PDF Oxu

Siyasət

  • 4 525

Sosial inkişaf strategiyası və yeni yanaşmalar TƏHLİL

image

Prezident İlham Əliyev: "Xalqa xidmət etmək Mənim ən böyük vəzifəmdir"

Heç şübhəsiz ki, sosial siyasət insanların həyatının bütün sahələrini - əmək və məişət şəraitinin yaxşılaşdırılmasını, sosial ədalət prinsipinin reallaşdırılmasını, əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər bu qəbildən olan halları əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib.
Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi istiqamətində nailiyyətlərə imza atılıb. Son illərdə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ötən il uğurla icra olunan sosial islahat paketi nəticəsində əhaliyə sosial ödənişlərdə ciddi artıma nail olunub. Minimum əməkhaqqı, minimum pensiya məbləğlərini, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları, bir çox müavinət və təqaüdlər, həmçinin digər sosial ödənişlərin məbləğləri əhəmiyyətli dərəcədə artırılıb. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub. Məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib. Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib.

ƏMƏKQABİLİYYƏTLİ İNSANLARIN FƏALİYYƏTLƏRİNİN REALLAŞDIRILMASI ÜÇÜN YARADILAN ŞƏRAİT


Ölkəmizdə sosial sığorta sistemi daha da təkmilləndirilir. Əməkqabiliyyətli insanların fəaliyyətlərinin reallaşdırılması üçün hər cür şərait yaradılır, dövlət təqaüdçülər, əlillər, əmək qabiliyyətindən məhrum olan digər insanlar, eləcə də büdcədən sosial müavinətlər alanlar qarşısındakı sosial öhdəliklərini də müvəffəqiyyətlə yerinə yetirir. Azərbaycan iqtisadiyyatının ümumi dinamik inkişafı sığorta bazarının da davamlı inkişafını şərtləndirir. Ölkəmizdə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası qanunları qüvvədədir. Təbii ki, Azərbaycanda bütün əmlakın və biznes fəaliyyətinin. hər bir insanın icbari tibbi, eləcə də həyatı sığorta təminatı da vacib məsələlərdəndir.
Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes plan tələbi aradan qaldırılıb. Sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması məqsədilə, bir sıra hallar istisna olmaqla, yoxlamalar 2015-ci ildən 1 yanvar 2024-cü il tarixinədək dayandırılıb.
Pandemiya dövründə sahibkarlara göstərilən dəstək dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir. Bu tədbirlər sahibkarların iqtisadi fəallığının bərpası və artmasına, iqtisadi inkişafın sürətlənməsinə imkan verib. Bu, regionda ÜDM-ə nisbətdə ən böyük dəstək paketi idi. Pandemiya dövründə maliyyə dəstəyi almış sahibkarların sayı 132 mindən çox, ümumi ödənilmiş maliyyə vəsaitinin həcmi isə 364 mln. manata yaxın olub. Sahibkarlara həcmi 115 milyon manatdan çox olan vergi güzəşti paketi təqdim edilib. Bununla yanaşı, pandemiyanın təsirlərindən zərər çəkən sahibkarlar üçün dəyəri 1,5 milyard manat olan kredit-zəmanət və mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərini xüsusilə qeyd etmək lazımdır. Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i mikro, kiçik və orta sahibkarlıq subyektləridir.

"MƏN ŞƏHİD AİLƏLƏRİNƏ MƏNZİLLƏRİN, AVTOMOBİLLƏRİN AÇARLARINI ŞƏXSƏN TƏQDİM ETMİŞƏM VƏ BUNU ÖZÜM ÜÇÜN BORC BİLİRƏM"

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Dövlət başçısı şəhid ailələri ilə görüşlərinin birində vurğulamışdı ki, Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm: "Bu, Mənim borcumdur, xalqa xidmət etmək Mənim ən böyük vəzifəmdir". Vurğulamaq yerinə düşər ki, Ulu Öndərin təşəbbüsü ilə "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanun qəbul olunmuşdu və bu qanun məhz Heydər Əliyevin 1993-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bu gün Ulu Öndərin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən bu günə kimi, görülən işlər bunu sübut edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı, Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur.

20 YANVAR HADİSƏLƏRİ İLƏ ƏLAQƏDAR ƏLİLLİYİ OLANLARA 143 MƏNZİL VERİLİB

Onu da xüsusi olaraq qeyd edək ki, 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin, hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Ümummilli Lider Heydər Əliyev tərəfindən "20 Yanvar şəhidi" fəxri adı təsis olunub, 20 Yanvar şəhidlərinin ailələrinin, hadisələrlə əlaqədar əlilliyi olanların sosial təminatla əhatə olunması üçün mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində digər həssas qruplar kimi, bu kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsi ildən-ilə daha da gücləndirilib. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 100-dək avtomobil təqdim edilib. 2023-cü ildən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, həmçinin əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. Statistik rəqəmlərə əsasən, ötən beş il ərzində Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 3 dəfədən çox artıb. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir. Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün digər bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.

ŞƏHİD AİLƏLƏRİ, MÜHARİBƏ İLƏ ƏLAQƏDAR ƏLİLLİYİ OLANLARA 6 MİN MƏNZİL VƏ FƏRDİ EV VERİLİB

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhidlərimizin ailə üzvlərini, qaziləri, müharibə əlillərini əhatə edən sosial dəstək paketləri reallaşıb. Prezident İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası davam etdirilir. Şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 500-dək avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, həmçinin 460 şəxs 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 104 min şəxsə xidmətlər göstərilib və s.
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 126 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 326 min xidmət göstərilib.
Bütün bunlarla yanaşı, onların sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, məşğulluq məsələlərinin operativ həlli sahələrində mühüm işlər aparılıb. Bu dəstək paketi minlərlə şəxsi əhatə edib.
Bu siyasət davamlı xarakter daşıyır. Azərbaycan dövləti bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır, sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər