Prezident İlham Əliyev: "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur"
Tarixin müxtəlif dönəmlərində azərbaycanlılar öz əzəli torpaqlarından uzaqlaşdırılmış, deportasiyaya məruz qalmışdılar. Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. Mərhələ-mərhələ gerçəkləşdirilən məlum plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da yalnız azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur. 1988–1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülüb, (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.) 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Əlbəttə ki, bu statistikada həmin illərdə ermənilər tərəfindən öldürülmüş və yaralanmış soydaşlarımızın tam siyahısı deyil.
MƏQSƏDLİ HƏYATA KEÇİRİLMİŞ ETNİK TƏMİZLƏMƏ VƏ SOYQIRIMI
Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığının bariz nümunəsidir. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".
1988-ci ilə kimi Qərbi Azərbaycandakı 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbristanlığı erməni tapdağı altında qaldı və həmin qəbristanlıqların əksəriyyəti yer üzündən silindi. Mənbələrə görə, bəzilərinin yerində park salınıb, bəzilərinin ərazisi şumlanaraq əkin sahəsinə çevrilib.
AZƏRBAYCANLI ADLARI DƏYİŞDİRİLƏRƏK ERMƏNİLƏŞDİRİLDİ
Tarixi mənbələrə nəzər salsaq görərik ki, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər, ikinci mərhələ 1948–1953-ci illər, üçüncü mərhələ 1988–1992-ci illər.
Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün xüsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin vaxtlarda ermənilərin bu iyrənc siyasətinin arxasında duran məqsədləri dərk etməyib. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaxt Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib.
Hazırda Qəmərli-Artaşat, Arpaçay-Axuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib.
Bundan sonra özlərinə şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, təzyiqlər göstərməyə başlayıb.
10 MİNƏ YAXIN AZƏRBAYCANLI QƏDİM TORPAĞINDAN DEPORTASİYA OLUNDU
1988-ci ilin yanvarında da azərbaycanlılara qarşı zorakılıq halları baş tutmuş, çoxlu sayda azərbaycanlı Ermənistandan qaçmışdır. Bakı və Sumqayıta gələn yeni məcburi köçkün dalğasının tərkibi olanların təqribən 2 mini Qafandan idi. lakin Azərbaycan mənbələrinə görə, bu say 4 minə yaxın idi. Qafanlılar Ermənistandan qovulan ilk azərbaycanlılar idi. Qafan rayon komitəsinin ikinci katibi Aramayis Babayan 1987-ci ilin noyabrında azərbaycanlıların Qafanı tərk etməsi faktını inkar etməmişdir.
1987-ci ilin noyabrından 1988-ci ilin fevralına qədər SSRİ tərkibindəki Ermənistan SSR-nin Qafan rayonu ərazisində yaşayan azərbaycanlı əhalinin zorakı və məcburi şəkildə qovuldu. Mənbələrə əsasən, Qafan rayonunda Ermənistanda digər ərazilərə nisbətdə daha çox azərbaycanlı yaşayırdı, 1979-cu ildə burada yaşayanların 10 minə yaxını azərbaycanlı idi. Azərbaycanla açıq qarşıdurmadan xeyli əvvəl Ermənistanda ərazi iddialarını əsaslandıran fikirlər yayılırdı. Bunun Azərbaycana da təsir etməsi nəticədə qarşılıqlı inamsızlıq və düşmənçilik formalaşdırmışdı. 1987-ci ilin sonlarından başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmalar yaşanmış, onlardan biri də Qafanda baş vermişdir. Rayon ərazisində azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edilmiş, yerlilər evlərindən qovulmuşdur. Qafanlılar Ermənistandan gələn ilk məcburi köçkünlərə çevrilmiş, vaqonlar və avtobuslarda Bakıya, Sumqayıta gəlmişlər. Buna baxmayaraq, yerli sovet rəhbərliyi hadisələri ört-basdır etmişdir. Həmçinin, şahidlərin ifadələrinə baxmayaraq, ermənilər azərbaycanlıların Qarabağda böhranın baş verməsindən əvvəl Ermənistandan qovulmalarını qəti şəkildə inkar edirlər. Azərbaycanlılar üçün bu hadisələr Mart soyqırımı və Zəngəzur qətliamlarının oxşarı idi.
ÖZ YURDLARINDAN ZORLA QOVULMUŞ SOYDAŞLARIMIZ GEC-TEZ MÜTLƏQ GERİ DÖNƏCƏKLƏR
"Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar", - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir.
Bu və ya digər hadisələr dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Dünya buna, bu ədalətsizliyə susurdu. Uzun müddət Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışan dövlətimiz hər dəfə beynəlxalq təşkilatların etinasızlığı ilə üzləşmişdir. Xarici havadarları tərəfindən himayə olunan terrorçu Ermənistan hökuməti hər dəfə müxtəlif bəhanələrlə danışıqlardan imtina edir və torpaqlarımızı uzun müddət işğalda saxlamağa çalışırdı. Azərbaycan xalqı və dövləti heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi. 44 günlük Vətən müharibəsində, istərsə də cari ilin sentyabrında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib və Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz suverenliyini bərpa edib. Amma bugünki Azərbaycan reallıqlarını qəbul etməyənlər var. Xalqımızın inamını özünə qaytaran, Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. Zəfərimiz bütün dünyaya xalqımızı yenilməz bir bir xalq kimi təqdim edib.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə yeni reallıqlar yaratdı. Yeni reallıqlar fonunda deportasiya olunmuş azərbaycanlılar Qərbi Azərbaycana qayıdacaqlar. Bu qayıdışın gerçəkləşməsi uzaqda deyil. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, öz yurdlarından zorla qovulmuş soydaşlarımız gec-tez mütləq geri dönəcəklər.
Nəzakət ƏLƏDDİNQIZI