PDF Oxu

Siyasət

  • 2 355

Füzuli əzəli sakinlərini qarşılayır TƏHLİL

Füzuli əzəli sakinlərini qarşılayır TƏHLİL

Prezident İlham Əliyev: "Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək"

Vətən müharibəsindən sonra Azərbaycan Qarabağın işğaldan azad edilmiş hissəsini və Şərqi Zəngəzuru bərpa etməyə başladı. Dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxil olmaqla böyük abadlıq-quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş ərazilərin bəzi yerlərində artıq əzəli sakinlər yaşayırlar. Laçın, Füzuli şəhərləri, Ağalı (Zəngilan), Talış (Tərtər), Zabux (Laçın) kəndləri yeni dövrünə qədəm qoyub. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Bildiyimiz kimi, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.

QAFQAZIN XİROSİMASI

Qafqazın Xirosiması adlandırılan Ağdam ermənilər tərəfindən talan edilmiş və ermənilərin nəzarəti altında şəhərdə sağ qalan yeganə tikili olan Ağdam məscidində inək və donuz saxlamaq üçün tövlə kimi istifadə olunmuşdur. 20 noyabr 2020-ci il tarixində atəşkəs razılaşması çərçivəsində şəhər və ətrafı Azərbaycana qaytarılmışdır. Bundan dərhal sonra bərpa prosesinə başlamaq planını açıqlandı və Ağdamın Azərbaycanın ən böyük şəhərlərindən birinə çevirilməsi planlaşdırılır.
26 may 2021-ci ildə uzunluğu 44,5 km olan Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanıldı. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyulub. Gələcək üçün işıqli bir şəhər salınır burada. Dövlət başçısı Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin təməlini qoyub.
Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, "City Hotel Agdam" mehmanxanasının və s. təməlinin qoyulması işlərin planlı və sürətlə davam etməsinə dəlalət edir. Bütün bunlarla yanaşı, keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlinin qoyulması və Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlin qoyulması bu ərazidə aparılan işlərin əzəli sakinlərini tezliklə qoynuna alacağına əsaslanır.

LAÇINDA ƏHALİNİN SAYI 18 MİN NƏFƏRƏ ÇATACAQ

İşğaldan azad olunan Hadrutda, Şuşada, Kəlbəcərdə, Zəngilanda və digər ərazilərdə böyük abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə regionda yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Onların öz doğulduqları yerə göndərilməsi əsas məsələlərdən biridir. Artıq işğaldan sonra digər ərazilərimiz kimi, Laçın da böyük quruculuq meydanına çevrilib. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür. 7-8 ay ərzində 700 bina inşa edilib. Artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqram deyil. Laçın şəhərinin Baş planı hazırlanıb. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır.

"30 İL İŞĞAL ALTINDA OLMUŞ BU ƏRAZİLƏRİN KƏND TƏSƏRRÜFATI, HİDROELEKTRİK ENERJİSİ, GÜNƏŞ VƏ KÜLƏK ENERJİSİ, TURİZM KİMİ SAHƏLƏRDƏ BÖYÜK POTENSİALI VAR"

44 günlük müharibədən xalqımız qələbə ilə çıxdı. Tariximizə Qələbə yazıldı. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir.
Vətən müharibəsində qazandığımız Qələbə və sentyabrın 19-da həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bu gün ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlarımızın bərpası, inkişafıdır. "Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq", – deyə Prezident İlham Əliyev bildirib.

FÜZULİLİLƏR XOŞBƏXT GÜNLƏRİNƏ QƏDƏM QOYUBLAR

Yola düşən əzəli sakinlər üçün bu həyatlarının gözəl gündür. Füzulidən gənc yaşında çıxan, yaxud orada heç doğulmayan insanlar üçün bu qayıdış böyük bir sevincdir və heç vaxt unudulmayacaq bir hissdir. Uzun illərin həsrətinə nöqtə qoyulur, yenidən qurub-yaradacaq insanların səsi bu ərazilərə yayılacaq. Xoşbəxt günlər onların gündəliyində yer alacaqdır. İllər sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr həsrətini çəkdikləri kəndin gözəl mənzərəsi ilə tanış olurlar. Füzuli şəhər sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin olunub. Böyük Qayıdış proqramı çərçivəsində öz yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 28-ə çatıb. Ümumilikdə indiyədək Böyük Qayıdış proqramı çərçivəsində 1000-dən artıq vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlar müvafiq vakansiyalar üzrə işlə təmin olunub, özünüməşğulluq proqramına və peşə hazırlığı kurslarına cəlb ediliblər.
Köç karvanları yenidən işğaldan azad olunan Füzulimizə yol aldı.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA İNKİŞAF VƏ TƏRƏQQİ DÖVRÜ

Yanvarın 18-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salındı. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürüldü. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bununla da indiyədək Füzuli şəhərində 410 ailənin (1519 nəfər) daimi məskunlaşması təmin edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər