PDF Oxu

Siyasət

  • 3 210

Qara Yanvar faciəsi xalqımızın qan yaddaşıdır ŞƏRH

Qara Yanvar faciəsi xalqımızın qan yaddaşıdır ŞƏRH

1990-cı il yanvarın 20-də baş vermiş qanlı faciədən 34 il ötür. 20 Yanvar tarixi Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini və milli azadlıq istəyinin oyanışını təcəssüm etdirir.1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladı. Bakı şəhərində sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətdə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 147 insan qətlə yetirilmiş, 744-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.Xalqın başına gətirilən bu faciə sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Rəsmi Kremli isə Bakıya qoşun yeridilməsini müxtəlif məsələlərlə əsaslandırmağa və xüsusi qəddarlıqla törədilmiş qanlı hadisəyə haqq qazandırmağa çalışırdı.

O, günlərdə Azərbaycan xalqı Heydər Əliyevin Respublikamızdakı yoxluğunu bütün mahiyyəti ilə dərk edirdi. Heydər Əliyev Bakıda olmamasına baxmayaraq xalqının səsinə hər kəsdən əvvəl səs verən oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.Beynəlxalq birlik 1968-ci ilin Praqa, 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciəyə reaksiy verməməyi seçdi. Hətta 1990-cı ilin dekabrında bu qanlı faciəni sifariş verən Qorbaçova Nobel sülh mükafatı da verildi.

Ali Baş Komandan cənab İlham Əliyevin müzəffər sərkərdəliyi altında 2020-ci ilin 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi ilə dövlətimizin ərazi bütövlüyü təmin edildi. Müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərimizin qanı yerdə qalmadı. 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın qısamüddətli antiterror tədbirləri ilə müstəqillik tariximizdə ilk dəfə bütün sərhədlərimiz boyu dövlət suverenliyimiz təmin olundu. 34 il sonra ilk dəfə bütün Azərbaycan ərazisində 20 Yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Bu gün deyə bilərik ki, vətənimiz Azərbaycanın torpaq bütünlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyi tam təmin olunub və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu şaddır.

Nurcahan İmaməliyeva

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər