PDF Oxu

Siyasət

  • 1 885

Dünya ölkələrinin etibarlı tərəfdaşı TƏHLİL

Dünya ölkələrinin etibarlı tərəfdaşı TƏHLİL

Bu il Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək

Ölkəmizin bütün sahələrində, o cümlədən kənd təsərrüfatında, kosmik və hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq arenada qurduğu münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada tanınmasına, söz və nüfuz sahibinə çevrilməsinə səbəb olan amillərdir. Azərbaycan qeyd olunan sahələrlə yanaşı, tolerant və multikultural dəyərlərə malik dövlət kimi də dünyada tanınır. Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.
Ümumiyyətlə, bu gün dövlətimiz böyük sıçrayışla inkişaf edir, möhtəşəm nailiyyətlərə imza atır. Azərbaycan ötən illər ərzində beynəlxalq birliyin fəal üzvünə çevrilib. Dövlətimizin siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub. Məhz bu səbəbdəndir ki, dünyada Azərbaycanın dostları artır və ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir. Bütün bunların nəticəsidir ki, Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir və beynəlxalq tədbirə ev sahibliyi edir. Siyasi cəhətdən stabil və daim inkişafda olan Azərbaycan dünyada müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin və idman yarışlarının yüksək səviyyədə keçirildiyi əlverişli ölkə kimi tanınır. Müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan Azərbaycanda belə tədbirlərin keçirilməsi sahəsindəki uğur və təcrübəsi yüksək dəyərləndirilir.
Bu günədək Dünya Dini Liderlərinin Sammiti, Bakı Beynəlxalq Humanitar forumları, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, "Bakı-2015" Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın siyasi və iqtisadi müstəvidə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrilib. Azərbaycan uğurlu inkişaf strategiyasını tətbiq edərək, zəruri siyasi və iqtisadi islahatları həyata keçirir.
Bu il də Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edəcəkdir. Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19 cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin olunub. Təşkilat Komitəsinə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19 cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planını hazırlayıb həyata keçirmək tapşırılıb. Təşkilat Komitəsi, həmçinin əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir. Nazirlər Kabineti nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməli və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməlidir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək… Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı." Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. Bu, tədbir Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, beynəlxalq birlik 30-40 ölkə deyil: "Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir. İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik".
Ölkəmizə gələn əcnəbi qonaqlar burada yaradılan infrastrukturu, bütün sahələrdə tərəqqini, nadir arxitekturanı, ölkənin qədim tarixi və zəngin çoxəsrlik mədəniyyətini, həmçinin sabitliyi və təhlükəsizliyi öz gözləri ilə görürlər. Bütün bunlar dövlət başçısı Prezident İlham Əliyevin ölkənin kompleks şəkildə inkişafına dair uzaqgörən və müdrik strategiyası ilə bağlıdır. Əminliklə demək olar ki, Zəfər qazanmış Azərbaycan özünü dünyada təsdiq edən zəngin və güclü dövlətdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər