Mahiyyət etibarilə bir-birinə ayrılmaz tellərlə bağlı olan bu iki anlayışın mənasını bəzən bilərəkdən, bəzənsə bilməyərəkdən qarışdıranlar var. Halbuki bunu dərk etmək o qədər çətin deyil ki, bu gün ölkəmizdə formalaşan milli ideologiya müəllifi Ümummilli Liderimiz olan azərbaycançılıq ideologiyasına söykənir, onun kökləri üzərində təşəkkül tapır. Bu iki anlayışın hər biri tarixi zərurətə əsaslanır. O zərurət ki, əslində azərbaycançılıq ideologiyası formalaşmasaydı, milli ideologiyaya keçid etmək mümkün olmazdı. Azərbaycançılıq ideologiyası dünənimiz idi. Yenicə bərpa etdiyimiz müstəqilliyin qorunub saxlanması, müstəqil dövlətin, dövlət quruluşunun formalaşması, iqtisadi tənəzzülə uğramış ölkənin dirçəldilməsi, din, dil məsələsi, ümumilikdə isə 70 illik sovet Azərbaycanı üzərində yeni bir Azərbaycan qurmağa çağırış idi.
Milli ideologiya isə bu günümüz, yəni müasir dövrün ideologiyasıdır. Bu, ölkənin çağdaş dövrünə məxsus tələbdir. 33 yaşlı müstəqil dövlətin, həm də 30 ildən sonra bütövləşmiş Azərbaycanın, eyni zamanda hərtərəfli inkişaf edən ölkəmizdə milli zəmində nail olduqlarımıza milli ideologiya fonunda davam etmək deməkdir. Və onu da vurğulayaq ki, ideologiyasız cəmiyyət yox kimidir və istənilən bir ideologiya asanlıqla formalaşmır. Bunu azərbaycançılıq ideologiyasınaqədərki dövrlərə nəzər salmaqla əsaslandıraq.
Bu gündən dünənə baxış
Bu gün ölkəmizin son yüzillikdə formalaşan respublika üsul-idarələrinə nəzər saldıqda görmək olur ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti və 1920-1991-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası dövründə bizim xalq olaraq ideologiyamız olmayıb.
Azərbaycan Xalq Cümhuriyyətinın əhatə etdiyi qısa zaman kəsiyində söz yox ki, hansısa ideologiyanın olmaması parlamentin düzgün təşkil edilməməsinə, cümhuriyyətdaxili ixtişaşların yaranmasına, bu gün problemini yaşadığımız bir sıra səhvlərin buraxılmasına və bu dövlət quruluşunun məhvinə səbəb oldu.
İkinci respublika quruluşu isə ölkəmizi müstəmləkəyə çevirən sovetlərin hakimiyyəti dövrü oldu. Biz istəməyərək onun burulğanında 70 ilimizi itirdik. Kommunizm ideologiyası altında birləşən 15 müttəfiqdən biri olduq. Və təbii, həmin 70 il sonra əlimizə müstəqillik kimi bir fürsət düşən kimi özümüzə-azərbaycançılığa qayıdacaqdıq. Lakin bu, o da demək deyil ki, 70 il sovet imperiyasının əsarəti altında biz azərbaycanlı olmamışıq. Azərbaycanlı olmaqla, azərbaycançılığı səhv salmayaq. Tarix özü şahiddir ki, nə qədər qadağalar, yasaqlar görsək də, nə dilimizdən, tariximizdən vaz keçmişik, nə mədəniyyətimizdən, nə də mentalitetimizdən, milli dəyərlərimizdən adət-ənənələrimizdən. Biz bunları başqa bir quruluşun təsiri altında qoruyub saxlamağı bacaran qəhrəman bir xalqıq. Milli bayramlarımızı, dini mərasimləri keçirməyi, adət-ənənələrimizi gizlin şəkildə də olsa, yaşatmağımızı yəqin ki, xatırlayanlar var. Biz azərbaycanlı idik, lakin azərbaycançılıq ideologiyasına ehtiyacımız vardı. Bizim olanların hər birini yeni bir quruluşda-müstəqil ölkədə nizamlamaq üçün azərbaycançılıq ideologiyasını formalaşdırmaq lazım idi. Bu ideologiyanın banisi isə Ümummilli Liderimiz Heydər Əliyev oldu.
Azərbaycan ideologiyası: diktaturadan demokratiyaya keçid
SSRİ dağıldıqdan və kommunist ideologiyası süquta uğradıqdan sonra bir sıra Qərb ideoloqları fikirlər irəli sürürdülər ki, ümumiyyətlə, ideologiyaların ömrü XX əsrdə sona çatmışdır. S.Xaninqton “Sivilizasiyaların toqquşması” məqaləsində yazırdı ki, XXI əsrdə ideologiyalara yer qalmayacaq, bu əsr dinlərin və sivilizasiyaların mübarizəsi əsri olacaqdır. Frensis Fokuyama isə özünün “Tarixin sonu. Sonuncu insan” kitabında yazırdı ki, liberalizm bütün ideologiyalar üzərində qələbə çalmışdır.
Lakin bu məsələ ilə bağlı Qərb ideoloqları üzərində Şərq ideoloqları qələbə çaldı. Belə ki, ideologiyasız cəmiyyətin var olmasının mümükünsüzlüyünü isbat edən Ulu Öndər bu məsələyə fərqli yanaşırdı və daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Ulu Öndər xalqın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyasını ölkədə vətəndaş birliyinin uğurlu təməli hesab edirdi.
Azərbaycan diktatura rejimindən demokratik bir quruluşa keçmişdi. Təbii ki, yeni quruluşda əsaslanacağımız bir ideologiya olmadan formalaşa da bilməzdik. Bütün bunları uzaqgörənliklə Böyük Heydər Əliyev hələ sovet quruluşunda hansı vəzifədə çalışmasından asılı olmayaraq düşünmüş və həmin dövrdə azərbaycançlıq ideologiyasının rüşeymlərini yaratmışdı. 1969-1982-ci illərdə sovet ittifaqının tərkibində olan ölkəmizə rəhbərlik edən Ümummilli Liderimizin yaratdığı reallığa nəzər salanda aydın olur ki, başqa bir quruluşa tabe ölkədə qanunçuluğu və hüquq qaydasını möhkəmləndirmək, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaq, bütün sahələrdə geridə qalmış Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə ittifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmək, bütün bunların fonunda isə xalqın gələcək müstəqilliyinə zəmin yaratmaq üçün uzaqgörən addımlar atmaq hər siyasi xadimin gücü daxilində olan məsələ deyildi. Lakin Ulu Öndər bu reallığı yaratdı. Bu reallıqda hər zaman insan amili, xalqın rifahı, bu günü, sabahı ilə bağlı arzuları, hüquq və azadlıqları, ən əsası isə azərbaycançılıq ideologiyası ön sırada dayanırdı.
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev azərbaycançılığı ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Çağdaş dövrümüzdə cəmiyyətimizdə formalaşdırılan milli ideologiya isə XXI əsrdə ideologiyalara yer qalmayacağını iddia edən ideoloqların fikirlərini bir daha alt-üst etdi.
Müstəqilliyimiz üçün Heydər Əliyevə, bütöv Azərbaycan üçün İlham Əliyevə borcluyuq
Zaman bəzən bizi gözləmədiyimiz hadisələri yaşamağa vadar edir. Elə 90-cı illərdə olduğu kimi. Kim ağlına gətirə bilərdi ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın nankor ermənilər tərəfindən torpaqları işğal olunmaqla, ərazi bütövlüyü pozulacaqdı. Bu, təbii ki, hələ 80-ci illərin sonundan hazırlanan plan idi. Ozamankı hakimiyyətin səriştəsiz ünsürləri kürsülərini möhkəmləndirmək uçun bu yollara əl atmışdı. Öz mənafelərini xalqın azadlıq və suverenliyindən üstün tutan həmin yığnaq hələ qarşıda ölkənin ərazi bütövlüyünün pozulmasına da səbəbkar olacaqdı.
Bir fakta nəzər salaq. Baxmayaraq ki, 1990-cı ildə Bakıda 20 Yanvar hadisəsi törədilmişdi, yüzlərlə soydaşımız şəhid olmuşdu, Ulu Öndər sovet imperiyasının planlı şəkildə həyata keçirdiyi bu faciəyə etirazını bildirərək Moskvanı tərk edib Vətənə qayıtmışdı, cəmi bir il sonra ozamankı hakimiyyət 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanılması haqqında referendumun keçirilməsini planlaşdırırdı.
Belə bir dövrdə Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına münasibətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 26 oktyabr 1991-ci il tarixli bəyanatında deyilirdi: “Naxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son üç ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb, bu yolda qurbanlar verib və 18 oktyabr 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını bütün Azərbaycan demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir. 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanılması haqqında referendumda Naxçıvan Muxtar Respublikası əhalisinin iştirak etməməsi məhz muxtar respublika demokratik qüvvələrinin Azərbaycanın milli azadlıq, istiqlaliyyəti uğrunda apardığı mübarizə ilə əlaqədardır...Razılıq hissi ilə bildiririk ki, nəhayət Azərbaycan Respublikası ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır... Bundan sonra Azərbaycan Respublikasının Sovet İttifaqının hakimiyyət orqanlarında iştirak etməsi yolverilməzdir. Azərbaycanın dövlət müstəqilliyini tam reallığa çevirmək üçün ümumi xalq səsverməsinin keçirilməsi vacibdir və məqsədəmüvafiq olardı. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.
Dövlətimizin başçısı İlham Əliyev bu məsələyə münasibət bildirərkən tarixi fakta əsaslanaraq demişdir: “... Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?.. Mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.
Elə Naxçıvanda sovet ittifaqının saxlanması üçün referendumun boykot edilməsi azərbaycançılıq ideologiyasına xidmət etmirdimi? Eləcə də üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılması, muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması həm böyük cəsarət, həm də böyük azərbaycançılıq idi.
Sonrakı mərhələdə Heydər Əliyev xalqın tələbi ilə ölkə Prezidenti seçildikdən sonra isə müstəqilliyimiz böyük bacarıq və məharətlə qorunub saxlandı, daimiliyi üçün özül yaradıldı.
Lakin Heydər Əliyevə qədər hakimiyyətdə olanların səhvi ucbatından itirilən tarixi ərazilərimiz 1990-cı ildən 2020-ci ilədək düz 30 il sağalmayan yaramıza çevrildi. 2004-cü ildə Prezident seçilən cənab İlham Əliyev ərazi bütövlüyü pozulmuş bir ölkədə hakimiyyətə gəldi. Baxmayaraq ki, həmin dövrün ötən 10 il ərzində ölkə dünya dövlətləri tərəfindən tanınmağa başlanmışdı, beynəlxalq əlaqələrə, müqavilələrə start verilmişdi, iqtisadiyyatı çökmüş ölkə hərtərəfli şəkildə Ulu Öndər tərəfindən xeyli dirçəldilmişdi, dövlət idarəetmə sistemi formalaşdırılmışdı, ordu quruculuğunun təməli qoyulmuşdu, lakin Azərbaycanın müstəqilliyinin hələ cəmi 13 yaşı vardı. Onun qüdrətli və qüvvətli bir ölkəyə çevrilməsi üçün zaman lazım idi.
Heydər Əliyev özünün də dediyi kimi, yarımçıq qalan işlərini və Azərbaycanda görmək istədiklərini cənab İlham Əliyevin həyata keçirməsini vəsiyyət etmişdi. Dövlət başçısı isə hakimiyyətə gəldiyi ilk gündən bütün bunların reallaşmasına çalışmaqla yanaşı, həm də onları günün tələbinə uyğunlaşdırmaqla həyata keçirdi. Çünki məlumdur ki, hər dövrün öz tələbi var. İnkişafı tənzimləyən yeni dövlət proqramları, həyata keçirilən çoxsaylı islahatlar, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, çevik idarəetmənin özəyi olan Vitse-Prezident institunun yaradılması və saya biləcəyimiz onlarla bu kimi yenilik ölkənin dövrün tələbləri fonunda inkişafını tənzimlədi. Bütün bunlarla yanaşı, dövlətimizin başçısının 20 il fəaliyyət proqramının əsasını Qarabağı və Şərqi Zəngəzurun müəyyən ərazilərinin düşməndən geri alınması təşkil etdi.
Ölkəni inkişaf etdirmək, həmçinin milli ordunun güclənməsini təmin etmək lazım idi ki, düşmən qarşısına çıxıb torpaqları azad etmək mümkün olsun. Müharibəni tez edib yeni bir uğursuzluqla qarşılaşmaq kimə lazım idi ki?..
İndi özlərini siyasətçi adlandıran bəzi insanlar nə üçün torpaqların 20 il əvvəl deyil, 20 il sonra azad olunması məsələsini müzakirə edirlər. Lakin başa düşə bilmirlər ki, 20 əvvəl bunun nəticəsi Birinci Vətən müharibəsindən fərqli ola bilməzdi. Lakin dövlətimizin başçısı bu məsələni elə tənzimləmişdi ki, bu müharibə yalnız Zəfərlə bitməli idi. Və elə də oldu. Çünki bu, düşünülmüş, ən kiçik detallarına qədər hesablanmış siyasi addım idi.
2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə bitən İkinci Vətən müharibəsi 30 il sonra xalqın şərəfinin xilası oldu. Bu müharibədə Azərbaycan xalqı və burada yaşayan başqa millətlərin nümayəndələri elə bir həmrəylik, birlik nümayiş etdirdi ki, buna dünya heyran qaldı. Elə Böyük Zəfərimizi xarakterizə edən cəhətlərdən biri də son 20 ildə, yeni dövrün çağırışı əsasında formalaşan milli ideologiya idi. O ideologiya ki, artıq ölkəmizdə yaşayan millətlər burada sadəcə yaşadıqlarını deyil, bir milli amal ətrafında birləşdiklərini, ümumi Vətənin xilasını nümayiş etdirdilər.
Çoxəsrlik tariximizin səhifələrinə 270 ildən artıq zamandan sonra yeni bir qəhrəmanlıq salnaməsi yazıldı. Bu salnaməni dövlətimizin başçısı, müzəffər sərkərdə İlham Əliyev milli ordunun qəhrəman əsgər və zabitləri ilə birgə yazdı. Xalq illərlə həm Vətənində, həm xarici ölkələrdə Qarabağla bağlı söhbət düşəndə aşağı saldığı başını bu Zəfərlə yuxarı qaldırdı. Torpaq bizdə namus, şərəf anlamındadır. Bu Zəfərlə xalqın namus və şərəfi xilas oldu.
2023-cü ilin 20 sentyabrında Xankəndidə aparılan lokal xarakterli anti-terror əməliyyatı isə Azərbaycanın konstitusiya quruluşunun və ərazi bütövlüyünün təmin olunması ilə nəticələndi. Beləliklə, Azərbaycan bütövləşdi. Yuxarıda da qeyd etdiyimiz kimi, bu Zəfər 270 ilin Zəfəri oldu.
Tarix və zaman sübut etdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müstəqilliyini, İlham Əliyev isə bütöv Azərbaycanı bəxş etdi. Yeni dövrdə formalaşan milli ideologiya hər bir azərbaycanlının illərdən bəri gözlədiyi günü reallaşdırdı.
20 il tamamlandı, yeni dövr başlayır
Dövlətimizin başçısı yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə bildirdi ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir.
Bəli, ölkəmizdə yeni bir dövr başlayır. Prezident İlham Əliyev: bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə də bu barədə yəqin müzakirələr gedəcək. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.
Azərbaycançılıq ideologiyası xalqın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. Bu sərvət üzərində yeni dövrün çağırışlarına uyğun formalaşan milli ideologiya isə bütöv Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu ideologiyanın əsasını həm də ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və həmrəyliyi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsi təşkil edir ki, bunu İkinci Vətən müharibəsində ölkəmizdə yaşan müxtəlif millətlərin nümayəndələrinin iştirakı, şücaəti, şəhid olması, qaziliyi ilə bir daha gördük.
“Dəmir yumruq” milli ideologiyanın rəmzidir
Bundan sonra milli ideologiyamız necə davam və inkişaf etdirilməlidir? Düşünürəm ki, “Dəmir yumruq” bu ideologiyanın rəmzi mənasıdır. Bu rəmz təsadüfi şəkildə yaranmadı. Neçə ki, biz birlik, həmrəylik nümayiş etdirdik, Zəfər qazandıq, bundan sonrakı milli ideologiyamız da ölkədə yalnız həmrəyliyə, “Dəmir yumruq” ətrafında sıx birləşməyə əsaslanmalıdır.
Birinci, yenə də dövlət-xalq birliyi nümayiş etdirməliyik, çünki bunun müsbət nəticə verdiyinin şahidi olduq. Bu birliklə bütöv Azərbaycan göz bəbəyi kimi qorumalıyıq. Çünki dövlətimizin başçısının da dediyi kimi, biz dünya miqyasında böyük layları tərpətmişik. Odur ki, əldə etdiyimiz Zəfəri milli müdafiə şəklində davam etdirməliyik.
İkinci, Qarabağın və Şərqi Zəngəzurun bərpa olunmasına, beynəlxalq əhəmiyyətli şəhərlərə, turizm bölgəsinə çevrilməsinə, soydaşlarımızın yurdlarına dönməsinə dövlət və xalq olaraq birgə çalışmalıyıq, birgə vuruşduğumuz kimi.
Üçüncü isə ötən 20 ildə baş verən hadisələr, xüsusilə Vətən müharibəsi, lokal xarakterli anti-terror əməliyyatı, torpaq, ərazi bütövlüyü uğrunda şəhid və qazi olanlar, azad edilmiş torpaqlarımızın bu günü və sabahı, soydaşlarımızın ata-baba torpaqlarına qayıdış prosesi, “Dəmir yumruq”, onun mahiyyəti haqqında kitablar yazılmalı, bədii və sənədli televiziya verilişləri çəkilməlidir. Bir sözlə, tarix yaşadılmalıdır.
Bax, beləliklə, biz milli ideologiyamızı gələcək nəsillərə ötürə, onları da bu xüsusda tərbiyə edə bilərik. Bu nəsil necə ki, torpaqları azad etdi, gələcək nəsil də onu qorumalıdır. Hazırda ölkəmizdə nail olacağımız əsas məsələlər bunlardır. Qarşıdakı illərdə isə bizləri daha hansı işlər gözləyir, bunu zaman göstərəcək. Lakin biz milli ruhumuz, ideologiyamızla o işlərin müsbət həllinə bu gündən hazır olmalıyıq.
Fevralın 7-də keçiriləcək Prezident seçkilərinin nəticəsi gələcəyimizi müəyyən edən an olacaq. Doğru təfəkkür, düzgün seçim və milli ideyalarla gələcəyə doğru!
Mətanət Məmmədova
əməkdar jurnalist