Vitali Arkov: Postsovet məkanında və Avropada bir çox siyasətçilər ölkənin suverenliyini və ləyaqətini necə müdafiə etməyi Əliyevdən öyrənməlidirlər”
Tanınmış politoloq, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov “Moskva-Baku” portalına müsahibəsində Ermənistan hökumətinin nümayəndələrinin Qərb platformalarında növbəti fəallaşması barədə danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.
- İki gün əvvəl İsveçrənin Davos şəhərində Rusiyanın iştirak etmədiyi Dünya İqtisadi Forumu işə başladı. Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan forumun kənarında çox əlamətdar görüş keçirib. İclasda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen, Avropa İttifaqı Şurasının rəhbərinin xarici siyasət üzrə baş müşaviri Saymon Mordu, Avropa Şurasının rəhbəri Maqdalena Qrono, Avropa Komissiyasının rəhbərinin diplomatik müşaviri Fernando Gimareyş və xarici siyasət üzrə baş müşaviri iştirak ediblər. Qriqoryan həmçinin O`Brayenlə əlavə ayrıca görüş keçirib...
- Bəzi məlumatlara görə, bu gün Nikol Paşinyanın əsas varisi kimi məhz Armen Qriqoryan bəzədilir. ABŞ isə bunu fəal şəkildə təbliğ edir. Bu görüş də bunun bir daha təsdiqidir. Qriqoryan mütəmadi olaraq ona-buna zəng edir və İrəvanda hörmətli qonaqları qəbul edir. Və çox tez-tez xarici siyasəti şərh edir. Belə görünür ki, ictimai siyasətlə məşğul olmaq Təhlükəsizlik Şurası rəhbərinin səlahiyyətinə aid deyil, amma o, buradadır.
Ermənistanın “təhlükəsizliyinə” gəlincə, ona qarşı təxribatların törədiləcəyindən daha çox Ermənistanın qonşusu kimi Azərbaycan narahat olmalıdır. Fransa indi Ermənistanı silahlandırır. Ermənistan qışqırır ki, Azərbaycanın “təcavüz”ündən qorxur, eyni zamanda hücuma hazırlaşır. Necə deyərlər, oğrunun özü ən yüksək səslə “Oğrunu tutun” qışqırır.

Əgər Ermənistan Fransanın təhriki ilə Azərbaycana qarşı hərbi çıxış etsə, bu, açıq-aydın uduzulmuş bir kampaniya olacaq. Fransa Ermənistanı necə silahlandırsa da, regionda güc prioriteti Azərbaycanın tərəfindədir. Bu hərbi kampaniyanın nəticəsi, əgər Ermənistan rəhbərliyinin axmaqlığı ucbatından baş verərsə, İrəvan üçün ağır olacaq.
Fransa və Avropa İttifaqı Ermənistanı qızışdırır. Və o, yeni müharibəyə başlamaq üçün səbəb axtarır.
İndi İrəvan beynəlxalq platformalarda “Ermənistanın təhlükəsizliyinə təhdidlər” mövzusunu təbliğ edir. Və hətta bunu Ermənistanın müdafiə naziri deyil, Təhlükəsizlik Şurasının rəhbəri deyir.
Amma erməni xalqının narahatlığına heç bir real səbəb yoxdur. Azərbaycan Ermənistana hücum etmək fikrində deyil. Azərbaycanın hərbi yolla nəyisə qaytarmaq niyyətində olması ilə bağlı bütün bu bəyanatlar saxtakarlıqdan başqa bir şey deyil. Bu gün Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması üçün Ermənistandan əməli addımlar gözləmədən İran ərazisindən keçməklə alternativ yol çəkir. Bəli, daha bahalıdır və daha uzun çəkir, amma nə etmək olar? Əgər Ermənistan rəhbərliyi maneə törədirsə, biz başqa yolla getməliyik.
Ermənistan bu gün növbəti siyasi təxribat təşkil etməyə çalışır. Yeni hərbi təxribatların ola biləcəyini istisna etmirəm, regionda Qərbin sifarişi ilə Ermənistanın təhrik etdiyi növbəti münaqişəni istisna etmirəm.
Ermənistanın və onun Qərb “dostlarının” bu gün üzərində çalışdığı məsələ Ermənistanın təhlükəsizliyi ilə bağlı deyil, Azərbaycana və müəyyən dərəcədə Rusiyaya qarşı yeni hərbi kampaniyanın necə başlayacağı ilə bağlıdır. Bunda regiondakı xarici qüvvələr maraqlıdır. Regionun ən suveren dövlətləri olan Rusiya, Türkiyə və İranı münaqişəyə sürükləmək cəhdləri davam edir. Bu “yumor” altında guya Ermənistanı qorumaq üçün Ermənistan ərazisinə NATO qoşunları gətirilə bilər. Amma onlar başqa şeylərlə yanaşı, həm də Paşinyanı qorumaq üçün ora yerləşdiriləcəklər.
Eyni zamanda, göz qabağındadır ki, Qərb Ermənistandan Rusiya, Türkiyə, İran və Azərbaycana qarşı təsir aləti kimi nə qədər ehtiyatla istifadə etməyə çalışsa da, onlar yaxşı başa düşürlər ki, regional toqquşmalar genişmiqyaslı müharibə ilə nəticələnə bilər.
Ermənistan nümayəndəsinin Davosda görüşü bir daha göstərir ki, Ermənistan Qərbdən kömək və dəstək axtarır. Ermənistanın belə güclü qərbyönlü platformada hər iştirakı ABŞ və Aİ-nin necə birlikdə işlədiyini və Ermənistanı necə qəbul etdiyini nümayiş etdirir.
Ukrayna mövzusunun fəal müzakirə olunduğu Qərb platformalarında Ermənistan Qərb təmsilçiləri ilə intensiv görüşlər keçirir.
Paşinyanın dövründə Ermənistan suverenliyini itirdi. İndi ən azı Fransanın müstəmləkəsidir. Ermənistanda “operatorlar” Paris və Makrondur. Bu yanaşma Ermənistanı və erməni xalqını gələcəkdən məhrum edir. Qərbin başqa dövlətdən öz maraqları üçün istifadə etməsi kimi Ukrayna nümunəsi var. Həm Fransanın, həm də ABŞ-ın Qafqazda maraqları var. Ermənistan isə bu maraqların həyata keçirilməsi üçün alətdir.
- ABŞ və Aİ həqiqətən Ermənistana hər hansı yardım göstərə bilərmi? Sentyabrın 19-dan sonra gördük ki, Aİ və onun ayrı-ayrı ölkələri Ermənistana və Qarabağ ermənilərinə nə qədər maliyyə və humanitar yardımlar ayırıblar...
- Bu, Paşinyan və komandası üçün daha çox “qeydiyyatlı” pul idi. Bir neçə qəpik yəqin ki, Qarabağ ermənilərinə gedib, qalanı isə sadəcə olaraq Paşinyan rejiminin maliyyəsi olub.
Göründüyü kimi, Fransa Ermənistana da kreditlə silah və texnika verir. Aydındır ki, bu, adətən nəyə gətirib çıxarır- ölkələr borca sürüklənir.
Əgər Qərb Ermənistana kömək etmək istəyirsə, bu ölkənin iqtisadiyyatına investisiyalar qoyulmalı, iş yerləri açılmalıdır. Amma biz bunu görmürük. Rusiya bunu edir. İşin gülməli tərəfi isə budur ki, bu fonda Rusiya Ermənistandan sıxışdırılır, ona az qala “işğalçı” deyirlər. Amma Rusiya biznesini Ermənistandan çıxarsanız, Ermənistanda nə qalacaq?
- Rusiya Xarici İşlər Nazirliyi bu gün Ermənistanda bəzi iqtidaryönlü siyasətçilərin Qərbə rəğbət bəsləməkdə artıq sərhədi keçməsinə diqqət çəkməkdə davam edir...
- Bu doğrudur. Yeri gəlmişkən, Ermənistanın hərbi əməliyyatlara hazırlaşdığını Ermənistan vətəndaşlarının Rusiyada aktiv şəkildə daşınmaz əmlak alması sübut edir.
- ABŞ Azərbaycana təzyiq etmək cəhdlərini davam etdirir...
- Azərbaycanda qarşıdan gələn prezident seçkiləri fonunda Qərb təşkilatları uzun müddətdir ki, ənənəvi hal almış söhbətdən- guya “kütləvi pozuntular”dan danışacaqlar. Bütün bunlar suveren dövlətin– Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləridir. ABŞ-ın diktəsi ilə Əliyevə müəyyən addımlar atması üçün təzyiqlər olacaq. Amma o, indiyədək belə hərəkətlər etmədiyi kimi, Azərbaycanın milli maraqlarına zidd olduğundan onları da etməyəcək. Postsovet məkanında və Avropada bir çox siyasətçilər ölkənin suverenliyini və ləyaqətini necə müdafiə etməyi Əliyevdən öyrənməlidirlər.
Bütövlükdə, bu gün bu, bir daha göz qabağındadır: Cənubi Qafqazın bütün ölkələri daha çox konstruktiv qarşılıqlı fəaliyyətə can atır və hansısa yolla prosesləri vahid hesab edirsə, Ermənistan yenə də öz psevdoideyaları ilə kənara çəkilir. Amma bu, Ermənistana yaxşı heç nə gətirməyəcək.
Tərcümə - Elçin Bayramlı