Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 34 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızda əbədi qalacaqdır. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Lakin xalqımız bu sınaqdan qalib çıxdı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümləri ilə nəticələndi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar da var idi. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir edirdilər. Hərbi təcavüz nəticəsində yüzlərlə ev, onlarla təcili yardım maşınları dağıdılıb, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilib.
Lakin onlar öz qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”. Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı.
20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu.
Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Bu, törədilmiş qanlı faciəyə verilən ilk siyasi qiymət idi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi.
Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutuüzrə ərazi partiya təşkilatının sədri