Birmənalı şəkildə qeyd olunmalıdır ki, xalqın iradəsinin ifadəsi sayılan seçkilərin azad və demokratik şəraitdə keçirilməsi ölkənin hüquqi, demokratik dövlət quruculuğuna sədaqəti ilə bağlıdır. Təbii ki, seçkilər zamanı ictimai fəallıq ən yüksək formada olur və seçicilər inandıqları və etibar etdikləri namizədə səs verməklə taleyini müəyyənləşdirmiş olurlar. Azərbaycan da demokratik dünyanın sivil hissəsi olaraq 1993-cü il Ulu Öndərimiz Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra azad, şəffaf seçkilərin keçirilməsində maraqlı olub və dövlət bu məsələdə xüsusi prinsipiallıq nümayiş etdirib. 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqın böyük dəstəyi ilə Prezident seçilməsi ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun və mükəmməl seçki sisteminin təkmilləşdirilməsinin əsasını qoydu. 2003-cü ildə Dahi Öndər Heydər Əliyev tərəfindən parlamentə təqdim olunmuş Seçki Məcəlləsi Azərbaycanın seçki sisteminə verilmiş ən mühüm töhfələrdən biri oldu. Seçki Məcəlləsi ATƏT-in, AŞ PA-nın və digər beynəlxalq qurumlar tərəfindən müsbət dəyərləndirildi və qanunun layihəsinin azad və ədalətli seçkilərin keçirilməsində mühüm hüquqi sənəd olduğunu qeyd etmişlər. Sonrakı mərhələdə Seçki Məcəlləsinə müəyyən əlavələrin və dəyişikliklərin edilməsi müasir dövrün tələblərindən biri olmuşdur. Bir sözlə, Azərbaycan demokratik, azad seçkinin keçirilməsində daim maraqlı olub. Əminliklə demək olar ki, 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkiləri də azad və şəffaf, şəritdə xalqın iradəsi əsasında keçiriləcək. Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün bütün şəraitin mövcud olduğunu bildirib. İnam Kərimov onu da qeyd edib ki, seçkilərin demokratik, azad və şəffaf həyata keçirilməsi üçün başlıca şərt ölkədə olan ictimai-siyasi sabitlikdir: “Ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur”. İ.Kərimov onu da vurğulayıb ki, ölkədə seçki ilə bağlı əsas yük həmişə olduğu kimi, Mərkəzi Seçki Komissiyasının üzərinə düşür: “İnanıram ki, bu il də qarşıya qoyulan vəzifələr Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcək. Bu işdə məhkəmə hakimiyyəti olaraq üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq”.
30 ildən sonra ilk dəfə bütöv Azərbaycanın hər yerində seçkiləri keçirəcək
7 fevral növbədənkənar prezident seçkilərinin önəmi ondan ibarətdir ki, xalqımız 30 ildən sonra ilk dəfə bütöv Azərbaycanın hər yerində seçkiləri keçirəcək. Bunun üçün dövlət hər cür imkan və şəraiti yaradıb. Artıq işğaldan azad edilmiş ərazilərdə məntəqələr yaradılıb, seçki siyahıları tam şəkildə formalaşdırılıb. Verilən məlumata görə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının nümayəndələri seçkilərə hazırlığın vəziyyətini öyrənmək üçün işğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndi ərazisində yaradılan seçki məntəqələrinə baxış keçiriblər. Seçkiyə hazırlığın vəziyyəti məntəqə sədrləri və üzvləri ilə birgə müzakirə edilib. Bildirilib ki, seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün hər cür şərait yaradılıb. Bütün seçki məntəqələri lazımi avadanlıq və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdirinin müavini Niyaz Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdikdən sonra ölkəmizin bütün ərazisində ilk dəfə olaraq keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə təşkili üçün şəhər və rayonlarda böyük hazırlıq işləri aparılır. Artıq 6319 seçki məntəqəsi seçkilərə tam hazırlıq vəziyyətinə gətirilib. Min seçki məntəqəsinə veb-kameraların quraşdırılması təmin edilib: “Biz Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdəyik və bu ərazilərdə seçkilərə hazırlığın vəziyyətini öyrənirik. Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır. O qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə bir yerdə seçki məntəqələrinin monitorinqi keçirilir. Bütün seçki məntəqələrinin maddi texniki təchizat məsələləri öz həllini tapıb. Seçki məntəqələri etibarlı rabitə, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadənin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələri üçün yüksək səviyyədə binalar ayrılıb: “Hər bir seçki məntəqəsi lazımi kommunikasiya ilə təmin olunub. Seçki məntəqələrinin yerləşdiyi otaqların təchizatı başa çatdırılıb. Məntəqələrə elektrik enerjisinin fasiləsiz verilməsi nəzarət altındadır. Mərkəzi Seçki Komissiyası olaraq, biz də seçki məntəqələrini lazımi təchizatla təmin etmişik. Seçki məntəqələri seçki günü istifadə olunacaq ultrabənövşəyi lampalar, səsvermə kabinələri, şəffaf seçki qutuları, seçici siyahıları və digər sair ilə təchiz olunub”.
Prezident seçkilərini çoxsaylı yerli və xarici müşahidəçi izləyəcək
Növbədənkənar prezident seçkilərini çoxsaylı yerli və xarici müşahidəçi izləyəcək. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 20 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilərin 18 159-u dairə seçki komissiyalarında qeydiyyatdan keçənlərdir.
Seçki prosesini daha fəal və yaxında izləmək üçün MDB Parlamentlərarası Assambleyası xüsusi qurup yardıb. Bununla bağlı MDB Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiyasının Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun sərəncamı ilə Qazaxıstan Respublikası parlamenti Senatının sədr müavini Jakıp Asanov MDB PA-nın Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyəcək beynəlxalq müşahidə qrupunun əlaqələndiricisi təyin edilib. MDB PA Şurası Katibliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Jakıp Asanovun namizədliyi Qazaxıstan Respublikası parlamenti Senatı tərəfindən irəli sürülüb. Hazırda MDB PA iştirakçı dövlətləri parlamentlərinin nümayəndələri, MDB PA-nın vəzifəli şəxsləri və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu yaradılır. MDB PA-nın beynəlxalq müşahidəçiləri növbədənkənar prezident seçkilərinin monitorinqində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə iştirak edəcəklər.
7 fevral növbədənkənar prezident seçkilərində səsvermədən sonra bütün proseslərin aşkar həyata keçirilməsi üçün Müstəqil Media Mərkəzi də yardılıb. Media Mərkəzinin normal və hər cür texniki avadanlıqlar təchiz olunmaqla fəaliyyət göstərilməsi üçün geniş imkanlar yaradılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, Media Mərkəzi vasitəsilə şərait yaradırıq ki, Azərbaycana gələn nümayəndələr, seçkilərlə maraqlanan tərəflər istədikləri vaxt burada mətbuat konfransları keçirsinlər: “Biz də Mərkəzi Seçki Komissiyası olaraq çalışmışıq ki, bu proseslərdə iştirak edək, əgər hansısa irad varsa, öz səlahiyyətlərimiz çərçivəsində adekvat addımlar ataq. MSK Müstəqil Media Mərkəzinin fəaliyyətinə xüsusi əhəmiyyət verir. Çünki bilirsiniz ki, mətbuatsız heç bir ölkəmiqyaslı prosesin hansı səviyyədə keçirilməsini dünya ictimaiyyətinə çatdırmaq olmaz”.
Əhali arasında seçkilərə maraq yüksəkdir
Əhalinin seçki fəallığının artırılması üçün paytaxt Bakı şəhərində və bölgələrdə maarifləndirici tədbirlər keçirilir, çağırışlar edilir. Eyni zamanda, dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər də təşkil olunur. Yanvarın 17-də ölkənin şimal-qərb bölgəsində yerləşən rayonların seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün növbəti treninqlər keçirilib. Treninqlər aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.
113 saylı Qax-Şəki seçki dairəsinin dairə seçki komissiyasında keçirilən və 6 gün davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 72 seçki məntəqəsindən 432 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil edilən təlim kursunda iştirak etmiş Qoşqar Paşayev və Coşqun Mirzəbəyov aparırlar. Treninqlərin ilk günü keçirilən məşğələlərdə dairənin 12 seçki məntəqəsindən 72 nəfər komissiya üzvü iştirak edir. MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib. Yanvarın 17-də 110 saylı Balakən seçki dairəsində də aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib. Dairə seçki komissiyasının sədri Vahid Əliyev 4 gün davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin 264 nəfər komissiya üzvü iştirak edəcək. Məşğələlər MSK tərəfindən təşkil olunan treninq kursunda iştirak etmiş Valeh Ocaqverdiyev və Rəcəb Ustayev tərəfindən aparılır. Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində təşkil edilən treninqlərdə 53 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 52 məntəqəsi üzrə, ümumilikdə, aşağı seçki komissiyalarının 312 üzvünün iştirakı nəzərdə tutulur. Bir sözlə ölkənin bütün seçki dairələrində və məntəqə seçki komissiyalarında sədr və katiblər üçün treninqlər təşkil olunur.
Prezidentliyə namizədlərə öz təbliğatlarını qanunvericiliyin tələbinə uyğun olaraq aparılması üçün münbit şərait yaradılıb. Eyni zamanda, namizədlər pulsuz efir vaxtından da istifadə edirlər. Bunu üçün İTV-də vaxt ayrılıb və prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələri sıra ilə öz seçki platformalarını açıqlaya bilirlər. Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, pulsuz efir vaxtı namizədlər arasında bərabər şərtlərlə bölünür: “İctimai yayımçı, həmçinin ödənişli efir üçün də ehtiyatda əlavə vaxt saxlamalıdır. Özəl yayımçılar isə seçkiqabağı təşviqat aparmaq məsələsində sərbəstdirlər. Onlar təşviqat aparmaqla bağlı istəklərini Mərkəzi Seçki Komissiyasına bildirməlidirlər. Audiovizual Şura audiovizual sahədə tənzimlənməni həyata keçirən dövlət orqanı olaraq, seçkiqabağı təşviqatla bağlı monitorinqlər həyata keçirir. Həmçinin, Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunmasını daim nəzarətdə saxlayır”.
İLHAM ƏLİYEV