"Ağ Şəhər unikal bir layihədir. Bu layihə ölkə başçısının təşəbbüsü ilə vaxtilə neftayırma zavodlarının yerləşdiyi və ətraf mühitin çirkləndiyi bir ərazidə yaradılıb. Həmin zona əvvəlcə təmizlənib, sonra isə müasir şəhər kvartalı salınıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Ağ Şəhər bu gün Bakının ən gözəl, nümunəvi və insanların yaşamaq istədiyi bir sahəyə çevrilib: "Hər birimiz Ağ Şəhərdə yeni binaların, ictimai mərkəzlərin yaradıldığının şahidi oluruq. Prezident İlham Əliyevin dünən Ağ Şəhərdə yeni yaşayış kvartalları ilə tanışlığı bu sahənin inkişafının ölkə başçısının diqqətində olduğunu göstərir. Eyni zamanda Ağ Şəhəri Azərbaycanın inkişafının göstəricisi, simvolu hesab etmək olar. Bu o deməkdir ki, gələcəkdə zaman-zaman Bakının digər bölgələrində də Ağ Şəhər tipli yaşayış massivləri salınacaq.Ağ Şəhəri yalnız müstəqillik, Azərbaycanın özünün öz taleyini həll etdiyi zaman salmaq mümkün olub. Ağ Şəhər layihəsi dünyanın bir çox nüfuzlu arxitektura müsabiqələrində mühüm yerlər tutub. Hesab edirik ki, bu cür layihələr bundan sonra da Azərbaycan vətəndaşlarını sevindirəcək. Qarşıdakı dövrlərdə daha çox belə layihələrin şahidi olacağıq".
Müəllif: Səbinə Hüseynli