndən soruşmuşdular ki, biz indi nə ilə məşğul olaq? Yəni, Sizin məsləhətiniz nədir? Mən dedim ki, indi Qarabağ məsələsi artıq bağlandı. Əgər nə iləsə məşğul olmaq istəyirsinizsə, bir xeyir gətirmək istəyirsinizsə, siz Ermənistan-Azərbaycan normallaşma prosesində iştirak edə bilərsiniz. Amma onlardan hər hansı bir təklif gəlmədi. Onda biz bu təklifi irəli sürdük. Amma irəli sürəndən sonra da heç bir cavab gəlmədi. Ondan sonra biz məlum beş prinsipi rəsmiləşdirdik və bu prinsiplər əsasında faktiki olaraq danışıqlar başlamışdır. Düzdür, o vaxt Ermənistan və bəzi başqa ölkələr bu prinsiplərə Qarabağla bağlı mövzunu da əlavə etmək istəmişdilər. Halbuki biz ilk gündən bunun əleyhinə idik. Çünki mən deyirdim ki, Qarabağ bizim daxili işimizdir, əgər sülh müqaviləsi imzalanarsa, bu, dövlətlər arasındakı müqavilə olacaq. Onu da mən bildirdim ki, bu, çox yığcam bir sənəd olmalıdır. Yəni, 5-10 cildlik yox, maksimum 5-10 səhifəlik əsas prinsiplərdir. Onu da burada, necə deyərlər, velosiped icad etmək lazım deyil, sadəcə olaraq, beynəlxalq hüququn prinsipləri oraya salınmalıdır".

"LAÇIN, FÜZULİ ŞƏHƏRLƏRİ, AĞALI, TALIŞ VƏ ZABUX KƏNDLƏRİ ARTIQ DİRÇƏLİR

Azərbaycan öz sülhsevər siyasətini davam etdirir. 44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini gördü. Mülki, dinc insanların hədəfə alınması, yaşayış yerlərinin dağıdılması erməni vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. 30 ilə yaxın işğalda qalaraq dağıdılan, talan edilən ərazilərimizdə bu gün Cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində həyat yenidən dirçəlir. Həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi üçün irimiqyaslı layihələr reallaşdırılır. Erməni barbarlığı nəticəsində məhv edilmiş tarixi mədəni abidələrimiz bərpa olunur: "30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib", - deyən Prezident bildirib ki, Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. "Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər