PREZİDENT İLHAM ƏLİYEV: "Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar"
Belə bir deyim var: Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bəli, bunu Azərbaycan xalqı, bütün dünya gördü ki, Müdrik Lider, Böyük strateq, Qalib Sərkərdə Qarabağın 30 il davam edən işğalına Ali Baş Komandanımızın nəyi, nə vaxt edəcəyi ilə "Dəmir Yumruq" siyasətinə əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu. Tarixi ədaləti bərpa edən "Dəmir yumruq" Qərbi Azərbaycana qayıdış da bərpa edəcək
YENƏ DƏ NÖVBƏTİ BÖYÜK QAYIDIŞ: İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ
Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyətin bu torpaqların tarixi üzərində qurulmasının gərəkliliyini bildirmişdir. Və vurğulamışdır ki, bu gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız Qərbi Azərbaycana qayıdacaqlar.
Bəli, dövlət başçımız deyir və edir: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik".
Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması, məhz dövlət başçımızın nəyi, necə, nə vaxt etməsinin göstəricisidir.
Prezident İlham Əliyev cənablarının Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı yaddaqalan digər məqam isə, təşkilatın "Azərbaycan Qaçqınlar Cəmiyyəti" adının ötən ilin avqust ayından Qərbi Azərbaycan İcmasına çevrilməsidir: "Bildiyinizə görə, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Dövlət başçımız onu da vurğulamışdır ki, Qərbi Azərbaycandan olan soydaşlarımız tezliklə öz yurdlarına sülhlə qayıdacaq: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".
HAQQDAN QAÇMAQ OLMAZ…..
Dövlət başçımızın söylədiyi kimi: Qərbi Azərbaycan torpaqların hər qarışı bizə məxsusdur. Və gün gələcək, sözü imzası qədər qüvvətli və keçərli olan Prezident İlham Əliyev cənablarının "Dəmir Yumruq" siyasəti ilə biz Qərbi Azərbaycana qayıdacağıq.
Dövlətimizin başçısı görüşü zamanı il ərzində əldə olunan nailiyyətlərdən danışaraq, xüsusi olaraq vurğulamışdır ki, Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq: "İl ərzində bir çox önəmli hadisələr baş vermişdir. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir".
Dövlət başçısı onu da söyləyib ki, bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir: "Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz". Sözü imzası qədər kəsərli olan Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, biz öz torpaqlarımızda döyüşürük, torpaqlarımızın da bir qarışını kimsəyə vermərik: "İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin. Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq".
Ali Baş Komandan bütün görüşlərində, müsahibələrində olduğu kimi bu görüşündə də verdiyi mesajları ilə bir daha işğalçı Ermənistana növbəti xəbərdarlığını edərək bildirmişdir ki, nə qədər gec deyil bundan nəticə çıxarmalıdır ki, onun yeganə çıxış yolu Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməkdir. Əks halda, Ermənistanın mövcudluğu sual altında qalacaq.
"Erməni xalqı nə vaxt bizim torpaqlarımıza, Qarabağa, Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən, necə və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik". Prezident İlham Əliyev onu da bildirmişdir ki, onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövlətlərinin olmadığını qeyd edib: "Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq".
QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ KONSEPSİYASINI DA İŞLƏMƏLİYİK. QARABAĞ MÜNAQİŞƏSİ HƏLL OLUNANDAN SONRA İNDİ BİZİM GÜNDƏLİYİMİZDƏ DURAN MƏSƏLƏ BUDUR
Həmişə olduğu kimi, bu görüşdə də dövlətimizin başçısı nəyi, necə etmək istiqamətini göstərdi və bildirmişdir ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bizi hər gün addım-addım doğma yurdumuza yaxınlaşdırır: "Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır".
Dövlət başçısı onu da bildirmişdir ki, Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür: "İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır".
Gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşən dövlət başçısı demişdir ki, icma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə böyük yer verməlidir: "Əminəm ki, biz buna nail olacağıq. Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah"
Bəli, yolumuz Qərbi Azərbaycanadır. Nəyi, necə və nə vaxt etmək lazım olduğunu bilən və tarixi ədaləti bərpa edən Ali Baş Komandan, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə bu il uğurlu və zəfərli olacaq. Dövlət başçımızın söylədiyi kimi: "Əminəm ki, biz buna nail olacağıq. Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah".
RƏFİQƏ KAMALQIZI