İqor Korotçenko: "Azərbaycan Prezidenti İlham Əliyev hələ 2021-ci ildə bəyan etmişdi ki, Ermənistan konstitusiyanı dəyişdirməli olacaq, çünki orada ərazi iddiaları var"
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə konstitusiyasında dəyişikliklər etmək barədə qərar verməsi bir sıra politoloqların maraqlı proqnozları ilə müşahidə olunmaqdadır. Onlar iddia edirlər ki, sözügedən dəyişikliklər sülhün bərqərar olmasına şərait yarada bilər.
Rusiyalı politoloq: "Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün konstitusiyaya dəyişiklik etmək niyyətindədir"
"Paşinyan konstitusiyaya dəyişiklik barədə açıqlama verib və bunu cari qlobal, eləcə də regional çağırışlara reaksiya kimi izah edib. Bu, Azərbaycan üçün yaxşı xəbər ola bilər".
Bunu rusiyalı politoloq İqor Korotçenko sözügedən məsələyə münasibətini açıqlayarkən deyib. Onun xatırlatmasına görə, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2021-ci ildə bəyan etmişdi ki, Ermənistan konstitusiyanı dəyişdirməli olacaq, çünki orada ərazi iddiaları var: "Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün konstitusiyaya dəyişiklik etmək niyyətindədir. Köhnə konstitusiya ilə barışığa imza atsa, əsas qanuna istinad edərək ölkə daxilində ona qarşı şikayətlər səslənməyə başlayacaq. Həmçinin, Konstitusiyada təsbit olunmuş ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə ola bilər. Ola bilsin ki, Paşinyan ölkənin əsas qanununu dəyişdirməklə bir sıra problemləri “paket” şəklində həll etmək niyyətindədir".
Siyasi ekspert: "O, Ermənistana köçmüş Qarabağ separatçılarının iddialarından özünü sığortalayır"
Korotçenko əlavə edib ki, beləliklə, o, konstitusiyanın müasir reallıqlara uyğun olmayan müddəalarından imtina edərək, sülh müqaviləsi imzalaya və Qarabağ məsələsini həmişəlik Ermənistan üçün bağlaya biləcək. "O, Ermənistana köçmüş Qarabağ separatçılarının iddialarından özünü sığortalayır", - deyən rusiyalı politoloq hesab edir ki, bu, həm də şəxsi hakimiyyət rejimini gücləndirəcək: "Axı bildiyimiz kimi, dəfələrlə onu devirməyə cəhdlər edilib. Lakin onların hamısı uğursuz oldu. Görünür, onu hakimiyyətə gətirən Qərbin hələ də ona ehtiyacı var”.
Siyasi ekspertin fikrincə, Ermənistanın baş naziri də növbədənkənar parlament seçkisi keçirməyə cəhd edə bilər: “Onun buna hazır olması artıq hakim "Vətəndaş sazişi" partiyasında da öz əksini tapıb. Belə ki, onlar ölkəni prezident idarəçiliyi modelinə qaytarmağa hazırdırlar. Necə ki, bunu bir vaxtlar konstitusiyaya dəyişiklik edib idarəetmə formasını dəyişdirməklə hakimiyyət müddətini uzatmaq istəyən eks-prezident Serj Sarqsyan etmişdi”.
Afət Tahirqızı