Hərbi ekspert: "Ermənistan stəkanda fırtına qoparmağı xoşlayır"
"Ermənistanla Azərbaycan arasında yeni bir müharibənin olması ehtimalı mümkün deyil. Artıq müharibə bölgədə tarixin yaddaşına köçüb". Bu fikirləri ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Ermənistanda son vaxtlar müzakirə olunan müharibə ehtimalına münasibətini açıqlayarkən deyib.Onun sözlərinə görə, məhz Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı təyin olunması İrəvanda kəskin rezonansa səbəb olub. Belə ki, Ermənistanın Baş naziri rəsmi İrəvana yaxınlığı ilə seçilən politoloq Vahram Atanesyan qeyd edib ki, Hikmət Mirzəyevin Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı təyin olunması Ermənistan hakimiyyətində qorxuya səbəb olub. Onun sözlərinə görə, Paşinyan iqtidarı Azərbaycandakı bu təyinatı təhlükəli sayır. Lakin hərbi ekspert əmindir ki, müharibə nəzəri baxımdan mümkün olsa da, praktiki baxımdan mümkünsüzdür.
Anklavlar boşaldılır
"Məlumata görə, ermənilər Qazaxın anklav olmayan kənlərinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini boşaldırlar. Onlar bilirlər ki, Azərbaycanın verdiyi zaman limiti yaxın vaxtlarda başa çatacaq. Bu nöqteyi-nəzərdən, yəqin ki, ermənilər başqa yerdən köçürülmüş vətəndaşları oradan köçürürlər", - deyə Üzeyir Cəfərov bildirib.Hərbi analitik istisna etməyib ki, anklav olmayan 4 kənd uğrunda müəyyən gərginlik yaşansın: "Lakin Hikmət Mirzəyevin Quru Qoşunları komandanı təyin olunmasının erməniləri narahat etməsi absurddur. Bu, onları niyə narahat etməlidir? Ona qalsa, ermənilər hərbi istiqamətdə dəfələrlə müxtəlif addımlar atırlar ki, bu, bizi narahat etmir. Çünki biz bu məsələləri İrəvanın daxili işi kimi qəbul edirik. Hikmət Mirzəyevin sözügedən təyinatı 2020-ci il müharibəsindən sonra olsaydı, onda deyə bilərdik ki, ermənilərin narahatlığına əsas var. Lakin indi heç bir əsas yoxdur, Azərbaycan öz ordu quruculuğunu, müəyyən kadr dəyişikliklərini həyata keçirir. Ona görə də ermənilərin narahatlığı əbəsdir, boşdur. Çünki Azərbaycan hər hansı bir müharibəyə hazırlaşmır".
Zəngəzurla bağlı məsələ yaxın vaxtlarda öz müsbət həllini tapmalıdır
Hərbi ekspert əlavə edib ki, ermənilərə görə, biz güc işlətməklə Zəngəzur dəhlizini açmağa hazırlaşırıq: "Sözün düzü, belə bir şey yoxdur və Ermənistanın baş naziri Nikol Paşinyan da söyləyir ki, Azərbaycanla İran arasında Zəngəzurla bağlı olan şərtlər İrəvan üçün də keçərlidir. Yəni, Azərbaycan bununla rahat şəkildə Naxçıvan Muxtar Respublikasına gedib-gəlmək imkanı əldə edə bilər".
Üzeyir Cəfərov onu da əlavə edib ki, gələn həftənin sonlarında Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu görüşəcək:"Görək, ermənilər bu dəfə nəyi təklif edib hansı qərarı verəcəklər. Böyük ehtimalla, Zəngəzurla bağlı məsələ yaxın vaxtlarda öz müsbət həllini tapmalıdır. Bu gün bölgədə müharibə riski yoxdur. Yəni, regionda hər hansı bir münaqişə ocağı mövcud deyil ki, hansısa bir müharibə riski olsun".Onun sözlərinə görə, Azərbaycanın anklav olmayan 4 kəndlə bağlı iddiasına cavab olaraq, İrəvan yenidən 32 kənd məsələsini gündəmə gətirməyə başlayıb: "Çünki Ermənistan stəkanda fırtına qoparmağı xoşlayır. İsveçrədəki Davos sammitində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynla görüşüb müəyyən müzakirələr aparıb. Baş nazir Paşinyan da əlavə edib ki, İrəvan sülhün tərəfdarıdır. Ermənilərin bu açıqlamalarının səmimi olub-olmamasını yəqin ki, yaxın bir neçə gün ərzində görəcəyik".
Afət Tahirqızı