Ölkəmizdə həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə olduğu kimi gənclərdən də yan ötməyib. Ümumiyyətlə, dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti ölkə əhalisinin 60 faizdən çoxunu təşkil edən gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb. Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və mütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər". Müstəqil dövlətimizin gəncləri ölkəmizin bütün sahələrində dəsti-xətti olan gənclikdir. Onların öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafına səbəb olub. Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi məqsədi ilə istənilən şərait yaradılıb. Bu gün son iyirmi il ərizində görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman, ordu və digər sahələrdə uğurla çalışaraq, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır.
Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq", - deyə Azərbaycan Prezidenti bildirmişdir.
GƏNCLƏRƏ İNAM VƏ QAYĞI
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti, sovet məkanında yaşadığımız illərə təsadüf edir. Belə ki, Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü gənclər siyasətini həyata keçirib. Bu siyasətin davamı olaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırdı. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirildi. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan edib. "Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər", – deyə Ulu Öndər Heydər Əliyev bildirmişdir. Hər zaman "Gənclər bizim gələcəyimizdir" ifadəsini xüsusi vurğu ilə səsləndirən Ulu Öndər Heydər Əliyev gənc nəsli ictimai-siyasi həyatda fəal iştirak etməyə həvəsləndirərək dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm vermişdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.
"HƏR BİR İNSANIN GÜCÜ, ƏLBƏTTƏ Kİ, ONUN BİLİYİNDƏN ASILIDIR"
Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almalarına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açmış oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına və gələcəyinə böyük inam bəsləyir: "...Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə "Gənclər ili" elan olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi istiqamətində əhəmiyyətli oldu. Həyata keçirilən tədbirlər, islahatlar, dövlət proqramları əsasında deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Daha sonra Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncamı gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu mühüm Sənəd Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar açmış oldu. Cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılıb, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıb.
2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Bütün bunlarla yanaşı, ölkəmizdə könüllülük hərəkatı inkişaf edib. Son illər ölkəmizdə həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən, idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasını özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək və həmrəylik kimi dəyərlər aşılamış olur. 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülər İli" elan edildi. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyırdı. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Öz iradəsi və sərbəst seçimi əsasında, əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti həyata keçirən könüllülük fəaliyyətinin əsasında, cəmiyyət naminə təmənnasız işlərin görülməsi dayanır. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ-hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. "Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram" – deyə Prezident bildirib: "Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı "ASAN xidmət"dən başladı və "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir".
"AZƏRBAYCANDA VƏTƏNPƏRVƏR, GÜCLÜ, MİLLİ RUHDA TƏRBİYƏ ALMIŞ GƏNC NƏSİL YETİŞİB"
Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır". Bu gün Azərbaycan gənci qürurludur. Üzərinə düşən ən böyük məsuliyyəti dərk edərək işğal altında olan torpaqlarımızı qanı, canı bahasına azad etdi. Hər yerdən olduğu kimi gənclərimizin səsi müharibə bölgələrindən də eşidildi. Minlərlə gəncimiz vətən torpaqlarının azadlığı uğrurunda şəhid oldu. Son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Budur, Azərbaycan gənci. Sağlam düşüncəli, qəhrəman, igid, cəsur Azərbaycan gəncliyi ilə qürur duyuruq. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqlarını göstərə bildilər. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər gənclərdir. Vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayandı. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərimiş oldu. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Bəli, Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağını hər şeydən uca tutan gənclərimiz qürur mənbəyimiz, and yerimiz olan Bayrağımız qarşısında baş əyərək müqəddəs varlıq kimi ona and içdilər. Bu Azərbaycan Ordusunun, gəncinin sahib olduğu gücə, bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlandı. Torpaq yolunda şəhid olan Azərbaycanın igid oğullarının qəlbimizdə abidələri ucalıb. Vətən savaşında şücaət göstərərk düşmənə dönməzliyini sübut edərək vətən qarşısında öz borclarını vermiş oldular. "Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik", - deyə Prezident bildirib.
Zümrüd BAYRAMOVA