PDF Oxu

Siyasət

  • 6 095

20 Yanvarın günahsız qurbanı: ON ÜÇ YAŞLI QIZ TƏHLİL

20 Yanvarın günahsız qurbanı: ON ÜÇ YAŞLI QIZ TƏHLİL

Son illərdə Azərbaycanın üzərini çox qara kabuslar bürümüş oldu. Faciələr, soyqırımı, terror aktları… daha nələr, nələr. Hər tarixdə qanlı izlər var. Mücadilə yaşamış xalqımızın başına gələn olaylar yaddaş və tariximizdə silinməz izlər salmışdır. Yaşından asılı olmayaraq bu faciələri yaşadı insanlarımız. Qoca da, gənc də, uşaq da bu qanlı olayların qurbanına çevrildi. Müstəqilliyimizə gedən yolda və ondan sonra baş verənlər talemizə çox qadalı zaman kimi həkk olundu. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri tariximizə iz saldı. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Elə buna görə 20 Yanvar hər il təkcə Ümumxalq Hüzn Günü kimi deyil, qəhrəmanlıq, milli qürur, məğrurluq günü kimi də qeyd olunur. Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adı əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunub. SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı. Günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətinin təzahürü idi.

QAN ÇANAĞINA DÖNƏN BAKI

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə zülmə tabe olmayan xalqımız qədim Bakını qan çanağına döndərdi. İmperiya cəlladlarının törətdiyi qanlı əməllər nəticəsində məktəblilərin olması bu quruluşun nə qədər qəddar və qaniçən olduğunu bir daha göstərmiş oldu. 13 yaşlı İlqar, 14 yaşlı Nəriman, 16 yaşlı Veranın qaniçənlərin qurbanı olması bu vəhşilikdən söz açır. 33 ildir ki, müqəddəs ziyarətgaha çevrilən Şəhidlər xiyabanında yan-yana düzülən, eyni biçimli məzarlarda yatanların hər biri xalqımızın doğması xatırlanır, yaddaşlara yazılır.
Onların arasında 13 yaşlı Larisa da var. 20 yanvar faciəsinin azyaşlı şəhidlərindən biri kimi Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədova və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.
Kimdir Larisa? Larisa Məmmədova… Yarımçıq qalan ömür. 11 avqust 1977-ci il tarixinə dünyaya gələn Yanvar şəhidinin adı məktəb şagirdi kimi məzarlığa – Şəhidlər xiyabanına həkk olundu. 1990-cı ilin 19 yanvardan 20 yanvara keçən gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L.Şmidt adına zavoda getmişdir. Sanki ölüm onu cənginə çəkməyə çalışırdı. Atası evdən çıxarkən Larisa atasından əl çəkmir, onunla getmək istədiyini bildirir. Həmin gecə həyat yoldaşından və qızından heç bir soraq ala bilməyən Qalina xanım çox narahatlıq keçirir. Ertəsi gün isə xəbər gəlir ki, şəhərdə baş verən hadisələr zamanı Fərman kişi ayağından yaralanıb. Larisa isə ürəyindən vurularaq 19 yanvar 1990-cı ildə 13 yaşında həyatını itirib .Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı.
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin Larisaya həsr etdiyi şeirində "On üç yaşlı körpə bala" da bu kədəri ifadə edir:

On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…

Qeyd edək ki, Larisanın atası Fərman Ukraynada hərbi xidmətdə olmuş və Qalina adlı qadınla tanış olumuş onunla ailə qurmuşdur. Larisa Ukraynada anadan olur, elə adını da orada ona qoyurlar. Valideynlərinin sözünə görə, o, öz adından narazılıq edirmiş və məktəbi bitirənən sonra pasport alanda adını dəyişib Leyla edəcəyini bildirirmiş.
Larisa orta məktəbdə yaxşı oxuyan şagirdlərdən biri olmuşdur. Musiqi təhsili də alırmış. Belə ki, o, piano dərsləri də alıb. Ən böyük arzusu da böyüyəndə piano müəllimi olmaq olub.
Amma arzularını imperiyanın caynaqları onun arzusunu boğur. Bütün arzularını özü ilə əbədi dünyasına aparır.
Bütün şəhid övladlarımız kimi, Larisa da Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər