Azərbaycanın dünya miqyasında ən dinamik inkişaf edən ölkə olması əksər beynəlxalq maliyyə institutları tərəfindən də etiraf olunur və yaydıqları hesabatlarda bunu qeyd edirlər. Təbii ki, Azərbaycanın əldə etdiyi uğurların əsasında reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Təəssüflər olsun ki, qazanılan və hər bir ölkə vətəndaşının bəhrələndiyi nailiyyətlərə qısqanclıqla yanaşan və bu uğurlara kölgə salmaq istəyən qüvvələr var. Hansı ki, bu qüvvələrin önündə sapı özümüzdən olan baltalar gedirlər. O şəxslər ki, dövlətin hesabına özlərinə və ailələrinə, yaxınlarına böyük imkanlar qazandırıblar, şəraitlər yaradıblar. Lakin təsir altında olduqlarından dövlətçiliyə qarşı çıxırlar, xalqın heysiyyatına toxunan açıqlamalar verirlər, statuslar paylaşırlar. Elə ki, Avropanın, ABŞ-ın qaranlıq dairələri tərəfindən Azərbaycana qarşı qərəzli qətnamələr və ya açıqlamalar verilir, dərhal onu əllərində bayraq edib Azərbaycan dövləti və xalqı haqqında əsassız ittihamlar səsləndirirlər. İndi də Əli Kərimli, Cəmil Həsənli və digərləri ermənipərəst Peter Stanonun və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun ölkəmiz barədə dedikləri cəfəng açıqlamalarından istifadə edib, hay-küy qaldırırlar. Hətta Ə.Kərimli utanmadan iddia edir ki, guya bu vaxta qədər susmağa üstünlük verən Avropa İttifaqı və ABŞ artıq danışmağa başlayıblar: “Azərbaycanda baş verənlərə bir qayda olaraq səbrlə yanaşan ABŞ və Aİ-nı da etirazlarını daha açıq formada ifadə etməyə sövq edir”. Gülməli və ironiya ilə qarşılanan ifadələrdir. Sual yaranır, nə zaman sözügedən dövlət və qurum lal və kar olub? ABŞ deyildimi Azərbaycanın torpaqları ardıcıl işğal edildiyi halda Konqres ölkəmizə qarşı “907-ci düzəlişi” tətbiq edən qətnamə qəbul etmişdir? Eyni zamanda, 2023-cü ilin noyabrın 15-də ABŞ Senatı tərəfindən “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul edilməsi və Konqresin Xarici İşlər Komitəsində “Qarabağın gələcəyi” ilə bağlı qəbul olunan qərəzli akt ABŞ-ın azad, demokratik Azərbaycan dövlətinə qarşı qərəzli münasibəti deyilmi?
Almaniya Hitlerdən qalma faşizm ideologiyasının hələ də dövlətin hakim siyasəti olduğunu nümayiş etdirir
Bakıda keçirilən ilk Avropa Oyunları ərəfəsində Avropadakı bəzi məkrli dairələrin qurduqları şouların və uğursuzluğa düçar olunan aksiyaların sözü-söhbəti hələ də dünya mətbuatında müzakirə olunmaqdadır. Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti anti-Azərbaycan qətnaməsini müzakirəyə çıxartdı, lakin qətnamə qəbul edilmədi. Avropa Parlamentinin sədri Şults, onun müavini Lunaçek çalışsalar da məkrli niyyətləri baş tutmadı, nəticədə 136 deputat lehinə, 136 deputat əleyhinə səs verdi. Almaniya Bundestaqı vəziyyəti öz maraqlarına uyğun dəyişmək üçün Avropa Oyunlarının açılışı günündə qondarma qətnamə qəbul etdi. Bununla da Almaniyanın Hitlerdən qalma faşizm ideologiyasının hələ də dövlətin hakim siyasəti olduğunu nümayiş etdirdi. Hazırda məkrli siyasət davam edir. İndi də Avropa İttifaqı mülki missiya adı altında Ermənistanda Azərbaycanla sərhədə 1500 müşahidəçi yerləşdirir. Buna nə ehtiyac var. Müharibə bitib və Ermənistan 10 noyabr 2020-ci il razılaşmasına əsasən üzərinə bir sıra öhdəliklər götürüb. Başlıcası Zəngəzur dəhlizi açılmalı, Azərbaycanın hələ də işğal altında qalan 8 kəndi azad edilməli, nəqliyyat-komunikasiya xətləri açılmalıdr. Eyni zamanda, Ermənistan konstitusiyasında Qarabağa qarşı əks olunan iddialardan imtina etməlidir. Görünən ondan ibarətdir ki, Ermənistan Avropa İttifaqının, ABŞ-ın, Almaniyanın, Fransanın şirnikləndirici yalan vədlərindən həvəslənərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə tələsmir. Bu azmış kimi Avropa İttifaqı Ermənistana bir qədər də dəstəyini göstərməkdədir, təbii ki, Azərbaycana qarşı qərəzli münasibəti ilə. Avropa İttifaqının ermənipərəst siyasətinin əsas təbliğatçılarından olan, qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stanonun cəfəng sayıqlamasının ardınca Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun Azərbaycanın məhkəmə sistemi haqqında əsasız, yalan, şər və böhtandan ibarət fikirlər səsləndirib. Haqlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun sayıqlamasına tutarlı arqumentləri ilə cavab verib. Ayxan Hacızadə “X” hesabında ölkənin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu, ona müdaxilənin qəbuledilməz olduğunu və iddiaların tam əsassız olduğunu bildirib: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.
Əli Kərimlinin qərəzli mövqeyindən əl çəkəcəyi inandırıcı deyil
Göründüyü kimi, Avropa İttifaqının Azərbaycana olan qərəzli münasibəti açıq şəkildə sezilir. Bütün bunlardan Ə.Kərimli xəbərsizdirsə, xatırlatma etdik. Başa düşmürsə nə baş verir, onu da anlatmaq çətin deyil. Ancaq bütün hallarda Ə.Kərimlinin mövqeyinin müsbətə doğru dəyişəcəyi inandırıcı deyil. Çünki o tam şəkildə xarici şəbəkənin təsiri altındadır. Ona görə də bütün varlığı ilə düşmən dəyirmanına su tökür. Özü də nə zaman, Azərbaycan xalqı 30 ildən sonra Qarabağın işğaldan azad edilməsinin qələbə sevincini yaşadığı bir dönəmdə. Eyni zamanda, cəmiyyətin bütün təbəqələri 7 fevral növbədənkənar prezident seçkilərinə böyük coşqu ilə hazırlaşdığı bir məqamda. Belə bir əhəmiyyətli vaxtda Ə.Kərimli və trol dəstəsi təxribata meyil göstərirlərsə və qərəzli mövqe nümayiş etdirən xarici ermənipərəst dairələrin yanındadırlarsa, deməli, onların qanlarında elmə məlum olmayan zərərli mikroblar var. Hansı ki, onların sağalması və müalicəsi də mümkünsüzdür.
İLHAM ƏLİYEV