Erməni cəmiyyəti özü-özünü qorxudur
Ermənistan cəmiyyətində yeni müharibə xofu get-gedə artmaqda davam edir. Xüsusilə, sülh müqaviləsinin imzalanması mümkünlüyünün get-gedə azalması faktoru, eləcə də rəsmi İrəvanın danışıqlar prosesini dalana dirəməsi qonşu respublikanın cəmiyyətini daha da təlaşlandırmaqdadır. "Azərbaycanla yeni müharibəyə hər an hazır olmalıyıq".
Seyran Ohanyan: "Xalqımızı qorxutmaq istəməzdim, amma elə bir vəziyyətdəyik ki, hər an..."
Bunu Ermənistanın sabiq müdafiə naziri, deputat Seyran Ohanyan deyib."Xalqımızı qorxutmaq istəməzdim, amma elə bir vəziyyətdəyik ki, hər an vətənimizin müdafiəsinə hazır olmalıyıq. Danışıqların bitdiyi yerdə düşmənçiliklərin başladığı göz qabağındadır", - sabiq nazir bildirib.Ohanyan danışıqların davam etməsinə və sülh müqaviləsi ilə bağlı mübadilələrə baxmayaraq, Ermənistan və Azərbaycanın sülhə yaxın olmadığını iddia edib.Erməni deputat onu da əlavə edib ki, hazırkı vəziyyətdə strateji tərəfdaşlarla, qonşularla münasibətlərin pisləşməsi və bunun əvəzinə regionda qeyri-müəyyənliyin olması Ermənistan üçün yaxşı hal deyil.
Andranik Tevanyan: "Ermənistan müstəqil dövlət kimi ekzistensial krizislə üz-üzədir"
"Nikol Paşinyan 2022-ci il 6 oktyabrından etibarən Azərbaycan və Türkiyədən Ermənistanın ərazi bütövlüyü ilə bağlı "kadastr kağızı" almaq üçün Qarabağı təslim etmək siyasətini həyata keçirir".Bunu isə "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan bildirib:"Cəmiyyətimizin kiçik bir hissəsi buna səssiz razılığını verib. Çünki öz dünyagörüşlərinə uyğun olaraq inanırlar ki, kiçik əraziləri təslim etməklə ölkəni xilas etmək olar. Amma Əliyevin son açıqlamaları bu düşüncədə olanların ümidlərini puç etdi. Paşinyanın reaksiyasızlığı, onun cəmiyyətin bu hissəsini aldatması, Ermənistanın gələcəyini təhlükə altında olmasını təsdiqləyir. İndi Azərbaycan gözünü bütün Ermənistan ərazisinə dikib".Erməni siyasətçisinin sözlərinə görə, Paşinyana inanan azlıq da onun gücünün iflasa uğradığını və onun tükənmiş bir fiqur olduğunu anlayır:"Ermənistan müstəqil dövlət kimi ekzistensial krizislə üz-üzədir. Bütün bunlar isə son 5 ildə aparılan fəlakətli siyasətin nəticəsidir. Ona görə də Ermənistanı dünya xəritəsində dövlət kimi saxlamaq və onun dinc inkişafını təmin etmək üçün ölkəmizə yeni rəhbərlik və yeni təhlükəsizlik siyasəti lazımdır".
Afət Tahirqızı