PDF Oxu

Siyasət

  • 1 782

Lənkəran və Neftçala yeni inkişaf mərhələsində: VERİLƏN VƏD VƏ ƏMƏL TƏHLİL

Lənkəran və Neftçala yeni inkişaf mərhələsində: VERİLƏN VƏD VƏ ƏMƏL TƏHLİL

Müasir dövrdə Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində, respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişib, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Regionlarda yeni iş yerlərinin açılması və qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır. Regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Prezident İlham Əliyevin dərindən düşünülmüş daxili islahatları və ölçülüb-biçilmiş xarici siyasəti sayəsində hazırda Azərbaycan dinamik inkişaf edən ölkədir. Təbii ki, sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas amillərdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir.

REGİONLARIN SÜRƏTLİ İNKİŞAFI

Dövlət başçısının rayonlara səfəri və bu ərazilərdə görülən işlərlə tanışlıq, yeni müəssisələrin təməlinin qoyulması və s. öz müsbət nəticəsini verir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar tarixində Lənkəran və Neftçala rayonlarına səfəri zamanı hər iki rayonda ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Dövlətimizin başçısı bir sıra müəssisələrin açılışında iştirak edib, eləcə də yeni müəssisələrin təməlini qoyub. Cənab Prezident "Lenk Frut" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə, yeni inşa edilmiş müasir penitensiar kompleksdə yaradılan şəraitlə, "Laran" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Lənkəran tutur. Qeyd edək ki, Lənkəran son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimində də iştirak edib. Dövlət müstəqilliyimizin bərpasından ötən dövr ərizində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib. Sosial-iqtisadi inkişafımızın fonunda şəhər və rayonlarımız simasını dəyişib, nəzərəçarpacaq dərəcədə gözəlləşib. Yeni parklar, bağlar salınıb, yaşayış binaları inşa edilib, yollar çəkilib, küçələr abadlaşdırılıb. Regionlardakı inkişafı Neftçala rayonunun timsalında daha aydın görmək olar. Rayonun qəsəbə və kəndlərində irimiqyaslı abadlıq-quruculuq işləri aparılıb, əhalinin məşğulluğunu təmin etmək məqsədi daşıyan, həmçinin kiçik və orta sahibkarlığın inkişafına təkan verən məhsul istehsalı və emalı müəssisələri yaradılıb, digər infrastruktur layihələr həyata keçirilib. Neftçalada aparılan geniş tikinti, abadlıq və quruculuq işləri rayonun simasını büsbütün dəyişib, park və xiyabanlar yenidən qurulub, yeni inzibati binalar istifadəyə verilib.Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Ümumi inkişafımızda öz payı olan Neftçala rayonu bu tərəqqiyə sanballı töhfəsini verməkdədir.

REGİONLARDA 1,8 MİLYONDAN ÇOX YENİ İŞ YERİ VƏ 52 MİNDƏN ARTIQ YENİ MÜƏSSİSƏ YARADILIB

Vurğulayaq ki, ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir.

VƏTƏNDAŞLARA ŞƏFFAF XİDMƏT - LƏNKƏRAN REGİONAL "ASAN XİDMƏT" MƏRKƏZİ

Dövlət başçısının Lənkərana səfəri çərçivəsində Lənkəran regional "ASAN xidmət" mərkəzinin açılışını edib. Ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə də dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin ən bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin təşəbbüsü isə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərini qeyd edə bilərik. "ASAN xidmət" Azərbaycan məhsulu, ixtirası və brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. "ASAN xidmət" mərkəzlərinin sayı artmaqdadır. Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Bu gün Azərbaycan brendi olan "ASAN xidmət" "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmətin daha yaxşı göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur ki, bu vətəndaş məmnunluğuna səbəb olub. Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzləri beynəlxalq mükafatlara layiq görülüb. Bu gün “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.Bu illər ərzində xidmət bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Cənab İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilatlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirlər: "BMT "ASAN"ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir". "Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyasının qalibi olub. İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikatı alıb. "ASAN xidmət" 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var.Son vaxtlar 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi, 7 saylı Bakı "ASAN xidmət" mərkəzi və 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi, 2023-cü ildə Salyan regional "ASAN xidmət" mərkəzi və Naxçıcan regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.
Ötən iyirmi il aydın şəkildə göstərir ki, Cənab İlham Əliyev prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər