“Azərbaycan 2000-ci illərin əvvəlllərindən AŞPA-nın üzvüdür. Bu illərdə enişli-yoxuşlu hadisələr baş verib”. Bu barədə SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqları işğal altında olanda AŞPA işğalı pisləyən sənədlər də qəbul etdi, amma o sənədlərin heç biri yerinə yetirilmədi: “Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra isə bir sıra Avropa qurumları düşüblər Azərbaycanın üstünə. Sanki ərazi bütövlüyümüzün təmin olunması onların maraqlarına cavab vermirdi. İndi də Azərbaycan nümayəndə heyətinin müzakirədə iştirakının dondurulması ilə bağlı müzakirələr gedir. Əgər bu baş verərsə, əlbəttə ki, qurumla Azərbaycan arasındakı münasibətlərə mənfi təsir edəcək. Fəaliyyətin müvəqqəti dayandırılması məsələsi də qaldırılacaq”.Politoloqun fikrincə, yaranmış vəziyyət müvəqqəti xarakter daşıyır: “Çünki Avropa Azərbaycanla əməkdaşlığın əhəmiyyətini anlamaq məcburiyyətindədir. Azərbaycanın bir sıra Avropa dövlətləri ilə əməkdaşlığı var, neft-qaz nəql edir. Ona görə də bu çətinliyi mən müvəqqəti hesab edirəm. Yəqin ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini tam heyətlə davam etdirəcək”.
Müəllif: Rəşid Qarayev