34 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər tək faciə yox, həm də xalqımızın tarixinin şərəfli səhifələrindən biri, ictimai-siyasi təfəkkürümüzdə yaranmış təbəddülatlar günü, milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Bəli, xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi zaman etibarilə bizdən uzaqlaşsa da, sanki dünən baş verib. Xalqımızın haqq səsini boğmaq istəyən ozamankı Kreml rəhbərləri 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə - o qanlı şənbə gecəsi imperiya silahlarından əliyalın, silahsız millətimizin üzərinə güllə yağmuru yağdıraraq Bakıda Qanlı Yanvar qırğınını törətdi. Əksəriyyəti ermənilərdən ibarət olan Sovet ordusunun törətdiyi qətl və cinayətlər yanvarın 20-dən sonra da davam etdi.Müdrik bir məsəl var: "Tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar". Həmin müdhiş yanvar gecəsindən bizi tam 34 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər qətlə yetirildi. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda belə həmin günlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.Keçmiş İttifaqın rəhbəri, bu qırğınların törədicisi M.Qorbaçovun ən yaxın məsləhətçilərindən biri olan akademik A.Aqanbekyanın hələ 1987-ci ilin noyabrın ortalarında Fransanın erməni institutu assosiasiyasının üzvləri ilə görüşərkən guya Qarabağın qədim erməni torpağı olduğunu iddia etməsi qanlı faciələrə başlamaq üçün bir siqnal idi. Qorbaçova yaxın olan Brutens, Şahnazarov, Sitaryan, Xaçaturov və digər qatı şovinist erməni emissarlarının Qarabağı Azərbaycandan qoparmaq üçün sonadək mübarizə aparacaqları xarici dövlətlərə və oradakı kəşfiyyat orqanlarına yaxşı məlum idi. Qorbaçov özü də artıq ermənilərin dirijor çubuğu ilə durub-oturmaqla ölkəni "idarə edirdi." Xatırladaq ki, o vaxt daşnak Zori Balayanın xalqımıza qarşı böhtan və iftiralarla dolu "Ocaq" kitabı Qorbaçovun stolüstü kitabına çevrilmişdi. Məhz ermənipərəst Qorbaçovun xeyir-duasından sonra vəhşi daşnaklar Azərbaycana doğru yürüşə başladılar. 20 Yanvardan sonra baş verən faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağadək silahlandırdığı erməni faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın qəhrəman, mərd oğullarımızı itirdik. Ərazilərimizin 20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü.1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyevin bu hadisədə əli olanların əleyhinə kəskin bəyanatı milli azadlıq hərəkatının başlanmasına ciddi təkan oldu. 20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman Mixail Qorbaçov və ermənipərəst ətrafının səyi ilə SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət aldı. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, bu hadisədə əli olanların əleyhinə kəskin bəyanat səsləndirməsi, kütləvi qırğınının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini qətiyyətlə ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatlardan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan oldu. Sözsüz ki, o zaman Azərbaycana rəhbərlik edənlər – Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, ikinci katib V.Polyaniçko və digərləri, dövrün siyasi müxalifəti sayılan və proseslərdə birbaşa iştirak edən AXC İdarə Heyəti 20 Yanvar faciəsində bu və ya digər formada siyasi və mənəvi məsuliyyət daşıyırdılar, ancaq bu qanlı əməliyyat birbaşa Kreml, Qorbaçov və onun xaricdən qısqırdılan erməni əlaltıları tərəfindən planlaşdırılmış, imperiya mərkəzinin göndərdiyi emissarlar tərəfindən zəmin hazırlanmış və SSRİ müdafiə və daxili işlər nazirləri Yazov və Bakatinin komandanlıqları altında həyata keçirilmişdi. Məhz ulu öndər Heydər Əliyevin 20 Yanvardan sonra Moskvadakı məlum çıxışı, azərbaycanlıların qanını tökmüş imperiya yetkililərini ciddi ifşa etməsi müstəsna rol oynadı. Həmin çıxış o vaxtadək gözləmə mövqeyində olan Azərbaycan ziyalılarını da hərəkətə gətirdi və müstəqillik çağırışları Azərbaycanda getdikcə daha geniş kütlə arasında səslənməyə başladı. Beləliklə, 20 yanvardan sonra Xalq hərəkatı Milli-azadlıq, İstiqlal hərəkatına çevrildi.
Ulu öndər Heydər Əliyevin 1993-cü il 15 iyun qayıdışı - Azərbaycanı sonrakı labüd iflasdan xilas etdiyi tarix
Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyətin ətrafında səfərbər olaraq Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər. Ümummilli lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. 1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında Prezidentin özü tərəfindən təsdiqlənərək, Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmiş oldu. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.Baş verən hadisələrdən 34 il keçsə də bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını yerdə qoymadı. Artıq 3 ildir ki, Azərbaycan dünyaya bir daha göstərdi ki, bu xalq, bu dövlət bu ordu güclüdür, hər şeyə qadirdir. Son 3 il öncə - 2020-ci ildə ümumilli lider Heydər Əliyevin layiqli və uğurlu davamçısı Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə 44 gün ərzində 30 il ərzində Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların- BMT, ATƏT və s. kimi təşkilatların "sülhyaratma dəhlizlərində" düyünə salınmış Dağlıq Qarabağ münaqişəsi və işğal problemini həll edərək erməni işğalı altında tapdanan tarixi torpaqlarımızın və yüzlərlə yaşayış məskənlərimizin geri qaytarılmasına nail oldu. İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, eynən 20 Yanvarda olduğu kimi, 44 gün davam edən Vətən müharibəsində də ordumuz torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan böyük tarixi Qələbə qazandı. Ölkə Prezidentinin də dediyi kimi: "Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik".Və ötən il sentyabrın 19-da rəşadətli Ordumuzun bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması dövlətimizin qətiyyətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük səylərinin, xalqımızın həyata keçirilən siyasətə inamının və Prezidentin ətrafında sıx birliyinin təqdimatıdır. Ali Baş Komandanımız tarixi Zəfərimizə qədər hər bir çıxışında əminliklə bildirirdi ki, üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bəli, artıq bu gün işğaldan azad olunan torpaqlarımızda üç rəngli bayrağımız dalğalanır. Prezident İlham Əliyev oktyabrın 15-də - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında Xankəndidə Azərbaycan Bayrağını təntənəli şəkildə ucaltdı. Biz bunu bir vaxtlar heç xəyalımıza da gətirə bilməzdik. Prezident İlham Əliyevin müdrikliyi və qüdrəti onun mümkünsüz görünəni reallığa çevirməsi, xalqımızın ən böyük arzu və istəyini həyata keçirməsidir. Dekabrın 21-də isə Xankəndi şəhər stadionunda son 30 ildə ilk dəfə olaraq Azərbaycan komandaları arasında keçirilən və dünyaya mesaj mənasında mühüm əhəmiyyət kəsb edən futbol oyununda Prezident İlham Əliyevin bir daha vurğuladığı kimi, bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!.
Bir sözlə, bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə, qəhrəman şəhidlərimizə borcluyuq.Və bu gün 34 il keçməsinə baxmayaraq, hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanına gəlir, şəhidlərimizi ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər. Çünki Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
ZƏRİFƏ QULİYEVA,
YAP Vetereanlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri