Proses nə qədər tez baş tutsa, İrəvan üçün bir o qədər imkanlar açılacaq, əks halda...
"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası məsələləri üzrə iki ölkənin müvafiq komissiyalarının iclası yanvarın sonunda ikitərəfli formatda keçiriləcək. Üçüncü tərəfin iştirakı planlaşdırılmır".
SSRİ dövrünün son topoqrafik xəritələrinin ortaya çıxarılması...
Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən yerli mətbuata bildirilib.
Qeyd olunub ki, ilkin razılığa əsasən, sərhəd komissiyalarının növbəti iclası zamanı, ilk olaraq komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsi müzakirəyə çıxarılacaq. "Eləcə də birgə iş zamanı hüquqi əhəmiyyətli sənədlər və aktların dəqiq müəyyənləşdirilməsi, müvafiq hüquqi əsaslarla tərtib edilmiş SSRİ dövrünün son topoqrafik xəritələrinin ortaya çıxarılması və aidiyyəti orqanlar tərəfindən dərc olunması, digər bu kimi məsələlər müzakirə ediləcək”, məlumatda deyilir.
Rəsmi İrəvan: "Ermənistan tərəfinin bərpa və ya yaratmağı təklif etdiyi bütün iqtisadi kanallar təqdim edilib"
Lakin bununla yanaşı, Ermənistanın xarici işlər nazirliyi İrəvanın Azərbaycandan Naxçıvana Mehri vasitəsilə maneəsiz əlaqə yaratmasının vacibliyi barədə Bakının bəyanatını da şərh edib.Ermənistan XİN yerli medianın sorğusuna cavab olaraq qeyd edib ki, Ermənistan hökumətinin müəllifi olduğu “Sülh qovşağı” layihəsi çərçivəsində Ermənistan tərəfinin bərpa və ya yaratmağı təklif etdiyi bütün iqtisadi kanallar təqdim edilib.
Ermənistan bir həqiqəti unudur ki, artıq belə siyasi oyunbazlıqlar keçərli deyil
Lakin hər şeyə rəğmən, görünən budur ki, rəsmi İrəvan sözügedən prosesi hər vəchlə və müxtəlif vasitələrlə uzatmağa cəhd edir. Xüsusilə, Qərb havadarlarının bəyanatlarına güvənən Ermənistan bir həqiqəti unudur ki, artıq belə siyasi oyunbazlıqlar keçərli deyil və proses nə qədər tez baş tutsa İrəvan üçün bir o qədər imkanlar açılacaq. Bakı isə əsla səbir etmək fikrində deyil. Necə deyərlər, vaxt daralır...
Afət Tahirqızı