“Azərbaycanın Qarabağ zəfərindən sonra regionda yeni siyasi reallıqlar yaranıb. Dövlətimiz bu yeni reallıq kontekstində özünün mövqeyini daha da möhkəmləndirmək uğrunda mübarizə sərgiləyir. Prezident seçkisindən sonra bu istiqamətdəki addımlar daha da intensivləşəcək. 7 fevral seçkisinə olan beynəlxalq diqqət və maraq həm də bununla əlaqədardır. Hesab edirəm ki, Azərbaycan demokratik ənənələrə malik olan dövlətlərdən biri kimi bu seçkini də uğurla tamamlayacaq”. Bunu secki-2024.az saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov deyib.Deputat bildirib ki, fevralın 7-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan tarixində müstəsna yerə malikdir: “O baxımdan ki, ilk dəfə olaraq bütün ölkə boyunca seçicilərimiz öz hüquqlarından sərbəst şəkildə istifadə edəcəklər. Bu isə seçicilərin seçkidə aktiv iştirakı üçün xüsusi motivasiya yaradır. Beynəlxalq aləmin seçki prosesinə diqqəti təqdirəlayiqdir. Beynəlxalq təsisataların seçkiləri müşahidə etmək üçün ölkəmizə çoxsaylı müşahidə missiyaları göndərməsi deyilənləri təsdiqləyir”.Kamran Bayramov əlavə edib ki, ölkədə keçirilən seçkilərin azad və şəffaf şəraitdə baş tutması təkmil seçki qanunvericiliyinə və demokratik seçki mühitinə əsaslanır:“Ümumiyyətlə, seçki hər bir dövlətin, xalqın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə qlobal və regional inkişaf tendensiyasının önündə yer alıb və beynəlxalq qurumların da təsdiq etdiyi kimi, demokratik inkişaf prosesində digər region ölkələrindən müsbət mənada seçilib. Budəfəki seçkilərə qədər ölkəmizdə bir sıra mühüm addımlar atıldı. Məsələn, “Siyasi partiyalar haqqında”, “Media haqqında” yeni qanunlar qəbul edildi ki, onlar seçkilərin daha da şəffaf keçirilməsinə əlavə şərait yaratdı. Prezident seçkiləri ərəfəsində siyasi dialoq mühiti olduqca yüksək səviyyədədir. Bu addımlar seçki mühitinin daha da təkmilləşməsinə xidmət edən amillər kimi önə çıxır”.