“Cənab Prezident yerli mediaya verdiyi müsahibə zamanı çox mühüm məsələlərə toxundu. Bunlardan biri də milli ideya ilə bağlı olan məsələ idi. Bu gün bizim qarşımızda yeni bir mərhələ başlayıb və bu mərhələ olduqca önəmlidir. Qədəm qoyduğumuz yeni mərhələdə milli ideologiyalara ehtiyac var və bu istiqamətdə addımların atılması xüsusi önəm kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, biz Azərbaycanın tarixi süzgəcdən keçib, gəlmiş milli ideyalarını qorumalıyıq, mənəvi dəyərlərimiz təbliğ olunmalıdır: “Bizi gücləndirən və uğura aparan da məhz milli ideya və düşüncələrdir. Eyni zamanda milli ideya da bizim qarşımızda çox mühüm hədəflər qoyur. Bu hədəflərə nail olmaq üçün ciddi addımlar atılmalıdır. Dövlətçiliyimiz, müstəqilliyimizi daha da möhkəmləndirməliyik. Burada millilik, onun qorunması, milli mənəvi dəyərlərin təbliği və gələcək nəsillərə çatdırılması bir missiya kimi qarşımızda durur. Milliliyin qorunması ilə bərabər müasirliyi də diqqət göstərilməlidir. Dəyələrimizə zidd olmayan müasir tendensiya və yanaşmalara da cavab verməliyik. Bu da qarşımızda çox ciddi hədəflərin durduğunu açıq-aydın göstərir”.
Müəllif: Səbinə Hüseynli