PDF Oxu

Siyasət

  • 2 356

7 Fevral Prezident Seçkisi - Yeni dövrə, tarixi reallıqlara doğru TƏHLİL

7 Fevral Prezident Seçkisi - Yeni dövrə, tarixi reallıqlara doğru TƏHLİL

«Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz.»

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı bildirib və mühüm çağırışlar edərək vurğulayıb ki, bu, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. Digər tərəfdən, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır.

Prezident İlham Əliyevin hər bir müsahibəsi çağırışlarla zəngin olduğu kimi, yanvarın 10-da verdiyi müsahibəsində ölkəmizin bu günü, gələcəyi, əsasən də, Qarabağda baş verən proseslərlə bağlı çox vacib məqamlara toxunub, mövcud reallıqları diqqətə çatdırıb, qarşıda görüləcək işlərdən, planlardan bəhs edib, eyni zamanda, ciddi mesajlar verib “Yeni dövrün yeni hədəfləri olmalıdır” çağırışı qarşıdakı illərdə Azərbaycanın aydın mənzərəsini təqdim edir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Müsahibədə ölkəmizin həyatında mühüm rol oynayacaq bu addımı şərtləndirən amillərdən geniş bəhs edildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması, işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması gələcək hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Bu baxımdan cənab İlham Əliyev sözügedən müsahibədə bildirmişdir ki, prezident seçkiləri yenə dövrə xeyir-dua verəcək.

HƏR DÖVRÜN ÖZ TƏLƏBLƏRİ VAR: «BİZ GƏLƏCƏK HAQQINDA DÜŞÜNMƏLİYİK. BİZ ZAMANI QABAQLAMALIYIQ»

Azərbaycan Prezidenti İlham Əliyev daim çıxışlarında bildirir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq: “Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq».

Əbəs yerə deyilmir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla addımlayan xadq tarixin bütün sınaqlarından şərəflə çıxır. Necə ki Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərə imza atdı. 30 illik işğal dövründə nə qədər dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da, heç zaman ruhdan düşmədi, daim irəliyə doğru inamla addımladı. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə belə hərb variantının seçiləcəyi inkar edilmədi.

"DƏMİR YUMRUĞ"UN GÜCÜ İLƏ DÜNYAYA QƏLƏBƏ MESAJI - "QARABAĞ AZƏRBAYCANDIR! VƏ NİDA!"

Cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın "status-kvo"nu ürəyində qalsın. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də dəfələrlə bildirirdi ki, "status-kvo" artıq yoxdur: "Status-kvo" deyilən məsələ yoxdur. Qurtardı getdi. "Status-kvo" belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orada, döyüş meydanında. "Status-kvo" yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq".

Bəli, "Dəmir yumruq" birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın "Dəmir yumruğ"unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə birgə Bəyanat imzalandı. Bu bəyanatla işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu "Dəmir yumruğ"un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu. Dövlət başçımızın söylədiyi kimi: "Bizim qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir".

Və artıq bu gün - 33 ildən sonra sözü imzası qədər dəyərli və keçərli olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Belə ki, bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.

BUGÜNKÜ REALLIQLARI BİZ 2003-CÜ İLLƏ YOX, 1993-CÜ İLLƏ MÜQAYİSƏ ETMƏLİYİK, ÇÜNKİ MƏHZ O TARİXDƏN BAŞLAYARAQ AZƏRBAYCAN İNKİŞAF YOLUNA QƏDƏM QOYDU, SABİTLİK TƏMİN EDİLDİ, VƏTƏNDAŞ MÜHARİBƏSİNƏ SON QOYULDU VƏ ÖLKƏMİZ BEYNƏLXALQ TƏCRİDDƏN ÇIXDI

Prezident İlham Əliyev son 20 illik tarixi dövrü şərh edərək qeyd etdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Cənab prezidentin qeyd etdiyi kimi, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərdi ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Bu baxımdan, 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə dəstək verilməsinin nəticəsi oldu ki, dövlət başçımızın qeyd etdiyi kimi bu hadisələrin fonunda həqiqətən də bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.

Prezident İlham Əliyev müsahibə zamanı bu məqama xüsusi olaraq toxunaraq bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Və bu gün görülən işlər göz qabağındadır. stənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Azərbaycan torpaqlarının 30 illik işğalına, ərazilərimizin dağıdılaraq yerlə bir edilməsinə göz yumanlar İkinci Qarabağ müharibəsindən, xüsusilə lokal antiterror tədbirlərindən sonra müxtəlif vasitələrə əl ataraq Bakıya təzyiq göstərməyə çalışdılar. Müxtəlif beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə sənədlərin qəbuluna cəhd edən həmin qüvvələr hətta sanksiyalardan belə danışdılar. Səbəb də o idi ki, onların 30 il ərzində yerinə yetirmədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini Bakı özü icra etdi.

AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN GƏLƏCƏYİ GEOSİYASİ ÇƏKİŞMƏLƏRİN PREDMETİ OLMAMALIDIR

Prezident İlham Əliyev müsahibəsində ölkəmizə qarşı düşmənçilik siyasəti həyata keçirən, təxribatlar törədən və qərəzli mövqe tutan dövlətlərə, əsasən də Ermənistan və ona havadarlıq edən Fransaya vacib mesajlar ünvanladı. Həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin indiki və gələcəyi barədə sualları cavablandırmaqla iki ölkə arasında əlaqələrin inkişafının hansı amillərdən asılı olduğuna da aydınlıq gətirərək Azərbaycanın ancaq milli maraqlarına uyğun hərəkət edəcəyini vurğuladı. Dövlətimizin başçısı birmənalı şəkildə qeyd etdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir, ancaq milli maraqlarına qarşı hər hansı bir təhlükə hiss edərsə, adekvat tədbirlər görməkdən çəkinməyəcək. Eyni zamanda, belə bir təhlükənin haradan gəldiyini gizlətməyən dövlətimizin başçısı aydın şəkildə xəbərdarlığını da etdi: «Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum».

MÜASİR TARİXİMİZİN YENİ DÖVRÜ MƏHZ SENTYABRIN 20-DƏN SONRA BAŞLAYIR

Dövlətimizin başçısı müsahibəsində tariximizin yeni dövrünün məhz sentyabrın 20-dən sonra başladığını vurğuladı: «Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi».Ölkə rəhbəri eyni zamanda müqəddəs üçrəngli bayrağımızın Xocalı və Xankəndində ucaltdığı zaman keçirdiyi hisslərini bölüşərək bildirdi ki, «Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi».

Prezidentin müsahibəsində önəmli məqamlardan biri də fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri barədə fikirləri və seçkiləri şərtləndirən əsas amillərlə bağlı səsləndirdiyi açıqlamalar oldu. Prezident İlham Əliyev bunu ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirdi: “Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.” İkinci səbəbin ilk dəfə olaraq müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyini vurğulayan dövlət başçısı əlavə etdi ki, prezident kimi fəaliyyətinin 20 ili tamamlandı. “Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur.”

Beləliklə, prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan həqiqətlərini, ölkəmizin yaratdığı reallıqları növbəti dəfə dünyaya nümayiş etdirdi. Və sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyevin son 20 ildəki uğurları bir daha dəsdiqləyir ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla bundan sonra da zamanın axarında öz layiqli yerini tutan Azərbaycan bundan sonra da Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər