PDF Oxu

Siyasət

  • 4 279

20 Yanvar - Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin dönməzliyinin nümayişi idi

20 Yanvar - Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin dönməzliyinin nümayişi idi

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür. Xalqımızın qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə Azərbaycan xalqının azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.

Sovet rəhbərliyi xalqımızın müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” qərar qəbul etdi. Amma bu qərarın tətbiqi barədə əhaliyə vaxtında xəbər verilmədi. Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün SSRİ DTK-sinin “Alfa” qrupu yanvarın 19-da respublika televiziyasının enerji blokunu partlatdı. Televiziya susduruldu, kütləvi informasiya vasitələrinə, qəzet və jurnalların nəşrinə qadağalar qoyuldu. Azərbaycan informasiya blokadasına alındı. Əhali məlumat almaq mənbələrindən məhrum edildi. Beləliklə, Azərbaycana qarşı aparılan mənəvi, ideoloji və siyasi təcavüz qısa müddət ərzində faciəvi sonluqla bitdi. Sovet ordusunun xüsusi təlim görmüş, tərkibində erməni zabitlərinin olduğu 12 min nəfərlik qoşun hissələri, zirehli texnika 3 istiqamətdən Bakıya yeridildi. Bakı şəhərində yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildi. Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Qanlı Yanvar faciəsi zamanı rəsmi məlumatlara görə Bakıda 131 nəfər mülki şəxs küçələrdə, evlərdə, avtomobillərində, iş yerlərində öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 200-dən çox bina, 80 avtomobil, o cümlədən təcili yardım maşını yararsız hala salınmışdır. Qanlı Yanvar faciəsindən dərhal sonra – 1990-cı il yanvarın 21-də böyük siyasətçi və görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etmişdi. Qeyd edək ki, 20 yanvar faciəsi respublikamızın digər şəhər və rayonlarından da yan keçmədi. Belə ki, yanvar ayının 22-də və 25-də Lənkaranda, Neftçalada da dəhşətli hadisələr törədildi. Burada da dinc əhaliyə amansız divan tutuldu.

Qanlı Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Nəticədə, yanvarın 22-də Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı öz şəhidləri ilə vidalaşdı. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Bu tarixi faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin ilin noyabrayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi. Yalnız ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Respublika səviyyəsində faciəyə hüquqi-siyasi qiymət verildi. Ulu öndər Heydər Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının göstərilməsinə böyük diqqətlə yanaşırdı. Bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmişdir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il yanvar ayının 17-də imzaladığı fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 yanvar şəhidi” fəxri adı verildi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Ölkə Başçısı İlham Əliyev 19 yanvar 2006-cı il tarixdə “20 yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman vermişdir. Dövlət başçısının tapşırığı ilə “Şəhidlər Xiyabanı”nda şərq memarlığı üslubunda əsaslı təmir və yenidənqurma işləri aparılmış, Bakıda, metronun “20 yanvar” stansiyasi üzərindəki ərazidə 20 yanvar şəhidlərinin xatirəsinə Memorial Abidə Kompleksi ucaldılmışdır. Azərbaycanın Milli Qəhrəmanlarının, 20 yanvar faciəsində, torpaqlarımızın müdafiəsi zamanı şəhid olanların ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına Prezident təqaüdləri təyin edilmişdir. Təyin edilən Prezident təqaüdlərinin məbləğinin vaxtaşırı artırılması onlara göstərilən dövlət qayğısının təzahürüdür. Bu gün də Prezident təqaüdü alaninsanların mənzil və digər sosial problemlərinin həlli müvafiq dövlət qurumlarının diqqət mərkəzində saxlanılır.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Artıq 4 ildir ki, 20 Yanvar faciəsini bir başqa əhval-ruhiyyədə, bütöv Azərbaycanın, Qalib ölkənin vətəndaşları kimi yad edəcəyik. Bir tərəfdən kədər hissi, digər tərəfdən qürurla şəhidlərimizi ziyarət edəcəyik. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 2020-ci ilin sentyabrın 27-sindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi Zəfərlə başa çatıb, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 34 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir. Qoy 44 günlük Vətən müharibəsi şəhidləri də daxil, bütün şəhidlərimizin ruhu şad olsun!

Azərbaycanın azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində bundansonra da əbədi yaşayacaqdır!

Allah bütün şəhidlərə rəhmət eləsin!

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər