PDF Oxu

Siyasət

  • 2 400

Möcüzəvi layihə - AĞ ŞƏHƏR TƏHLİL

Möcüzəvi layihə - AĞ ŞƏHƏR TƏHLİL

Bənzərsizliyi ilə dünyanın ən gözəl şəhərlərindən seçilən və nadir şəhərlər sırasında yer alan Azərbaycanın paytaxt şəhəri Bakı müasirliyi ilə köhnəliyin, qədimliyin vəhdətində diqqəti cəlb edir. Hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayan Bakının adı bu gün yeni-yeni möhtəşəm və bənzərsiz abidələri ilə dünyanın ən gözəl və müasir şəhərləri sırasında yer alıb. Tarix boyu bu şəhər öz əzəməti, füsunkarlığı ilə diqqəti cəlb edib. Böyük elmi-mədəni və sənaye mərkəzi olan Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunur. Sinəsində məskən salan abidələri bu şəhərin sirli memarlıq nümunələrinin abidəsidir. Möhtəşəm Şirvanşahlar Sarayı kimi abidələr şəhərin memarlıq abidəsinə gözəl rəng əlavə edib. Qədim qala divarları, uca qüllələr Bakının əzəmitini özündə ehtiva edir. Bakının ən möhtəşəm və sirli abidələrindən biri Milli Dənizkənarı Parkın qənşərində yerləşən məşhur Qız qalasıdır.
Bu gün ölkəmizin iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunduğundan ölkəmizin hər bir yerində abadlıq, quruculuq işləri geniş vüsət alıb. Dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri regionlarla yanaşı, paytaxt Bakıda da uğurla davam etdirilib. Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Paytaxtımızın görkəmi dəyişir, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması istiqamətində ardıcıl işlər görülüb. "Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır", - deyə Prezident İlham Əliyev bildirmişdir. Qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima və rəng verən müasir tikililər də, məhz iqtisadi göstəricilərin məntiqidir. Bakının ümumi görünüşünü daha da müasirləşdirən şəhərdəki ən hündür bina olan "Alov qüllələri" kompleksi, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və s. istiqamətində sistemli fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, eləcə də Xalça muzeyi, Bakı Su İdmanı Mərkəzi və eləcə də digər tikililər Bakının simasına müasirlik gətirib.

BAKI İNKİŞAFININ YENİ DÖVRÜNÜ YAŞAYIR

Əlbəttə ki, bugünkü müasir Bakının ruhu cəlbedicidir və burada olan müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar şəhərə rəng əlavə edib. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması paytaxtımızın simasına daha bir çalar bəxş edib. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" - dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur.
Bakı Bulvarında bərpa edilən "Qu quşları" fəvvarə kompleksi də paytaxtımızın əzəmətinə, görkəminə xüsusi bir rəng verir. Bakı Bulvarının tarixi rəmzlərindən biri olan "Qu quşları" fəvvarə kompleksi 60 ildən artıq tarixə malikdir. Paytaxtımızda qurulan "Qu quşları" fəvvarəsi də sakinlərin sevimli məkanlarından biri kimi hər zaman sevilib. Dünyaşöhrətli, Azərbaycanın dahi şairi Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə paytaxtın gözəl məkanlarından biridir. Paytaxt Bakı inkişafının yeni dövrünü yaşayır və şəhərimizi gözəlliyinə yeni gözəlliklər qatılır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması davam edir. Yeni salınan parklar Bakının simasının daha da gözəlləşməsi baxımından mühüm rol oynayır.

HAVANI VƏ EKOLOGİYANI ÇİRKLƏNDİRƏN "QARA ŞƏHƏR"

Geniş vüsət alan abadlıq-quruculuq və yenidənqurma işləri paytaxtımıza yeni bir ahəng gətirib. Xüsusilə, böyük parkların, xiyabanların salınması və köhnə tikililərin sökülərək, yenilərinin inşası şəhərimizə yeni çalarlar əlavə edib. Şəhərin simasına xüsusi gözəllik verən yaşıllıqlar Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına də təsirsiz ötməyib. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlərində, Böyükşorda aparılan işlər nəticəsini verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Bakıda havanın keyfiyyətinin böyük dərəcədə yaxşılaşdığını diqqətə çəkərək, havanı çirkləndirən bir çox mənbələrin ləğv edildiyini bildirib: "Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı və ekologiyanı böyük dərəcədə çirkləndirən "Qara şəhər" idi. indi onun yerində "Ağ şəhər" yerləşir. Bu da, böyük şəhərsalma layihəsidir. …Əlbəttə, Balaxanı zibilxanası havanı, demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib".

"AZƏRBAYCANDA YÜZ İLLƏRDƏN BƏRİ QARA ŞƏHƏR ADLANAN ŞƏHƏR AĞARACAQDIR, TƏMİZLƏNƏCƏKDİR, ORADA GÜL-ÇİÇƏK ƏKİLƏCƏKDİR"

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsindədir. "Azərbaycanda yüz illərdən bəri Qara Şəhər adlanan şəhər ağaracaqdır, təmizlənəcəkdir, orada gül-çiçək əkiləcəkdir və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir", - deyən Ümummilli Lider Heydər Əliyev uzaqgörənliklə söylədiyi fikirlər reallığa çevrilib. Artıq Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb. Mərkəzi Park Kvartalı 2017-ci ildə təhvil verilmiş Paris evlərindən əlavə, 36, 20 və 8 mərtəbəli yaşayış binaları, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binaları, ticarət və ictimai iaşə obyektləri, orta məktəb, ofis və dövlət inzibati binaları, bir sıra park və yaşıllıq zonalarından ibarətdir. Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir.
Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Yeddi Qarabağ atından ibarət kompleksin hazırlanmasına amerikalı heykəltaraş Robert Sammers cəlb olunub. Qeyd edək ki, heykəltaraş Dallas şəhərində yerləşən "Mal-qara sürülməsi", Kaliforniya hava limanında "Con Ueyn" və digər əsərləri ilə dünyada məşhurdur.

BAKI METROPOLİTENİ STANSİYALARININ MEMARLIQ ÜSLUBU ÜZRƏ KONSEPSİYA HAZIRLANIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub. Qeyd edək ki, hazırkı Ağ Şəhərin ərazisi 150 ildən çox idi ki, Qara şəhər kimi tanınırdı. Buraya Qara şəhər adının verilməsi də təsadüfi deyildi. Ərazi neft sənayesi tullantılarından çirklənmişdi. Burada çox sayda bataqlıq, gölməçə və neft tullantıları var idi. Bir sözlə, Qara şəhər əsl ekoloji fəlakət zonasına çevrilmişdi. Bütün bu amilləri nəzərə alan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qara şəhərin yerində hazırda dünyanın ən müasir ekoloji layihəsi olan Ağ Şəhərin salınmasına başlanıldı. Nadirliyi ilə seçilən Bakı Ağ Şəhər layihəsinin təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən 2011-ci il dekabrın 24-də qoyulub. Bakının ekoloji cəhətdən ən çox çirklənmiş bu yerində aparılmış irimiqyaslı tədbirlər nəticəsində həm şəhərsalma, həm memarlıq, həm sakinlərin rahat yaşayışı, həm də ekoloji baxımdan, sözün əsl mənasında, möcüzəvi layihə reallaşdırılıb.
Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi irimiqyaslı ekoloji şəhərsalma layihəsi kimi də artıq dünyada tanınıb. Dünyanın aparıcı şirkətlərinin yerli mütəxəssislərlə birgə layihələndirdiyi bu yaşayış məkanı bir çox beynəlxalq sərgilərdə dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara layiq görülüb. İndi bu ərazi Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən sevimli yaşayış və gəzinti zonalarından birinə çevrilməkdədir.

Ümumilikdə, 1650 hektar ərazini əhatə edən Bakı Ağ Şəhərdə müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış və xidmət obyektinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Layihənin tam yekunlaşmasından sonra burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq.
Məlumat verildi ki, inşası mərhələli şəkildə həyata keçirilən Bakı Ağ Şəhərin Mərkəzi Park Rayonunda bir sıra binaların, ictimai yerlərin tikintisi artıq başa çatıb, infrastruktur işləri həyata keçirilib. Müxtəlif küçələrin tikintisi, yeraltı kommunikasiya infrastrukturunun qurulması ilə bağlı işlər də yekunlaşıb. Layihələndirmə işləri zamanı Bakı Ağ Şəhərdə inşası nəzərdə tutulmuş Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə konsepsiya hazırlanıb. Tamamlama işləri çərçivəsində əlil arabaları üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu dayaqlar tikilib, videomüşahidə kameraları qurulub, İT kanal sistemləri çəkilib.
Mərkəzi Park Rayonu, 2017-ci ildə istifadəyə verilmiş Paris evlərindən başqa 36, 20 və 8 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binalarından, ticarət və iaşə obyektlərindən, orta məktəbdən, ofis və inzibati binalardan ibarətdir. Layihələndirmə zamanı Ağ Şəhərin Mərkəzi Park Rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar - parklar və xiyabanlar nəzərdə tutulub. Onların arasında Dağdağan bağı da var.

VƏTƏN MÜHARİBƏSİNDƏKİ ZƏFƏRƏ HƏSR EDİLƏN "QARABAĞ ATLARI"

Vətəni Qarabağ olan dağdağan ağacı Azərbaycanın rəmzlərindən biridir. Prezident İlham Əliyev 2021-ci ilin mayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Ağdam şəhərində dağdağan ağacı əkib. Dağdağan ağacları Ağ Şəhərə Qarabağdan gətirilib.
Dövlətimizin başçısı bağın ərazisində dağdağan ağacı əkdi.
Son illər Bakı Ağ Şəhər həm də bir sıra yerli və beynəlxalq incəsənət ustalarının öz əsərlərini nümayiş etdirdiyi bir məkana çevrilib. Ağ Şəhərin mərkəzi küçələrindən olan və inşası əsasən tamamlanmış Bulvar küçəsində yerli və xarici rəssamların incəsənət əsərləri quraşdırılıb.
Azərbaycan MAAS incəsənət qurumunun müasir üslubda hazırladığı hündürlüyü 4,2 metr olan "Əjdaha" heykəli 2024-cü ilin rəmzinə həsr olunub. Şərq təqviminə görə 2024-cü ilin rəmzi əjdahadır.
Cozef Klibanskinin "Mütəfəkkir" əsəri müasir insanın texnoloji inkişaf dövrünü, ekoloji və qlobal istiləşmə problemlərindən yaranan həyəcanlarını əks etdirir. Bürüncdən hazırlanmış heykəl artıq bütün dünyada sənətsevərlərin rəğbətini qazanıb. Heykəlin müəllifi 2014-cü ildə Bakının zəngin memarlığından, qədimliyin və müasirliyin vəhdətindən ilhamlanaraq Azərbaycanın paytaxtının gözəlliyini tərənnüm edən "Gözəl Bakı" əsərini də yaradıb.
Prezident İlham Əliyev tikintisi başa çatan Bakı Ağ Şəhər Ofis binası ilə də tanış olub. Binanın inşasına 2020-ci ildə başlanılıb, Azərbaycanın Vətən müharibəsində Qələbəsinə və suverenliyinin bərpasına həsr olunub.
"Ağ Şəhər 2020 – Biznes Mərkəzi" 2014-cü ildə istifadəyə verilmiş birinci Bakı Ağ Şəhər Ofis binasından sonra BREEAM ekoloji sertifikatı alan və yaşıl bina standartlarına uyğunluğu təsdiq olunan növbəti binadır. 2030-cu ildən sonra dünya iqliminin temperaturunun 1,5 dərəcə artması proqnozu ilə əlaqədar müvafiq (CRREM) tələblərə uyğunluğu təmin etmək məqsədilə binanın damında günəş panellərinin quraşdırılması nəzərdə tutulub.
Binada, eyni zamanda, Qarabağ atlarının dünyada təbliği məqsədilə İspaniyanın tanınmış "Lladro" şirkəti tərəfindən hazırlanmış Qarabağ atının farfordan stolüstü heykəli təqdim olunur. Bu heykəl məhdud kolleksiyadır və şirkətin 100-dən çox ölkəsində olan geniş şəbəkəsi vasitəsilə satışa çıxarılacaq. Binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb, yerli iqlimə uyğunlaşdırılmış müxtəlif ağaclardan ibarət yaşıllıq zolağı salınıb, yaşı min ildən çox olan nadir zeytun ağacı əkilib.
Ərazidə qoyulmuş Qarabağ atı heykəli Qarabağ Atları Meydanında yerləşəcək "Qarabağ atları" monumenti kompleksindəki 7 atdan biridir. Təməli dövlətimizin başçısı tərəfindən 2022-ci ilin dekabrında qoyulan kompleks Azərbaycanın Qarabağın 30 illik işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Kompleksin yaradılması orijinal əsərləri ilə dünyada məşhur olan amerikalı heykəltaraş Robert Sammers tərəfindən həyata keçirilir.

DÜNYADA TANINAN UĞURLU VƏ BÖYÜK BİR EKOLOJİ LAYİHƏ

Dövlət başçısının həyata keçirdiyi tədbirlər öz uğurlu nəticəsini verir. Ağ Şəhər də onlardan biridir. Həm uğurlu, həm də böyük bir ekoloji layihə kimi dünyada tanınır. Həmçinin, Bakı şəhərinin sakinləri arasında da böyük etimadla qarşılanır. Ağ şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir. Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt, getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.
Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalaraq yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var".

ƏN MÜASİR ŞƏHƏRLƏRDƏN BİRİ

Qeyd edək ki, ilk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, Qara Şəhər 19-cu əsrin sonunda, Bakının şərq hissəsində yaranmışdır. Sonradan o, "qara qızılın" emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynayıb. Bu ərazidə əsasən, neft zavodları yerləşirdi. Hələ 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə həmin vaxt bu ərazidə (Qara şəhər) 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazini qaraya boyadı, bu ərazini də haqlı olaraq "qara şəhər" adlandırdılar. XIX əsrin ikinci yarısında çox sürətlə inkişaf edən neft sənayesi Bakı ətrafında böyük bir ərazini əhatə edir və bu ərazidə yerləşən zavodların tüstü və hisi bütün ətrafı bürüyürdü. Şəhərin inkişafına mane olan bu cür hallarla bağlı ictimai fikirlər quberniya hakimiyyətini bu problemi həll etmək məcburiyyətində qoymuşdu. Beləliklə də, 1870-ci ildə şəhərdə və şəhərin yaşayış məhəllələrində yerləşən 147 zavodun sökülməsi barədə quberniya hakimiyyəti qərar qəbul etdi və şəhərin yaşayış məntəqələrindən 2km aralı olmaq şərti ilə boş ərazilərə köçürülməsi qərarlaşdırıldı.
Beləliklə də, 1876-cı ildə Keşlədəki otlaq sahələrində və yerli əhalinin bağ və bostan sahələrinin yerində yeni sənaye rayonu salındı. 1880-ci ildə yeni sənaye rayonunda 118-dən artıq müəssisə fəaliyyət göstərirdi. 1905-ci ildə demək olar ki, Bakının bütün iri neft sənayesi obyektləri burada yerləşdirilmişdi. Buradakı tikililərin hamısını qara his basdığından hər tərəf qapqara görsənirdi. Elə buna görə də, 1880–90-cı illərdə və o zamanlardan üzü bəri bu ərazi artıq "Qara şəhər" kimi tanınırdı. Artıq o şəhər indi "Ağ şəhər" kimi dünyanın ən müasir bir şəhərinə çevrilir.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər