“Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində əlamətdar hadisə olacaq. Bunu istər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən yerli və xarici ekspertlərin, ictimai-siyasi xadimlərin rəyləri sübut edir”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O bildirib ki, növbədənkənar prezident seçkilərinin elan edilməsi ölkəmizin həyatında yeni dövrün başlanğıcı - ərazi bütövlüyünün və dövlət suverenliyinin tam şəkildə bərpası ilə bağlıdır. Deputatın fikrincə, prezident seçkilərindən sonra yeni milli prioritetlər formalaşdırılacaq: “Hazırda Azərbaycan üçün bir sıra vacib prioritetlər var. Biz rəqəmsal iqtisadiyyat, “yaşıl enerji”, müasir təhsil, elm və səhiyyə sistemi ilə təcəssüm olunan modernləşmə yolu ilə irəliləmək üçün hakimiyyət və cəmiyyətin səylərini səfərbər etməliyik. Azərbaycan, müstəqilliyinin otuz ili ərzində hərbi cəhətdən güclü və beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib. Bu baxımdan fevralın 7-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün həm də yeni başlanğıc nöqtəsidir”.