PDF Oxu

Siyasət

  • 1 735

Azərbaycan uğurları ilə növbəti tarix yazacaq TƏHLİL

Azərbaycan uğurları ilə növbəti tarix yazacaq TƏHLİL

5 min illik dövlətçilik tarixinə malik olan Azərbaycan ən ağır sınaqlardan, keşməkeşli yollardan keçib, lakin heç zaman əyilməyib, sınmayıb hər zaman ayaqda olub. Çətinliklərlə üzləşdiyi vaxtlar xalq daha sıx birləşməklə ümumi düşmənə qarşı mübarizə aparıb. Millətimiz xarici məkrli qüvvələrin planları əsasında daxildə sınaqlara da çəkilib. Ancaq yenə də səbrlə, təmkinlə ağrı-acıları aradan qaldırmağa çalışıb. Qətiyyətli mübarizə, nəhayət, özünün qalibiyyəti ilə nəticələndi 30 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Təəssüflər olsun ki, bəzi qüvvələr çətinliklə qurulan müstəqilliyi hakimiyyət uğrunda savaşa qurban verməyə çalışdılar. Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda bütün sahələrdə hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü mövcud vəziyyəti aradan qaldırmaqdansa, haqq uğrunda səsini qaldıran xalqın səsini batırmağa çalışırdı. Hətta küçələrə çıxan insanlara atəş açmaqdan, həbs edib həbsxanalara atmaqdan çəkinmirdilər. Vəziyyətin idarə olunmaz dərəcədə kritik olmasından istifadə edən Ermənistan ardıcıl olaraq Azərbaycanın torpaqlarını işğal edirdi. Artıq vəziyyət o qədər çətin və ağır həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması mütləq tarixi zərurətə çevrilmişdi. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan xalqının ümid yeri Ümummilli Liderimiz, xalqımızın xilaskarı Heydər Əliyev idi. Məhz bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı. Həmin ilin oktyabrın 24-də Ulu Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Dahi Öndərimiz partiyanın Sədri seçildi. Tarixi çıxışlarının birində Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkəmizdə cərəyan edən çətin, ağır dövrü barədə demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”, “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Tarixi gün

Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərimiz ölkəni və xalqı üzləşdiyi bəlalardan xilas edə bildi. Bu baxımdan, 1993-cü ilin 15 İyun Milli Qurtuluş Günü - Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gündür. Xilaskarlıq missiyasını öz üzərinə götürən Dahi Öndər Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradaraq, 1993-cü il iyunun 9-da Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili institutu yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktorlardan biri idi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Bununla yanaşı, 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi.

Adını tarixə qızıl hərflə yazan lider

2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən, onun ən dəyərli, siyasi varisi olan İlham Əliyevin timsalında bir daha onun dahiliyinin şahidi olduq. Azərbaycan xalqı həmişə o irsdən faydalanacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyevin -100” illiyinin keçirilməsi barədə qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Ulu Öndərimizin istər Azərbaycanda hakimiyyətinin birinci dövrü, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Xoşbəxt xalqıq ki, bu gün Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti, Onun ən layiqli siyasi varisi, Yenilməz Sərkərdə, Müdrik Lider İlham Əliyev davam etdirir. Məhz Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində qarşıya qoyulan bütün məqsədlərə nail olunub. Təbii ki, Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. 2003-cü il prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev xalqa müraciətində axıra çatdıra bilmədiyi işlərin Cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirildiyini və bunun əsasında güclü və qüdrətli Azərbaycan dövləti yaradıldığını bildirmişdir: “Mən çox şadam və çox böyük qürur hissi keçirirəm ki, biz - Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən ilk növbədə onun kimi, Heydər Əliyev kimi öz siyasətimizi xalqın inamına arxalanaraq, xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Bütün başqa amillərlə bərabər, ən başlıca şərt xalqla iqtidar arasında olan birlikdir, aparılan siyasətə xalq tərəfindən olan dəstək və bütün cəmiyyətin ümumi bir ideya ətrafında, milli ideya ətrafında birləşməsi və vətəndaş həmrəyliyidir. Bu ideyanı - azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyasını da Heydər Əliyev bizə əmanət edib. Bu, bizim dövlətimizin əsas ideoloji sütunudur. Biz bu möhkəm zəmin üzərində müasir dövlət qururuq. O dövlət ki, artıq dünyada özünəlayiq yerini tuta bildi, o dövlət ki, öz hesabına yaşayır, müstəqil həyat sürür və dövlət müstəqilliyini hər şeydən üstün tutur”.

Yenilməz Sərkərdə, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndirdi. Nəhayət, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini bərpa etməyə nail oldu. Torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın qarşısında yeni imkanlar yarandı. Buna görə Ulu Öndər Heydər Əliyevin siyasətinə və bu siyasəti möhtəşəm şəkildə davam etdirən Prezident İlham Əliyevə minnətdarıq. Qürur hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Dahi Öndərin vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirən lider

Azərbaycan Prezidenti İlham Əliyevin xalq, dövlət maraqlarına əsaslanan xeyirli, gərəkli fəaliyyətinin əsas məğzini 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın düşmən əsarətindən azad edilməsi və bununla da Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsidir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. 2023-cü ilin aprelin 23-də isə Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd-keçid məntəqəsi quruldu. Bununla da suverenliyimiz təmin olundu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliyev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işğaldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir.

Söz yox ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın özüdür, Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Haqlı olaraq Ulu Öndər Heydər Əliyev deyirdi: “ Azərbaycan durduqca mən var olacam. Azərbaycan əbədiyyən var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Heydər Əliyev yaşayacaq”.

İLHAM ƏLİYEV

Digər xəbərlər