PDF Oxu

Siyasət

  • 1 840

20 Yanvar faciəsi müstəqillik yolunun əsas hissəsidir ŞƏRH

20 Yanvar faciəsi müstəqillik yolunun əsas hissəsidir ŞƏRH

Azərbaycan tarixinin qara hərflərlə yazılmış səhifələrindən biri də 1990-cı il yanvar ayının 20-sidir. Bu hadisədən 34 il keçir. Zaman axıb gedir, illər əsrlərə, əsrlər isə minilliklərə dönüşür. Və bu zaman kəsiyində baş verən bir sıra hadisələr var ki onları unutmaq mümkün deyil. Bu cür hadisələrdən biri də 20 Yanvar hadisəsidir ki, bu hadisə xalqın, millətin yaddaşında əbədiləşib.

20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar.

Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib və dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralamışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Ümumilikdə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

20 Yanvar hadisələri eyni Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi qiymətləndirilməlidir. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır.

O qədər mürəkkəb bir dönəmdə belə xalqını düşünən ümümmilli lider Heydər Əliyev baş vermiş faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirmiş və həmin əməliyyata rəhbərlik edənləri ifşa edərək demişdir: “Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

20 Yanvar hadisəsi Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərmiş, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmuşdur. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilmiş, dönməz xarakter almış, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görmüşdür.Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsiAzərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur, layiqincə qiymətləndirməyə çalışır. Hər il faciənin ildönümü minlərlə həmvətənimiz 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edir və məzarlarına al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.Bu gün Azərbaycan xalqının təsəlli yeri odur ki, 44 günlük müharibə dönəmində şəhidlərimizin qisası alınmışdır.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər