Azərbaycan və Rusiyanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və mehriban qonşuluq bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulu mövcud münasibətlərin təzahürüdür. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirilib. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlanıb. Əlbəttə ki, müstəqil Azərbaycanın bir çox dünya dövlətləri ilə eləcə də – Rusiya ilə olan münasibətləri qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Heydər Əliyev və Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoyublar". Cənab Prezident onu da bildirmişdir ki, biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk.
TİCARƏT DÖVRİYYƏSİNİN 17,5 FAİZ, HƏMÇİNİN YÜK VƏ TRANZİT DAŞIMALARININ DAVAMLI ARTIMI ƏMƏKDAŞLIĞA TÖHFƏDİR
İqtisadi sahədə əlaqələrin genişləndirilməsində, qarşılıqlı faydalı birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Təbii ki, iki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər əlaqələrin demək olar ki, bütün sahələrində öz əksini tapıb. Dövlət başçımız Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçukla söhbəti zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq, qarşıda bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə tutulduğu bildirilib. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit daşımalarının davamlı artımı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Aleksey Overçukun səfərinin əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib. Görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
POSTSOVET MƏKANINDA TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ÜÇÜN YENİ İMKANLAR
Vurğulayaq ki, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə malik olduğunu əsaslandıran mühüm siyasi sənədlərdən biridir. "Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq" – deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir. Bu sənəd postsovet məkanında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Vurğulamaq yerinə düşər ki, 4 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr qurulmuşdur və həmin ildə hər iki dövlətin qarşılıqlı olaraq səfirlikləri açılmışdır. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyətə malikdir. Bəyannamə iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Bu sahələrdən biri də humanitar sahədir. Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır.
Onu da vurğulamaq yerinə düşər ki, hazırda Rusiyada təxminən 11 min azərbaycanlı tələbə təhsil alır. 2022-2026-cı illərdə Azərbaycanlıların xarici universitetlərdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Rusiya universitetlərini Azərbaycan vətəndaşlarının təhsili üçün üstün universitetlər siyahısına daxil edib. 2023-2024-cü tədris ili üçün Azərbaycan vətəndaşları üçün Rusiyanın ali məktəblərində təhsil almaq üçün kvota 270 nəfər müəyyən edilib.
REGİONAL VƏ BEYNƏLXALQ TƏHLÜKƏSİZLİYİN TƏMİNATI
Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. Hal-hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Ölkələrimiz arasında əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb. Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir, onların dörddə birinin ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri var.
Müasir dövrdə dövlətlər arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb və bütün bunlar uğurla reallaşır.
Nəzakət ƏLƏDDİNQIZI