110 saylı Balakən seçki dairəsinin dairə seçki komissiyasında prezident seçkilərinə hazırlıq çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün təşkil edilən maarifləndirici seminar-treninqlər başa çatıb. Secki-2024.az saytı xəbər verir ki, treninqlərdə dairənin 44 seçki məntəqəsinin 264 nəfər komissiya üzvü iştirak edib.Treninqlərdə müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, seçki bülletenlərinin təsnifatı, yekun protokolun doldurulması və digər məsələlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar izah olunub.Treninqlər məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyıb.