PDF Oxu

Siyasət

  • 3 066

Sülh şəraitində birgə yaşayış modeli TƏHLİL

Sülh şəraitində birgə yaşayış modeli TƏHLİL

Dövlət başçısının Sərəncamına əsasən, dini qurumlara maliyyə yardımı ayrılıb

Bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlət olan Azərbaycanın dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilməsi əbəs deyildi.Ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələrinin tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün yaradılan şərait onu təsdiqləyir ki, cəmiyyətdə bərabərlik, demokratiya, bir sözlə, ədalət hökm sürür. Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər ölkəmizin dini tolerantlığın ünvanına çevrilməsində mühüm rol oynayır. Son illərdə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edən paytaxt Bakımız beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqa öz töhfəsini verib və bu proses davam etməkdədir. Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, ölkəmizin tolerantlıq təcrübəsinin yayılması baxımından Dünya Dini Liderlərinin Bakı Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, "Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi" Beynəlxalq Bakı Forumu və digər beynəlxalq tədbirlər əhəmiyyəti baxımından təqdirəlayiqdir. Tolerantlıq əlbəttə ki, hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsulu kimi səciyyələndirilir. Bütün bunlarla yanaşı, bu və digər tədbirlərin təşkili Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqinə, müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verilən töhfələrin davamıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir".

MULTİKULTURAL DƏYƏRLƏRİN DAHA DA İNKİŞAF ETDİRİLMƏSİ VƏ YÜKSƏK TOLERANTLIQ MÜHİTİNİN QORUNMASI

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi və yüksək tolerantlıq mühitinin qorunması məqsədi daşıyır. Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılıb.

AZƏRBAYCANDA DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ TƏNZİMLƏNİB

Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb. Dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Müasir dünyamızda Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Azərbaycanda yaşayan və savaşda yanımızda olan müxtəlif xalqların nümayəndələri də şəhidlik zirvəsinə ucaldılar. Bu qardaşlığımızın və tolerantlığımızın simvolunun daha bir nümunəsidir.
Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarının əhalisidir. Şəmkir və Göygöl rayonlarında kompakt halda yaşamış alman-lüteranlar II Dünya müharibəsi zamanı Sovet hakimiyyəti tərəfindən deportasiya edilmişdilər.

ƏSRLƏRƏ SÖYKƏNƏN XRİSTİAN İCMASI

Bu gün ölkəmizdə 2250 məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. İbadət evləri ilə yanaşı, respublikada xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir.
Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Çünki Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Təsadüfi deyil ki, xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir. 2010-cu ilin oktyabrında isə Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli təhsil kompleksi ən müasir tələblər səviyyəsində istifadəyə verilmişdir. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Azərbaycanda yaşayan yəhudilər hər il öz bayramlarını qeyd edirlər. Bayram vaxtı sinaqoqda ibadət edir, şofar (musiqi aləti) səsləndirir, xüsusi ayinlər yerinə yetirir, yardıma ehtiyacı olan şəxslərə kömək göstərir, bir masa ətrafına toplaşaraq dualar edirlər.

FƏRQLİ DİNLƏRƏ SİTAYİŞ EDƏN İNSANLARIN TARİXƏN DOSTLUQ VƏ QARDAŞLIĞI

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum Sərəncamı ilə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən Prezidentin müəyyənləşdirdiyi Azərbaycanı, ölkəmizin multikultural dəyərlərini, tolerantlıq ənənələrini dünyada tanıtmaq hədəfini qurumun aparıcı istiqaməti elan edib. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkəyə çevrilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər